14 oktyabr 2020-ci il tarixdə elan edilmiş müsabiqəninmüsahibə mərhələsi 24 fevral – 13 mart 2021-ci il tarixlərdə keçirilib. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (96 nəfər), Dövlət Statistika Komitəsi (76) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (38 nəfər) olub.

Müsahibə zamanı namizədlərə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, peşə hazırlığına və dünyagörüşünə uyğun suallar verilib. Müsahibə mərhələsində obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, Dövlət İmtahan Mərkəzinin və dövlət orqanlarının nümayəndələri iştirak ediblər. Eyni zamanda müsahibə prosesinin videoçəkilişi aparılıb. Müsahibə başa çatdıqdan dərhal sonra namizədə yekun bal arayışı hazırlanıb və şəxsi işinə əlavə olunub. Müsahibənin nəticələri haqqında məlumatlar gündəlik olaraq Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

Qeyd edək ki, 24 dövlət orqanı tərəfindən müsabiqəyə çıxarılan 205 vakant vəzifənin tutulması üçün 571 namizəd sənəd təqdim edib. Test mərhələsində iştirak edən 559 namizəddən 326-sı müvafiq keçid balını toplayıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 12 namizəd müraciət edib. Esse imtahanında iştirak edən 12 namizəddən 8-i keçid balını toplayıb.

Test mərhələsində müvafiq keçid balını toplamış namizədlərdən 310-u müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini Dövlət İmtahan Mərkəzinə təqdim edib. Həmçinin ötən ilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 31 namizədin müraciəti nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilib. Sənəd təqdim etmiş 341 namizəddən 235-i müsahibə mərhələsində iştirak edib, onlardan 115-i müvəffəqiyyət qazanıb. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış 90 nəfərin sənədləri təyin olunmaq üçün müvafiq dövlət orqanlarına göndərilmişdir. 

Naxçıvan Muxtar Respublikası

Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti