Aprelin 29-da “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sisteminin İnkişafı Layihəsinin hazırlanması üzrə texniki yardımın həyata keçirilməsinə dair” videokonfrans formatında ilkin missiyanın görüşü olmuşdur.

Görüşdə Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə direktoru xanım Kandis MakDeyqan, Bankın Mərkəzi və Qərbi Asiya Departamentinin Ətraf Mühit, Təbii Sərvətlər və Kənd Təsərrüfatı şöbəsinin direktoru xanım Yasmin Siddiqi, Bankın su ehtiyatları üzrə baş mütəxəssisi, missiyanın rəhbəri Yajou Jou, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Görüş zamanı layihənin hazırlanması və icra mexanizmi üzrə fikir mübadiləsi və müzakirələr aparılmışdır. Bildirilmişdir ki, Asiya İnkişaf Bankı 2022-2024-cü illər üçün Azərbaycan üzrə ölkə əməliyyatlarının biznes planını hazırlayır ki, sözügedən texniki yardımın nəticəsi olaraq suvarma və drenaj sisteminin inkişafı üzrə müvafiq kredit layihəsinin 2022-ci ildə həmin planda göstərilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Asiya İnkişaf Bankı 6 fevral 2020-ci il tarixində “Naxçıvan Muxtar Respublikasında Suvarma və Drenaj Sisteminin İnkişafı Layihəsi”nin hazırlanması üzrə texniki yardımla təmin olunmasını təsdiq etmişdir. 2020-ci ilin dekabr ayında Asiya İnkişaf Bankı qrant əsasında maliyyələşdirilən texniki yardım üzrə məsləhətçi heyətin seçimini başa çatdırmış və müvafiq müqavilələr imzalanmışdır.

27-28 aprel 2021-ci il tarixlərində Asiya İnkişaf Bankı ilə Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında Layihə ilə bağlı virtual görüşlər keçirilmiş, ətraflı müzakirələr aparılmışdır.

Videokonfrans formatında keçirilən növbəti görüşdə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunmuş, su və kanalizasiya ilə bağlı infrastruktur layihələrini dəstəklədiyinə görə Asiya İnkişaf Bankına minnətdarlıq edilmiş, Naxçıvan Muxtar Respublikasının Asiya İnkişaf Bankı ilə əlaqələrini bundan sonra da davam etdirməkdə maraqlı olduğu vurğulanmışdır.

Texniki yardımın uğurla icrası və layihənin vaxtında nəzərə alınmasını təmin etmək məqsədilə yerində görüşlərin keçirilməsi üçün Asiya İnkişaf Bankının nümayəndə heyətinin yaxın günlərdə muxtar respublikaya səfəri də planlaşdırılır.

 

Xəbərlər şöbəsi