Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ən yeni tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə ulu öndər Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.

 Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki,  hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş zamanın dahisi Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycanı qoydu. Bir sözlə, Ümummilli lider, sözün əsl mənasında, ən böyük azərbaycanlı idi. Ölkənin, xalqın, Azərbaycan tarixinin, onun dövlətçiliyinin böyük təəssübkeşi olaraq XX yüzilliyin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu, beləcə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən yan keçdi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının suverenlik arzusunu tarixi reallığa çevirmiş, böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlamışdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki böyük siyasi xadim Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur.

Ulu öndər Heydər Əliyev Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün isə, ilk növbədə, ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin atdığı ilk addımlar möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşdırılmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

SSRİ-nin dağılmasından sonra Azərbaycan ağır bəlalarla üzləşmiş, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Ona görə də ulu öndər Heydər Əliyev həmin çətin məqamda xalqının yanında olmağı məqsədəuyğun saydı və Moskvadan Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Azərbaycanda da  xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyev 1990-cı il iyulun 20-də  Bakıya gəldi. İki gün sonra – iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəlməyə məcbur oldu. Bu Qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.

...22 iyul 1990-cı il bəlkə də salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. Həmin gün Moskvadan Bakıya qayıdan böyük dövlət xadimi Heydər Əliyevin xalq arasındakı şəxsi nüfuzundan qorxan Kremlin ölkəmizdəki nökərləri təşvişə düşdülər. Müxtəlif yollarla onu paytaxtdan uzaqlaşdırmaq istəyənlər hətta fiziki təsirlərə əl atılacağını belə gizlətmirdilər. Sovetlər dövründə birinci katib kimi qurub-yaratdığı respublikadakı şəxsi mənzilində belə yaşamağa imkan verilmədiyi üçün məcbur qalıb ata ocağına-Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar.

Həmin illərdə Naxçıvan olduqca gərgin bir vəziyyətdə idi. Bu dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən hücumlara məruz qalan, dincliyi əlindən alınan Naxçıvan, doğrudan da, “taleyin ümidinə buraxılmış tənha bir ada”nı xatırladırdı.

1990-cı il noyabr ayının 17-də XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası böyük xilaskarın sədrliyi ilə keçirildi və çox mühüm tarixi qərarlar qəbul olundu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. Həmin sessiyada, həmçinin Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli Dövlət Bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında da qərarlar qəbul edildi. 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında baş verən Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi.

1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında böyük dövlət xadimi Heydər Əliyev yekdilliklə Ali Məclisin Sədri seçildi. Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu dahi şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Bu mənada 1990-1993-cü illər Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, muxtar respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990-1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycanın xilas yolunun başlanğıcı idi.

Müasir Naxçıvanımız bu gün tərəqqi və inkişafın ən yüksək zirvəsindədir. Bu zirvədən baxdıqda insan iradəsinin, zəhmətinin nəyə qadir olduğu aydın görünür. Artıq naxçıvanlıları nə ərzaq və enerji qıtlığı, nə blokada çətinlikləri, nə də düşmən təhlükəsi qorxudur. Bu gün muxtar respublikada əhalinin həyat səviyyəsi getdikcə yüksəlir, insanların torpağa bağlılığı, yurd sevgisi artır, yaşayış məntəqələri müasirləşir, əsas ərzaq məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir, torpaqlarımız güclü və nizami ordu hissələri tərəfindən qorunur.

Ölkə rəhbəri Cənab İlham Əliyev muxtar respublikamıza sonuncu səfəri zamanı burada gedən bu böyük inkişafı yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Bəli, bu gün Muxtar Respublikanın inkişafının mükəmməl modeli yaradılmışdır. Bu model isə dövlət müstəqilliyimizin və davamlı inkişafın qarantı olan ümummilli lider siyasi xəttinə sonsuz sədaqət və xalqa xidmət prinsipləri üzərində qurulmuşdur.

Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyev beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün müasir inkişafın Azərbaycan modeli ilə maraqlanır. 44 günlük müharibə nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində şanlı tarix yazdı. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq etdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu.

Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!

Arzu Abdullayev

Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri