23 Aprel 2024, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
Özündə xeyirxahlıq və humanizmi ehtiva edən Qızıl Aypara Cəmiyyəti ölkəmizdə 1920-ci il mart ayının 10-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Yarandığı vaxtdan qurumun başlıca məqsədi xeyirxah ideyalar olub, kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək göstərilib. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılıb. 1923-cü ildə yenidən həyata vəsiqə alan cəmiyyət 1991-ci ilə kimi humanist prinsipləri həyata keçirməklə özünəməxsus fəaliyyət göstərmişdir.

Ölkəmiz müstəqillik əldə etdikdən, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə bütün sahələrdə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də diqqət və qayğı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu cəmiyyət ölkəmizdə yeganə rəsmi humanitar təşkilat kimi tanınmışdır. 1995-ci il noyabr ayının 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu, daimi, 169-cu üzvü qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 31 yanvar tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”, 2007-ci il 22 may tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 2008-ci il 7 aprel tarixli “Qızıl Aypara gününün təsis edilməsi haqqında” sərəncamları cəmiyyətin fəaliyyətinin dövlətimizin diqqətində olduğunun göstəricisidir. Belə ki, həmin sərəncamlarla Qızıl Aypara Cəmiyyətinin maliyyə və maddi-texniki bazasının yaxşılaşdırılması, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərmələri təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də daim dövlət qayğısı əhatəsindədir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 25, 2010-cu il 1 sentyabr və 2011-ci il 1 dekabr tarixli sərəncamlara əsasən isə 10 faiz artırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 10 faiz, 2016-cı ilin fevral ayında isə əlavə 10 faiz artırılmışdır. 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinə yeni xidməti minik avtomobili verilmişdir. 2019-cu ilin sentyabr ayında komitə işçilərinin əməkhaqları əlavə olaraq artırılmışdır.
Tərkibində 1 şəhər, 7 rayon bölməsi fəaliyyət göstərən komitənin 580 ilk təşkilatı və 37000-dən artıq üzvü vardır. Hazırda komitə muxtar respublikamızda öz işini 4 şöbə əsasında qurur. Belə ki, Axtarış xidməti şöbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənləri axtarır, həmçinin də qaçqın və məcburi köçkünlər üçün lazımi sənədləri bərpa edir. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gələcəyimiz olan gənclər arasında sağlamlığın təmin edilməsi məqsədilə idman, eləcə də gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Eyni zamanda yeniyetmə və gənclərə fövqəladə hallarda ilk tibbi yardımın göstərilməsinə dair məlumatlar verilir. XX əsrin vəbası adlandırılan QİÇS xəstəliyindən qorunmaq üçün onlar arasında maarifləndirici söhbətlər aparılır. Təşkilati iş şöbəsi isə muxtar respublikamızda fəaliyyət göstərən idarə və müəssisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl Aypara hərəkatı haqqında seminar və treninqlər təşkil edir. Bununla yanaşı, komitənin şəhər və rayon bölmələrinin işinə nəzarəti də həyata keçirir. Digər şöbə isə fövqəladə hallarla bağlı əhali arasında bilikləri artırmaqla və bu sahədə müvafiq tədbirlər görməklə məşğul olur. Görülən işlərin nəticəsi olaraq 2017-ci ilin yanvar ayında fövqəladə hallara hazırlıq çərçivəsində Bakı şəhərindən hər biri beş nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş 30 çadır komitəyə gətirilmişdir. 2020-ci ilin sentyabr ayında pandemiya ilə əlaqədar olaraq xüsusi qayğıya ehtiyacı olan ailələr üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ayrılmış 320 qutu ərzaq məhsulları və 320 qutu gigiyenik dezinfeksiya ləvazimatları muxtar respublikaya gətirilmiş, şəhər və rayonlarda xüsusi qayğıya ehtiyacı olan 320 ailəyə paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, xeyirxahlıq ünvanı kimi tanınan bu təşkilatın fəaliyyətini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR