Siyasi nəzəriyyələrdə müxtəlif meyarlara görə liderlərin tipologiyasını aparırlar. Bu, liderliyə hansı aspektdən və hansı sosial-siyasi kontekstdə yanaşmadan asılı olur.
Məsələn, liderliyin “Böyük insan”, “bayraqdar lider” (M.C.Hermann), “Ənənəvi lider”, “Rasional lider”, “Xarizmatik lider” (Maks Veber), “Əsl qəhrəman lider” (F.Nitsşe) və sair kimi xarakteristikaları mövcuddur. Hegel ideal lideri öz missiyasını dərk edən tarixi şəxsiyyət kimi təqdim edirdi. XIX əsr ingilis alimi Tomas Karleyl yazırdı ki, “dünya tarixi böyük insanların tarixidir” və “qəhrəmanlar mahiyyətə vara bilirlər”.

Bunlardan başqa, liderləri təsir miqyaslarına görə də təsnifatlandıran nəzəriyyəçilər vardır. Məsələn, “Qrup lideri”, “Siyasi lider”, “Ümummilli lider” və sair Lider haqqında müasir nəzəri təlimlərdə ümummilli liderlər, bütövlükdə, xalq və dövlət miqyasında, həm də ölkə masştabından kənarda da real liderlik edə bilən şəxsiyyətlər kimi səciyyələndirilir. Onlar mövcud sosial-siyasi, iqtisadi və geosiyasi vəziyyəti ciddi surətdə dəyişmək qüdrətinə malik olurlar. Ümummilli Liderlər ölkə­nin sosial-siyasi strukturunu yenidən təşkil edə bilirlər. Nümunə olaraq Mustafa Kamal Atatürkü, Ruzvelti göstərmək olar.
Azərbaycan xalqının Ulu Öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev liderlikdən Ümummilli Liderliyə qədər inkişaf edən və həm ölkəsində, həm də dünyada əsl lider olaraq qəbul edilən fərqli şəxsiyyətdir. Liderlik haqqında dünya təlimindəki əsas keyfiyyətlər Heydər Əliyevin simasında ümumiləşir.
Heydər Əliyev postsovet məkanında yeganə ölkə rəhbəri və Prezident idi ki, görkəmli dövlət başçısı funksiyasını Ümummilli Liderliklə üzvi surətdə birləşdirə bilmişdi. Müasir siyasi-hüquqi təlimlərin görkəmli yaradıcılarının qənaətinə görə, hər bir rəhbər millətə real lider ola bilmir və əksinə, heç də hər liderin ölkəyə səmərəli rəhbərlik etməyi bacarmadığı halları olur. Bununla bağlı tarixdə və günümüzdə kifayət qədər misallar var. Bu səbəbdəndir ki, Heydər Əliyevin Ümummilli Lider kimi yüksək dövlətçilik-idarəçilik qabiliyyəti və bacarığı ilə dövlətə yüksək səviyyəli rəhbərliyi bir-birini üzvi surətdə tamamlayır. Məsələnin bu cəhətdən təhlili digər vacib məqamlarla yanaşı, Heydər Əliyevin Azərbaycanda müasir liderlik ənənəsinin banisi və həm də dünya miqyaslı lider olmasının əsas parametrlərini dərk etməyə şans yaradır. Heydər Əliyev liderliyi qüdrətli Ümummilli Lider səviyyəsinə qaldırmış nadir dövlət xadimlərindən biridir. Bu qeyri-adi liderlik istedadına malik olan dövlət xadiminin keçirdiyi çətin, məsuliyyətli və şərəfli yolun təcrübəsi əsasında Ulu Öndərin liderlik istedadının başlıca təşkiledici prinsiplərini müəyyənləşdirmək mümkündür.
