Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində anadan olmuş şəhid, baş leytenant Elnur Zeynalovun bir qrup döyüş yoldaşı şəhidin ailəsini ziyarət edib, məzarına gedərək tər qərənfillər düzüb, komandirlərinin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qələbəyə 10 gün qalmış – 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucalan Elnur Zeynalov doğulub boya-başa çatdığı Naxçıvan şəhərində torpağa tapşırılıb. Hərbçi olmaq arzusu ilə böyüyən Elnur 2008-2011-ci illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib, 2016-cı ildən düşmənlə sərhəddə yerləşən hərbi hissələrin birində kəşfiyyat taqım komandiri vəzifəsinə təyin olunub. Mərd, cəsur, qorxmaz, bacarıqlı və vətənpərvər bir komandir kimi yetişən Elnur Zeynalov “Ən yaxşı kəşfiyyat komandiri”, “Ən yaxşı xüsusi təyinatlı kəşfiyyat qrupu komandiri” kimi adlara layiq görülüb.

Elnur Zeynalov minlərlə qəhrəman hərbçilərimiz kimi Vətənin haqq səsinin ardınca 2020-ci il sentyabrın 27-də silaha sarılaraq döyüşlərə atılıb, hərbi əməliyyatlarda iştirak edib, düşmənə layiqli cavab verib, işğal altında olan yurd yerlərimizin azad olunmasında əsl qəhrəmanlıq nümunəsi göstərib. O, 2020-ci il oktyabrın 30-da şəhidlik zirvəsinə ucalıb. “Elnur son saatlarında bizimlə telefon əlaqəsi yaradaraq, “darıxma ana, tezliklə düşməni torpaqlarımızdan qovub çıxaracaq, qələbə xəbəri ilə səni sevindirəcəyəm”, – deyib. Yaralı olduğunu ailəsinə bildirməyib. Nəhayət, ordumuzun parlaq qələbəsi ilə ədalət bərqərar oldu və oğlum kimi şəhid olan bütün övladlarımızın ruhları şaddır”, – deyən şəhid anası Məlahət Abuzərova oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiyini, qürur duyduğunu söylədi.
Şəhidin döyüş yoldaşı, baş leytenant Ramiq Babayev: – Komandirimiz Elnur Zeynalov döyüşlər zamanı bir neçə dəfə bizi düşmən mühasirəsindən çıxarıb, taqımın əsgərlərini ölümdən xilas edib. Buna görə onun ruhu qarşısında mənən borcluyuq. Şəhid baş leytenant Elnur Elsevər oğlu Zeynalov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ədalət CƏFƏROĞLU