Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı  muxtar respublikada bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişini təmin edib. Həmçinin belə muzey ziyarətləri qədim oğuz yurdunun zəngin keçmişinin, mədəniyyətinin öyrənilməsində böyük rol oynayır.   

Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar. 

                                     

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi kollektivlərə məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb, Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Məhz bu Sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.  

Qeyd olunub ki, muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda kompleksdə onların ümumi sayı 3 minə yaxındır. Həmin eksponatların 400-ü ekspozisiyada nümayiş olunur. Möminə xatın türbəsi ilə tanışlıq zamanı isə məlumat verilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Azərbaycan Atabəylərdövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatının məzarı üzərində tikilən məqbərə Əcəmi Əbubəkroğlu Naxçıvani tərəfindən inşa olunub. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Abidə hələ on ikinci əsrdə qadına verilən dəyərin ifadəsi kimi Naxçıvan memarlıq məktəbinin ən dəyərli incilərindəndir.                    

Diqqətə çatdırılıb ki, bir sıra tədbirlərə ev sahibliyi etmiş “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi muxtar respublikamıza gələn yerli və xarici turistlərin də diqqətini özünə çəkir.

Səbuhi HƏSƏNOV