Vurğulanan məqamların işığında Heydər Əliyevin liderlik istedadının müxtəlif kontekstlərdə təzahürlərinə diqqətlə nəzər yetirmək lazımdır. Hər şeydən əvvəl qeyd edək ki, Heydər Əliyev lider və dövlət başçısı kimi unikal, təkrarolunmaz və XX əsrdə kimsənin yaşamadığı ibrətamiz həyat və mübarizə yolu keçmişdir. Heydər Əliyev yeganə siyasi xadimdir ki, iki böyük tarixi-siyasi epoxada və keçid dövründə Ümummilli Lider statusuna yüksələ bilmişdir. Keçmiş sovet hakimiyyəti mərhələsində də, müstəqillik dövründə də Heydər Əliyev təkrarsız liderlik istedadına malik görkəmli dövlət xadimi olduğunu isbat etmişdir. Bu dahi şəxsiyyətin çətin və mürəkkəb tarixi şəraitdə Naxçıvan Muxtar Respublikasını işğaldan xilas etməsi, yaşatması və inkişaf etdirməsi, bu həssas regionda Azərbaycanın ərazi bütövlüyünü qoruyub möhkəmləndirməsi də əsl liderlərə xas olan böyük xilaskarlıq missiyasının yüksək səviyyədə həyata keçirilməsinin nümunəsidir.
Bəli, Heydər Əliyev hələ sovet dövründə elan olunmamış Ümummilli Lider kimi fəaliyyət göstərə bilmişdir. Və bu reallıq o dərəcədə məsuliyyətli idi ki, qısqanc SSRİ rəhbərləri içərisində həmin miqyasa çatmaq və onu qoruyub saxlamaq ayrıca qabiliyyət, xüsusi liderlik tələb edirdi. Heydər Əliyev Sovet İttifaqı dövründə SSRİ-yə daxil olan müttəfiq respublikalardan birinin liderliyindən Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini səviyyəsinə yüksəlmək qədər böyük missiyanı gerçəkləşdirmiş və özünün böyük liderlik istedadı ilə həm də qoruyub saxlamağı və yaşatmağı da uğurla həyata keçirmişdir.
Bu mənada, Heydər Əliyevin SSRİ dövründəki özünəməxsus Ümummilli Liderlik fəaliyyətinin əsas məqamlarının nəzəri-hüquqi baxımdan geniş tədqiq edilməsi ölkə və dünya üçün də əhəmiyyətlidir. Çünki ikinci elə bir nümunə yoxdur ki, ərazicə kiçik respublikada bütün fəaliyyət sahələri mərkəzdən idarə edildiyi şəraitdə ölkə rəhbəri SSRİ rəhbərliyinin razılığı olmadan real surətdə xalqa liderlik edə bilsin, onun təhlükəsizliyini, mövcudluğunu və inkişafını bacarmaq vəzifəsini qətiyyətlə həyata keçirsin.
Məhz buna görədir ki, Azərbaycan xalqı müstəqillik dövründə səsləndirilən “xalq-Heydər, Heydər-xalq” şüarını bütün qəlbi ilə dərhal qəbul etdi. Sovet dövründə Heydər Əliyevin xalqla bir olması təcrübəsi insanlarda bu qüdrətli liderə böyük inam, yüksək ehtiram və etibarlılıq hissi yaratmışdı. Bu nəinki Azərbaycanın və Türk dünyasının siyasi ənənəsində, hətta dünya miqyasında tarixi hadisə idi.
Görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı aparılan tədqiqatlarda vurğulanır ki, keçən əsrin 30-cu illərində Azərbaycan SSR-də təhlükəsizlik orqanlarında rəhbər vəzifədə olanların əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. Heydər Əliyev özü də dəfələrlə ifadə edib ki, bu fakt respublikada narahatlıq yaradırdı. Həm də ona görə ki, həmin dövrdə Rusiyaya və başqa İttifaq respublikalarına xüsusi ixtisaslar üzrə təhsil almağa göndərilənlərin sayı çox az olduğu üçün və təhlükəsizlik xidməti üzrə respublikadan mərkəzə təhsil almaq məqsədilə göndərilənlərin içərisində azərbaycanlılar azlıq təşkil etdiyinə görə seçim və dəyişiklik etmək çətinliklər törədirdi. Həmin o proses belə davam etsəydi, gələcək illərdə Azərbaycan SSR-in rəhbərliyinə yad millətlərin nümayəndələri gələ bilərdi. Onda isə istər-istəməz, bütövlükdə, xalqın, ölkənin siyasi taleyi risk altına düşərdi. Vəziyyəti daha da ağırlaşdıran məqam kimi Ulu Öndər mərkəzin Azərbaycana qarşı digər müttəfiq respublikalarla müqayisədə ikili mövqe tutmasını görür və bütün bunlara qarşı mübarizə aparmaq üçün son dərəcə ağıllı, məsuliyyətli və mövcud ideologiyaya uyğun incə siyasət aparırdı. Heydər Əliyevin müdrik və uzaqgörən lider kimi böyük istedadı bu məsul vəzifənin öhdəsindən təhlükəsiz olaraq yüksək səviyyədə gəlməyə imkan yaratmışdır.
