Qədim Şərur diyarı... Tarixin o üzündən bəri boylanan, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz. Yolboyu tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən bu doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən zəhmətkeşlik, ədəbiyyatından cəfakeşlik alan insanları və bu diyarın keçdiyi keşməkeşli günləri, xalqımızın ən çətin vaxtlarında indi dayandığım yerdə – Azadlıq meydanında 90-cı illərin qış aylarında soyuğun iliyə işlədiyi bir vaxtlarda gecədən səhərə, səhərdən axşama kimi yanan tonqalları, onların başında dayanıb Vətənin müdafiəsi növbəsinin nə vaxt onlara çatacağını gözləyən el oğullarını, işıqsız, qazsız, çörəksiz qalsa da, mətanətini itirməyən qadınlarımızı, tüstüləyən neft maşınkasında çətinliklə tapdığı bir ovuc undan bişirdiyi çörəyi səngərdəki əsgərə göndərən, özü isə ac yatan nənələrimiz barədə düşünürəm... Və bu gün hər dəfə yolum Şərura düşəndə gözəlləşən, böyüyən, gülüstana çevrilən yurdun sakini olduğumu düşünür, qürur duyuram.

Yurdunun saatbasaat, günbəgün bütün yönlərdə yeniləşdiyini, bütövlükdə, boy atdığını görmək dünyanın ən böyük xoşbəxtliyidir. İftixar hissi ilə deyirik ki, bu gün Naxçıvan Muxtar Respublikası yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın iqtisadiyyatı ilbəil möhkəmlənir, əhalinin yaşayış səviyyəsi yüksəlir, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alır. Bütün bunları muxtar respublikamızın hər qarışında görmək mümkündür. Əslən bu rayondan olan biri üçün Şərurun illər öncəki vəziyyəti ilə müasir dövrünü müqayisə etmək heç də çətin deyil.
Muxtar respublikamızın bütün bölgələrində vüsət alan geniş quruculuq prosesləri bu rayonun da ucqar dağ kəndlərinin, sərhəd yaşayış məntəqələrinin simasını dəyişib. Ən kiçik dağ kəndlərində belə, sosial problemlər öz həllini tapıb. Hər cür şəraitə malik müasirtipli təhsil ocaqları, tibb məntəqələri, mədəniyyət obyektləri ucaldılıb. Bir vaxtlar yolu, izi olmayan dağ kəndlərinə geniş abad yollar salınıb, dünənə kimi qonşu kəndlərlə əlaqəsi olmayan, sərhəd yaşayış məntəqələri indi dünyanın istənilən yeri ilə rabitə əlaqəsi yarada bilir.
Ulu öndərimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...” Dahi rəhbərin arzularının həqiqətə çevrildiyi məkanda, Şərurda Onun 1992-ci ilə minlərlə insanın əhatəsində çıxış etdiyi meydanda – Azadlıq meydanında dayanmışam. Bir vaxtlar burada yanan tonqalların külü var idi. İndi al-əlvan güllər açıb. Köhnə asfaltdan keçən avtomobillərin təkərlərinin altından çıxan palçıqlı su üst-başımızı bulamasın deyə, çəkinə-çəkinə getdiyimiz yollar, heç bir şəraiti olmayan məktəbimizdə soyuqdan donmamaq üçün sinfə növbə ilə neft apardığımız günlər xatirəyə dönüb. İndi yanımdan ötən məktəblilərə həsədlə baxıram və sevinirəm ki, onlar yurdumuzun intibah, dirçəliş günlərinin şahidləridir. Onlar hər şəraiti olan məktəbdə təhsil alır, gülüstana çevrilən yurdda yaşayırlar.

Həmsöhbət olduğum rayonun Çomaxtur kənd sakini Rəhim Mədətov atalarımızın “Abad el yolundan bilinər” misalını yada salır, deyir ki, qədim yurdumuz Naxçıvanımızın gündən-günə gözəlləşib, çiçəklənməsi hamı kimi məni də çox sevindirir. Son iki onillikdə doğma diyarımızda çox böyük, diqqətəlayiq işlər görülür. 10-15 il əvvəl buradan ayrılan hər kəs, yəqin ki, indi Naxçıvanı görsə, tanımaz. Paytaxt şəhərimizlə yanaşı, kəndlərimiz də simasını dəyişib, inşa olunan və ya əsaslı şəkildə bərpa edilərək müasirtipli təhsil, mədəniyyət, səhiyyə ocaqları, digər sosial-mədəni obyektlər bu qədim torpağın simasını daha da gözəlləşdirib.
Mən uzun illərdir ki, avtomobil idarə edirəm. İllər əvvəl bütün kənd­lərimizin yollarının tozlu-torpaqlı olması həm sürücülər, həm də sərnişinlər arasında ciddi narazılıqlar yaradırdı. Muxtar respublikada geniş vüsəti ilə diqqəti çəkən tikinti-quruculuq tədbirlərinin tərkib hissəsini təşkil edən yol infrastrukturunun yeniləşməsinə göstərilən qayğı hesabına bu problem artıq öz həllini tapıb. Yollarımızda geniş təmir işləri aparılıb, su keçidləri, körpülər tikilib. İndi digər bölgələrimiz kimi, Şərur rayonunun Arazqırağı, ucqar dağ kəndlərinə də gediş-gəliş xeyli asanlaşıb.
Yolların kənarında salınan yaşıllıqlar isə, sözün əsl mənasında, göz oxşayır. Bütün bunlar yurdumuza gözəllik verir, həm də insanlara rahatlıq gətirir. Bir vaxtlar qar-yağış yağanda dağ kəndlərimizin şəhərlə əlaqəsi, demək olar ki, tamamilə kəsilirdi. Bu gün isə bu problemlərin, qayğıların heç birini yaşamırıq. Hansı fəsil olursa-olsun, getmək istədiyimiz ünvana vaxtında çatırıq. Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidinin istifadəyə verilməsi də yeni qayğıdan xəbər verir. Onu da deyim ki, çox illər öncə dəmir yolunun üstündə böyük beton körpü var idi. Həmin körpü dəmir yolu mənfur düşmən tərəfindən bağlanandan sonra dağıdıldı. İllər sonra Böyük Qələbəni övladlarımız öz canından keçərək bizlərə yaşatdı. Bu gün bu yeraltı keçidi görəndə gələcəyə ümidlərim daha da artdı. Zəngəzur dəhlizinin açılması ilə, inşallah, buradan qatarlar sağa-sola gedəcək. Bu yeraltı piyada keçidinin istifadəyə verilməsi gələcəyə hesablanıb. Mən bir şəhid atası kimi illərdir, elinə, yurduna, sözünə sədaqət göstərən, torpağımızın hər qarışının gülüstana çevrilməsində zəhməti olan Ali Məclis Sədrinə minnətdarlığımı bildirirəm. Naxçıvan cənnətə dönüb. Ona görə də, qurub-yaradan əllərə alqış deyirəm.

Şərur şəhərində yeni istifadəyə verilən yaşayış binası da müasir görkəmi ilə göz oxşayır. Burada Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik edərək demişdir: “Gigiyena və epidemiologiya bu gün ən vacib sahələrdən biridir. Dünyada yayılan virusun epidemiyadan pandemiyaya çevrilməsi bu sahənin vacibliyini bir daha göstərdi. Muxtar respublikada hələ bir neçə il əvvəl bu istiqamətdə əsaslı işlər görülmüşdü. Lakin dünyada son illər müxtəlif virusların yayılması, xüsusilə mövcud pandemiyanın yaratdığı problemlər bu sahədə yeniliklərin tətbiqini zərurətə çevirdi. Muxtar respublikanın əksər rayonlarında Gigiyena və Epidemiologiya şöbələri üçün yeni iş şəraiti yaradılmış, müasir avtomobillər alınıb verilmişdir”.
Şöbənin baş həkimi Məhərrəm Qədimovla söhbətimiz zamanı bildirdi ki, uzun illər başqa-başqa idarələrin binalarında onlara ayrılan otaqlarda işləyiblər. Bu da işin gedişinə mane olurdu. Müasir avadanlıqla təmin edilmiş belə bir yerin bizə verilməsi işimizi yüksək səviyyədə qurmağa imkan yaradıb. Dövlətimizin qayğısını hər zaman üzərimizdə hiss etməyimiz biz həkimləri daha çox çalışmağa sövq edir. Yaradılan şəraitdən səmərəli istifadə edəcək, rayonumuzda epidemioloji sabitliyin qorunmasına töhfəmizi verəcəyik.
Şərurdan ayrılır, rayon sakinlərinin “üst yol dediyi” Sədərəkdən Naxçıvana uzanan magistral yol ilə şəhərə qayıdırıq. Bayraq Meydanında bizi “yola salan” qürurla dalğalanan bayrağımıza baxıram və xalq şairi Bəxtiyar Vahabzadənin “Bayraq” şeirindəki bu misraları xatırlayıram:
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Ucaldı bayrağımız ən uca zirvələrə, indi o, daha böyük bir qürurla dalğalanır, çünki o, qalib ordunun Müzəffər Ali Baş Komandanının əlləri ilə Şuşada, Qubadlıda, Cəbrayılda göylərə yüksəldi. Onun kölgəsində bizə qələbəni yaşadan şəhidlər uyuyur. Əsgərlərimiz onu ürəyi üstündə daşıyıb işğaldan azad etdikləri torpaqlara sancdılar.

 Ramiyyə ƏKBƏROVA