"Ölüm bizə nə uzaq,

bizə nə yaxın ölüm.

Ölümsüzlüyü daddıq ,

bizə nə etsin ölüm".

    Ağlı  ,zəkası,  nitqi, təfəkkürü ilə dünyanın  əşrəfi sayılan insan  əməlləri, göstərdiyi qəhrəmanlığı ilə  ilahi bir mərtəbəyə,müqəddəs  olan zirvəyə ucalaraq ölümsüz olmağı da bacarır. Ölümsüzlük zirvəsini fəth edən qəhrəmanlar isə xəyallarında, gəncliyindən, arzularından, sevdiklərindən imtina edərək Vətən üçün canını ortaya qoyan  şəhidlərdir.

 Əsgərli Tural  Ələmdar oğlu da  vətənin azadlığı , millətin səadəti , 30 illik torpaq, yurd  həsrətimizin vüsala qovuşması üçün göstərdiyi igidliyi ilə  şəhadətə  yüksələrək ölümsüzlük qazanan Naxçıvan igidlərindən biridir. İki bacının tək qardaşı olan Tural 1993 -cü ilin aprel ayının 20 -də  Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Tural 1999-cu ildə Qıvraq qəsəbəsində tam orta məktəbdə 1 -ci sinfə gedir. Məktəbdə oxuduğu müddətdə çalışqanlığı, məsuliyyəti,tərbiyyəsi  ilə müəllimlərinin dərin sevgisini qazanmağı  bacarır. Ailədə həmişə  sözə baxan övlad olan  Tural həm də  yüksək fikirəri,  nümunəvi davranışı, gözəl əməlləri ilə öz yaşıdlarından həmişə fərqlənirdi. Hələ uşaq ikən  ürəyində  düşmənə bəslədiyi nifrətdən doğan qisas almaq  arzusu Turalı ilk dəfə ailəsinin rızası olmayan bir xəyalını gerçək etməyə yönəldir. O 2007 -ci ildə doğmalarından  heç kimə xəbər vermədən Naxçıvanda H.Əliyev adına hərbi liseyə sənədlərini təqdim edir və girdiyi imtahandan müvəffəqiyyət qazanaraq hərbi liseyə qəbul olur.  Anası çox çalışsa da oğlunu hərbiçi olmaq  fikrindən döndərə bilmir . 2010 -cu ildə həmin liseyi uğurla bitirən Tural  elə həmin il Bakıda H. Əliyev adına Ali Hərbi  məktəbə daxil olur. Burada təhsil aldığı müddətdə mərdliyi, vətənpərvərliyi ilə həm müəllimlərinin həmdə yoldaşlarının hörmətini qazanır. 2014 -cü ildə  Ali  Hərbi  məktəbi bitirən Tural  ixtisasını təkmilləşdirmək üçün Təlim Tədris mərkəzində  zabit kursunu da uğurla  başa vuraraq 2015 -ci ildən leytenant kimi ordu sıralarında xidmət etməyə başlayır. Tural  ilk xidmətinə Qazax rayonunda yerləşən  N saylı hərbi hissənin ön cəbhəsində tağım komandiri olaraq başlayır. Hər dəfə səngərdən düşmən postunu müşahidə etdikcə düşmənə olan nifrəti daha da çoxalırdı.  Tural  2016 cı ilin aprel döyüşləri başlayanda illərdir ürəyindəki qisas almaq arzusunu gerçək edəcəyi üçün çox sevinmişdi.

Çünki o istəydiki  birinci Qarabağ müharibəsində öldürülən bacı və qardaşlarının qisasını alaraq itirilmiş torpaqlarımızı  tezliklə geri qaytarsınlar . Aprel döyüşlərində düşmənə qan udduraraq  igidlik göstərən Tural baş leytenant rütbəsinə laiq görüldü .Tural sanki dünyaya hərbiçi olaraq gəlmişdi. O öz sənəti ilə o qədər bütünləşmişdi ki, yorulmaq bilmədən daim vətən üçün çalışırdı. Tural söhbətcil bir insan deyildi  lakin nə zaman işindən söz düşsə  böyük həvəslə saatlarla işi haqqında danışardı. İşinə qarşı çox məsuliyyətli olan Tural  xidmət etdiyi dövrlərdə döyüş hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə 4 dəfə fəxri fərmana laiq görülmüşdü. 2018 -ci ildə Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə bölük komandiri olan Tural burada da xidmətini ön cəbhədə, səngərdə aparmışdı. Tural yaxşı hərbiçi olmaqla yanaşı həm də yaxşı ailə başçısı  ,qayğıkeş  ata idi . O, çox sevdiyi Vüsalə xanımla ailəli idi. Onların  Sevgi və Sunay adlarında iki qız övladı var . Vətəninə ön cəbhədə xidmət edən Tural bəzən həftələrlə ,aylarla övladlarını görə bilmirdi. Lakin imkan tapıb evə gəldiyində övladlarının nazını çəkər, onları özü geyindirər, hətta yeməklərini  öz əlləri ilə yedizdirərdi. Tural əsgərlərini də öz övladı kimi çox sevər, evdən qayıtdığı günlər mütləq əsgərləri üçün xanımına bişirtdirdiyi ev yeməklərindən aparardı.

 Tural 27 sentyabrda başlayan Vətən müharibəsində  Murov dağ və Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş, müharibənin ilk günlərində yanına 3 əsgər alaraq düşmənin 2 postunu ələ keçirməyi bacarmışdı. Döyüşdə düşmənin Vətənə uzanan  əlini  kəsib irəlilədikcə qəlbində qubar bağlayan  Vətən həsrəti  sona çatırdı. Tural oktyabrın 1 -də sanki şəhid olacağını duyurmuş kimi ailəsində olan hər kəsə  zəng edərək vidalaşmışdı. Anası  Nüşabə xala ilə danışanda  ana döyüş gedir bilmək olmaz  nə olacaq. Əgər şəhid olsam ağlama, bilki oğlun  canından çox sevdiyi vətəni, bayrağı, milləti üçün canını fəda edib demişdi. Elə həmin gündə  27 yaşlı Tural şəhadət kimi ali məqama qovuşmuşdu. Tural oktyabr ayının 3 -də 2 -ci Fəxri xiyabanda  dəfn olundu. Müzəffər ordunun müzəffər komandanı cənab Prezident  İlham Əliyev tərəfindən baş leytenant Əsgərli Tural Ələmdar oğlu  ( ölümündən sonra ) " Vətən uğrunda ", " Kəlbəcərin azad olunmasına görə " medalları ilə təltif edildi.

  Şəhid qardaşım sən çox az insana nəsib ola biləcək şərəfli bir ömür yaşadın. Tapdalanan qürurumuzu bizə qaytararkən sən ən böyük qürurumuz oldun. Bu gün məğrur -məğrur dalğalanan bayrağımızda sənin  kimi igidlərin duruşu, Qarabağdakı  minarələrimizdə ucalan əzan səsində isə nəfəsinizi  duyulur. Cünki bu vətən sizə əbədiyyən oğul dedi !

                                                               İLAHƏ ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə II kurs tələbəsi