Heydər Əliyev xalqımızın xilası naminə səlahiyyət əldə etmək üçün əvvəlcə respublikada yüksək vəzifəyə təyinat aldı, birinci şəxs olaraq ölkəni idarə etməyə başladı. Sonrakı mərhələdə isə Sovet İttifaqının rəhbəri Leonid Brejnevi inandıraraq onun Azərbaycan SSR-ə fərqli münasibət bəsləməsini təmin edə bildi. Nəticədə, Heydər Əliyev Azərbaycan SSR-ə ittifaq miqyası üçün ayrılan təhsil üzrə kvotanı 500 nəfərə qədər çoxaltmağa nail oldu və təhsil almağa gedənlərin say tərkibində doxsan faizdən çox azərbaycanlı təmsil edildi. Bu, Ulu Öndərin respublika rəhbəri olmaqla yanaşı, xalqın lideri olmasının mühüm əlamətlərindən biri idi. Çünki başqa respublikalara təhsil almağa göndərilənlər bu müddətdə Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət sayəsində respublikaya vətənpərvər və yüksəkixtisaslı kadrlar kimi qayıdırdılar. Kadrların azərbaycanlılaşdırılması Heydər Əliyev üçün onların öz ölkəsini, mənsub olduqları xalqı, onun tarixini bilmək və mədəniyyətini sevmək məramına vicdanla xidmət etmək mənasını daşıyırdı. Bu məqam Heydər Əliyevin sovet dövründə, mərkəzin nəzarətinin güclü olduğu, siyasi fəaliyyət alətlərinin kənardan təşkil edildiyi şəraitdə siyasi lider kimi, əslində, Ümummilli Lider səviyyəsinə yüksəlməsinin təsdiqi idi. Məhz bu addımlardan sonra Ulu Öndər yüksək dövlət idarəçiliyində azərbaycanlılaşdırma siyasətini yüksək səviyyədə həyata keçirməyi bacarmışdır.
Digər bir məqam Azərbaycan mədəniyyətinin təbliği və inkişafı ilə bağlıdır. Heydər Əliyev mərkəzdən bir sıra dairələrin yalnız Azərbaycanın ərazisinə və sərvətlərinə deyil, həm də milli kimliyinə, ədəbiyyatına və mədəniyyətinə, xüsusilə ana dilimizə qəsd etmək istədiyini dərindən bilirdi. Ona görə də müdrik və uzaqgörən dövlət xadimi bu hallara qarşı heyrətedici səviyyədə müasir, sivil, mədəni mübarizə üsulunu seçmişdi. Bu məsələdə Ulu Öndərin liderlik istedadı xüsusi məna kəsb edir. Heydər Əliyev keçmiş ittifaq səviyyəsində bir-birinin ardınca Azərbaycanın böyük ədəbiyyat və incəsənət xadimlərinin yubileylərini təntənəli surətdə təşkil etmiş, onların xidmətlərini geniş miqyasda ictimailəşdirmişdi. Heydər Əliyev bu yolla Azərbaycan yazıçı və şairlərini fəal şəkildə müxtəlif təzyiqlərdən qorumuş, nəinki onların həyatını xilas etmiş, gələcək fəaliyyətlərinə də yol açmağı bacarmışdı.
Azərbaycanın XX əsrdəki görkəmli siyasətçilərinə, xüsusən Nəriman Nərimanova qarşı mərkəzdə olan mənfi əhvali-ruhiyyəni Heydər Əliyev dəyişdirmişdi. Uzaqgörən müdrik rəhbər bununla kifayətlənməmiş, Azərbaycan dilini dövlət dili kimi hüquqi müstəvidə mərkəzə qəbul etdirmişdi. Konkret olaraq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına ana dilinin dövlət dili kimi daxil edilməsi nadir siyasi-tarixi hadisə idi. Onu deyək ki, həmin dövrdə başqa respublikalar üçün, məsələn, Ermənistan və Gürcüstan üçün adi sayılan, aksiom kimi qəbul edilən bu dəyərləri Azərbaycan üçün yalnız ciddi və ağıllı mübarizə ilə qəbul elətdirmək mümkün olurdu. Görkəmli dövlət xadimi Heydər Əliyev belə məsul vəzifələri siyasi müstəvidə əsl lider olaraq həyata keçirməyin öhdəsindən layiqincə gəlirdi.
