Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsi uğurla davam etdirirlər.
Həmin tədbirlərin davamı olaraq aprelin 23-də Naxçıvan Muxtar Respublika Xəstəxanasının 16 nəfərdən ibarət həkim briqadası tərəfindən Şahbuz rayonunun Biçənək, Ağbulaq və Kolanı kəndlərində müayinələr aparılıb. Tibbi aksiyada oftalmoloq, uroloq, endokrinoloq, nevropatoloq, LOR, cərrah, radioloq, travmatoloq, reabilitoloq, proktoloq, feldşer və başqa ixtisas həkimləri iştirak ediblər.
Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 35 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər aparılıb, ultrasəs müayinəsi keçirilib. Xəstələrə ilkin tibbi yardım üçün istifadə olunan zəruri dərmanlar verilib.
Ahıl və yataq xəstələrindən Biçənək kəndindən Əqil Hüseynov, Kolanı kəndindən Adil Quliyev, Ağbulaq kəndindən isə Əziz Hüseynov başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.
Qeyd edək ki, humanitar tibbi aksiya muxtar respublikanın digər rayonlarında da həyata keçiriləcək.
***
Vənənd kənd məktəbliləri tuberkulin test sınağına cəlb edilib
Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Odur ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Həmin tədbirlərin davamı olaraq bu il oktyabrın 9-da Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə, onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hazırda şəhər və rayonlarda yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə I-VI sinif şagirdlərində kütləvi tuberkulin test sınağı aparılır. Aprelin 23-də keçirilən növbəti tədbir Ordubad rayonunun Vənənd kənd tam orta məktəbinin şagirdlərini əhatə edib. Kənd həkim ambulatoriyasında şagirdləri arasında profilaktika xarakteri daşıyan tuberkulin sınağı aparılıb. Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin tibb işçiləri tərəfindən həyata keçirilən sınaq zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Test nəticələri qiymətləndirildikdən sonra şübhəli və müsbət reaksiyalı şagirdlər dərin ftiziatr müayinəsinə cəlb ediləcək.
Kütləvi tuberkulin test sınağı rayonun digər məktəblərində də həyata keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti