Bir aydır ki, hər bir yurdsevər naxçıvanlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza on beşinci səfərinin sevincini yaşayır. Ölkə başçısının qədim diyara növbəti səfərində bir neçə obyektin açılışında iştirakı və Naxçıvanda yüksək təəssüratlar yaşaması: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinmişəm... Bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”, – burada görülən işlərə ən yüksək dəyər kimi hamımızı qürurlandırdı.

İstər-istəməz ötən günlərə qayıdıram. Naxçıvan şəhərində dünyaya göz açmışam, burada təhsil almışam, hazırda ölkəmizin ali məktəbləri sırasında ön yerdə duran Naxçıvan Dövlət Universitetində çalışıram. Bu inkişafı görən bir naxçıvanlı kimi mən də qürur hissi keçirirəm. Ona görə ki, illər öncə ucqar əyalət şəhərindən seçilməyən Naxçıvan bu gün dünyanın belə, coğrafi şəraitdə yerləşən şəhərləri ilə müqayisə edilə bilməz.

Azərbaycan dövlətçiliyinin intişar tapdığı bu qədim diyar son illərdə keçdiyi sürətli inkişaf yolu ilə, doğrudan da, dövlətçiliyin beşiyi olduğunu sübut edib. Ölkəmizin müstəqilliyi üçün taleyüklü məsələlərin bu diyarda öz həllini tapması bu gün çoxlarına asan görünə bilər. Ancaq Azərbaycanın uçuruma sürüklənmək ərəfəsində olduğu bir vaxtda həmin məsələlərin həll olunması cəsarət tələb edirdi. Üstəgəl blokada şəraitinin yaratdığı çətinliklər. Bu çətinliklərin nə vaxtsa, aradan qaldırılacağına heç kim ümid bəsləmirdi. Lakin zaman sübut etdi ki, Vətən sevgisi, yurd məhəbbəti, insanın layiq olduğu səviyyədə yaşaması ən yüksək vəzifəyə çevriləndə istədiyinə nail ola bilərsən. Bugünkü Naxçıvan buna sübutdur.
İllərdir ki, qədim diyarımız Naxçıvanda hər bir naxçıvanlı müstəqillik kimi böyük bir nemətin daha da əbədi olması prinsipi ilə yaşayır, üzərinə düşən və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə səy göstərir. Bilir ki, gördüyü hər bir iş bu qədim diyarın daha da çiçəklənməsi üçündür. Bu prinsip naxçıvanlıların həyat idealına çevrilib. Fərqi yoxdur, istər yüksək postda duranlar, istərsə də sıravi insanlar üçün dövlətçilik, dövlətçiliyə sədaqət ən ali vəzifədir. Hamı bu vəzifəni yerinə yetirməyi özünün vətəndaşlıq borcu sayır. Bu borc uşaq bağçasından tutmuş ali məktəblərədək təlqin olunur. Vətəndaşlıq borcunun layiqincə yerinə yetirilməsi isə dövlətçiliyin, müstəqilliyin sabahına ən böyük zəmanətdir.
Bu günün reallığıdır ki, bir ucu sərhəd bölgəsi Sədərək, bir ucu bağlar diyarı Ordubad, dağlar qoynunda füsunkarlıq rəmzi olan Şahbuz, digər bölgələrimiz müasirlik donuna bürünüb. Rayon mərkəzləri ilə yanaşı, ucqar dağ kəndləri, sərhəd və ən kiçik yaşayış məntəqələri qəsəbə timsallıdırlar. Müasirləşən kəndlər bugünkü Naxçıvanın nail olduğu sosial-iqtisadi inkişafın göstəriciləridir və bu göstəricilərin həcmi, coğrafiyası getdikcə genişlənir. Bütün bunlar həm də insanlara qayğının ifadəsidir.
Bir neçə il əvvəl Naxçıvanın qonağı olanlar bu gün təəccüblərini gizlədə bilmirlər. Hər addımda bir yenilik görmək, hər gün bir təzəliklə rastlaşmaq naxçıvanlılar üçün adi hala çevrilib. Naxçıvan yenidən qurulduqca daha da gözəlləşir. Xaricdən buraya gələn və yurdumuzun inkişafı barədə bir qədər məlumatı olan bir turistin sözlərini xatırlayıram: Bu yeniliklər gündəlik olaraq sizin gözləriniz qarşısında baş verdiyi üçün sizə adi görünür. Qədim diyarın inkişafına belə yüksək qiymət verilməsi hər birimizi sevindirməklə məsuliyyət hissimizi də artırır.
Gündəlik olaraq yeniliklərə imza atmaq, qurmaq, yaratmaq naxçıvanlıların həyat idealına çevrilib. Ona görə də gələcəyimizin daha parlaq və işıqlı olacağına əsas var. Bu, yurd sevgisindən qaynaqlanaraq keçilən və seçilən yoldur, düzgün yoldur, əbədi yoldur. Bunun təməlində dayanan amillər yurda, bu yurdun böyük oğlu, Azərbaycanımızı dünyada tanınmış ümummilli lider Heydər Əliyevə sonsuz sədaqət və ehtiramdır.

Nailə QARDAŞBƏYOVA,
Naxçıvan Dövlət Universitetinin dosenti