Heydər Əliyevin dövlət rəhbərliyi ilə liderliyi yüksək səviyyədə sintez etdiyi başqa bir sahə asayişin qorunması, nizam-intizamın təmin edilməsi və respublikanın daxili sabitliyə qovuşdurulması ilə bağlıdır. Bu məqam həm də ona görə ciddi əhəmiyyət kəsb edir ki, asayişin təmini, ciddi intizam, möhkəm sabitlik tarixən dövlətçilik ənənəsinin mühüm sütunlarından biri olub. Heydər Əliyev bütün bunları sovet rejimi kimi yad bir siyasi mühitdə yüksək istedadla təmin etmişdi. Bunun üçün hüquq-mühafizə orqanları və ideologiya sistemi üçün milli kadrlar hazırlayıb yetişdirmiş və onların məqsədyönlü şəkildə yerləşdirilməsini, səmərəli fəaliyyətini formalaşdırmışdı.
Təcrübə göstərir ki, bu addımı ilə Heydər Əliyev faktiki olaraq sonrakı müstəqillik mərhələsində asayiş və sabitliyin təmin edilməsi üçün real baza hazırlayıb. Bununla hətta sovet dövründə belə, Azərbaycan dövlətçilik ənənəsinin vacib prinsiplərindən birini yaşatmış və möhkəmləndirmişdi. Həqiqətən, bu, heyrətedici liderlik istedadıdır! Bu addımlar Lider kimi taktiki və strateji məqamları konkret zaman-məkan çərçivəsində ümummilli maraqlara xidmət etməyə yönləndirən və bütün nəzarət sistemini “yarıb keçən” əsl siyasi liderlik xəttidir. Çünki siyasi sabitlik olmadan, anarxiya şəraitində böyük inkişafa nail olmaq qeyri-mümkündür.
Nəhayət, sovet dövründə Heydər Əliyevin Ümummilli Liderliyini təsdiq edən faktor iqtisadi sferada aparılan işlər oldu. Heydər Əliyev Azərbaycanın sosial, mədəni və iqtisadi cəhətdən lazımi səviyyədə inkişaf edə bilməyəcəyi fikrini mərkəzə sırımağa çalışanların qarşısını həm də ölkədə güclü iqtisadiyyat yaratmaqla kəsmişdi. Respublikaya rəhbərlik etdiyi müddətdə Azərbaycan 12 dəfə Keçici Bayraq almış, çoxlu sayda zavod və fabrikin inşasına nail olmuşdur. Respublikada hərtərəfli inkişaf etmiş sosial-iqtisadi infrastruktur yaranmışdı.
Bununla görkəmli dövlət xadimi Heydər Əliyev həm SSRİ-nin mərkəzi hökumətinə, həm Azərbaycanın düşmənlərinə, həm də bütün dünyaya sübut etdi ki, Azərbaycan SSR respublika kimi var olmağa və inkişaf etməyə qadirdir! Bu, Heydər Əliyevin siyasi lider və dahi rəhbər kimi tarixdə ən böyük qələbələrindən biri idi. Bu mənada, Heydər Əliyevin Azərbaycanı ilk xilas etməsi sovet dövründə oldu. Yəni XX əsrin 80-ci illərinə Heydər Əliyev artıq SSRİ-nin rəhbərlərindən biri olmaqla yanaşı, həm də Azərbaycanın xilaskar Ümummilli Lideri kimi qədəm qoymuşdu.
Müasir siyasi nəzəriyyəçilər yazırlar ki, Ümummilli Liderləri böhran yetişdirir. Onlar xalq, millət və bütövlükdə, cəmiyyətin böyük və kəskin dönüş zamanlarında, miqyaslı dəyişiklik ərəfəsində, mövcud siyasi rejimin laxlaması və xaosun üstünlük təşkil etməyə başlaması şəraitində meydana çıxırlar. Daha doğrusu, əgər xalq və cəmiyyət buna qadirdirsə, onda öz içərisindən belə bir Lideri ortaya çıxara bilir. Heydər Əliyev nümunəsində XX əsrdə xalqın və ölkənin ən çətin dövründə dövlət başçısı ikinci dəfə özünün liderlik istedadını isbat etmişdir.
Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü, bütövlükdə, xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider-xilaskar rolunu həyata keçirmək üçün imkan yaratmışdır. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq xilaskar lider missiyasını həyata keçirmişdir.
Heydər Əliyev qısa müddətdə bu çətin tarixi mərhələdə də siyasi liderliklə Ümummilli Liderliyin və dövlət rəhbərliyi ilə ümummilli maraqların sintezini yarada bilən şəxsiyyət olduğunu sübut etmişdir. O, əvvəlcə Ermənistanın işğalçılıq siyasətini atəşkəs diplomatiyası ilə dayandırmışdır. Sonra daxili sabitlik təmin edilmişdir. Heydər Əliyev paralel olaraq elə bir geosiyasi gediş etmişdir ki, ən böyük rəqiblər belə, çaşbaş qalmışdır. Heydər Əliyev mürəkkəb şəraitdə “Əsrin müqaviləsi”ni nəinki imzalamış, hətta qonşu Gürcüstanı geosiyasi baxımdan güzəştli addımlarla himayə etmişdir. Nəticədə, tarixi Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşmış, Gürcüstan bu tarixi dəyişdirən prosesdə tamhüquqlu ölkə kimi iştirak etmək imkanı qazanmışdır. Beləliklə, həm də Ermənistanın regionda təklənməsi siyasəti həyata keçirilmişdir. Azərbaycan isə daha geniş miqyasda qələbə əldə etmişdi. Heydər Əliyev düşünülmüş seçimi ilə sübut etmişdi ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi nəinki mövcud olmaq və hətta inkişaf etmək potensialına malikdir. Bu mesajı Kremldə ilk dəyərləndirənlərdən biri Rusiya Federasiyasının lideri Vladimir Putin oldu. Rusiyanın Prezidenti hakimiyyətə gələn kimi Azərbaycanı müstəqil dövlət olaraq tərəfdaş ölkə kimi qəbul etdi və əməkdaşlığa yaşıl işıq yandırdı. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəllə etibarlı münasibətləri və qarşılıqlı əlaqələri də müstəqillik dövrünün çətinliklərinin aradan qaldırılmasında mühüm rol oynamışdır. Ümumiyyətlə, Heydər Əliyevin dünya miqyaslı lider kimi beynəlxalq aləmdə böyük nüfuza malik olması Azərbaycanı müstəqillik illərinin başlanğıcındakı böyük bəlalardan xilas etmiş, ölkənin yeni inkişafına mühüm stimul vermişdir. Nəticədə, Azərbaycan müstəqil dövlət kimi XX əsrin 90-cı illərinin ikinci yarısına artıq özünü təsdiq etmiş ölkə kimi qədəm qoymuşdur. Bu, Heydər Əliyevin ümummilli lider olmasını təcəssüm etdirən konkret faktdır. Bundan sonra dünyanın böyük siyasi liderləri Heydər Əliyevə Azərbaycanın Ümummilli Lideri kimi xüsusi ehtiramla yanaşdılar.
Bu prosesə Ulu Öndərin beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də etdiyi tarixi çıxışlar da sürətli təkan verdi. Heydər Əliyev XX əsr Azərbaycan dövlətçiliyi tarixində ilk dövlət başçısı və siyasi lider idi ki, beynəlxalq miqyaslı yüksək tribunadan dövlətin daxili və xarici siyasətinin prioritetlərini açıq surətdə təqdim edirdi. Bu baxımdan Heydər Əliyevin BMT-nin 49-cu sessiyasında (1994-cü il) və bu təşkilatın 50 illiyinə həsr edilmiş xüsusi toplantısında (1995-ci il) Azərbaycan dövlətçiliyi ilə əlaqədar, daxili və xarici siyasəti ilə bağlı irəli sürdüyü siyasi tezislərlə yanaşı, dünya siyasəti haqqında da çox dəyərli və strateji xarakterli fikirlər ifadə etməsi, fövqəlgücləri bəşəriyyətin təhlükəsizliyi və inkişafı üçün məsuliyyət daşımağa dəvət etməsi böyük uzaqgörənlik və cəsarət tələb edirdi.
Bunlarla yanaşı, Heydər Əliyevin liderlik istedadı müstəqillik mərhələsində onun cəmiyyəti birləşdirə bilən ideoloji sistem hazırlayıb həyata keçirməsi ilə əlaqəlidir. Bu uzaqgörən sistem Azərbaycançılıq təlimi idi. Heydər Əliyev yeganə siyasətçidir ki, Azərbaycançılığı romantik-bədii ideyalar sferasında da ciddi siyasi-ideoloji sistemə çevirə bilmiş, ona konkret məzmun vermişdir. Ulu Öndər Heydər Əliyev Azərbaycançılığı ölkənin parçalanmasının qarşısının alınmasına, dövlətçiliyin müasir tələblərə uyğun inkişaf etdirilməsinə, cəmiyyətdə möhkəm və etibarlı birliyin yaranmasına, fərqli mədəniyyətlərlə ünsiyyətin gücləndirilməsinə və müstəqil dövlət quruculuğunun davamlı olaraq aparılmasına xidmət edən konsepsiya kimi meydana qoymuş və dönmədən həyata keçirmişdir.
Bununla Heydər Əliyev müstəqillik mərhələsində Ümummilli Liderliyin xilasedici, nizamlayıcı və qurucu aspektlərinin vəhdətinə nail olmuşdur. Dahi rəhbər bu yolla Azərbaycanda müasir mərhələdə yeni liderlik ənənəsinin əsasını qoymuşdur. Görkəmli dövlət xadiminin siyasi mühitdə tətbiq etdiyi Azərbaycan dili, Azərbaycan xalqı, Dünya Azərbaycanlıları və Azərbaycançılıq ideologiyası geniş mənada dövlət siyasəti kimi müəyyən edilmiş Azərbaycançılıq təliminin Heydər Əliyev modelinin dayaqlarıdır.
Bütün bunların fonunda Heydər Əliyevin lider və dövlət başçısı kimi böyük xidmətləri sırasında siyasi varisliyi yüksək səviyyədə təmin etməsinə ayrıca toxunmaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərmişdir.
Bir sıra tanınmış siyasi nəzəriyyəçilər belə hesab edirlər ki, ümummilli liderlər ancaq fəaliyyətləri müddətində deyil, həm də özündən sonrakı dövr üçün liderlik məktəbini yarada bilən şəxsiyyətlərdir. Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə sübut etdi ki, o, Heydər Əliyev məktəbini yüksək səviyyədə mənimsəmiş və yeni tarixi epoxanın irəli sürdüyü çağırışları qabaqlamış, mühüm strateji zəkaya və praktik səmərəli fəaliyyət metodlarına malik olan dünya miqyasında yenitipli liderdir.
İlham Əliyev XXI əsrdə Azərbaycanı yüksək inkişaf etmiş müstəqil dövlətlər sırasına çıxarmağa tam qadir olan əsl liderdir. Bununla da Ulu Öndərin sovet dövründə Azərbaycanı ölkə kimi, XX əsrin 90-cı illərində isə respublikamızı müstəqil dövlət kimi xilas etməsi prosesi Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla və qətiyyətlə həyata keçirilmişdir. Bu tarixi mərhələdə İlham Əliyev işğalçı Ermənistan üzərində savaşı qazanaraq sübut etdi ki, Azərbaycan nəinki müstəqil dövlət kimi inkişaf etməyə qadirdir, o həm də regionun aparıcı dövləti və qalib lideri olmaq qüdrətindədir.
Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi qəbul olunur. Möhtərəm Prezidentin qətiyyətlə həyata keçirməyə başladığı Böyük Qayıdış proqramı həm Qarabağın, həm də geniş mənada Azərbaycanın yeni sabahlarını aydın surətdə təsəvvür etməyə imkan verir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün dünyanın söz sahibi olan əsl liderlərindən biri kimi qəbul edilir.
Göründüyü kimi, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin mükəmməl dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində özünün əsas siyasi-ideoloji və iqtisadi dayaqlarını qurub möhkəmləndirmişdir. Prezident İlham Əliyevin liderliyi ölkəmizi müasir dövrün yeni tarixi inkişaf mərhələsinə çatdırmışdır. Bu gün Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Əməkdaşlıq Şurasında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız superdövlətlərlə müqayisə oluna bilər.
Bütün bunlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyi ilə böyük sabahlara doğru inamla addımlamaqda davam edir.

Seymur TALIBOV,
Naxçıvan Dövlət Universitetinin
beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent
“Azərbaycan” qəzeti
4 iyun 2021-ci il