Mərhəməti Qələbəyə səsləyən Vətən fəryadı  

(Portret oçerk)


Hər il olduğu kimi, 2004-cü il fevralın 26-sı televizor ekranlarında məşhur “Fəryad” filmi nümayiş olunur. Mərhəmət balacalıqdan Azərbaycan Televiziyasında yayımlanan bu filmi hər dəfə böyük həyəcanla izləsə də, gözləri heç vaxt hiddətdən bu qədər böyüməmişdi. Həmin il onun gördüyü kadrlar daha da dəhşətli, əzablı, daha da iztirablı gəlirdi ona. Kinofilm həmin kinofilm idi. Kadrlar da həmin kadr. Məsələ orasındadır ki, Mərhəmət həmin yaşda deyildi. Artıq böyümüşdü. Hər şeyin fərqində idi. Bu səhnələrə baxıb, gah Qarabağ torpağını  işğal edən mənfur düşmənləri söyür, gah filmin baş qəhrəmanı igid İsmayılın (Ceyhun Mirzəyev) düşdüyü vəziyyətə acıyır, qəhərə boğulurdu. İçindən kəsilə-kəsilə qalırdı. Bax, beləcə, mərhəmətli bir gəncin ürəyinə qisas duyğusunu Qarabağ fəryadı salmışdı. Ekran qarşısında sarsıntı keçirdiyini görən Xatirə ana oğluna təskinlik verir, “üzülmə bala, düşmənə lənət. Gün gələcək sizin kimi qeyrətli oğullar böyüyüb qisasımızı yağı düşməndən alacaq”. O gündən Mərhəmət Vətən, millət kəlmələrinin müqəddəsliyini dərindən duymuşdu. Seçdiyi yol Vətən naminə xilaskarlıq, yurd təəssübü, millət qayğısı, el qədri idi.

Adil Əhmədov (şəhid atası): – Mərhəmət (divardakı şəklinə baxıb dərin köks ötürür) işgüzar oğul idi. Obaşdan oyanar, hər işi özü görərdi, qoçaqlığına, çevikliyinə yetişmək müşkül məsələ idi. Eh, dağı dağ üstünə qoyardı. Yorulmazdı işdən. Bir sözlə, zəhmətkeş idi. Hərbi xidmət zamanı ona verilən xasiyyətnaməni fəxrlə mənə uzadır, bu təriflər, xoş sözlər bir ata kimi məni indi də qürurlandırır. Hərbi xidməti başa vurduqdan sonra Mərhəmət hərbiyə yazılır, 6 il BTR sürücüsü kimi işləyir, son iki il idi ki, xüsusi təyinata götürülmüşdü. Bütün təlimlərdən üzüağ çıxmışdı. 

Qəmər Əhmədova (şəhid nənəsi): Mərhəmət məni şəhid nənəsi etdi. O, adı kimi mərhəmətli oğul idi. Kiminsə qəlbinə dəyməyini görməmişdim. Mən özüm əvvəl Füzulinin, indi isə Cəbrayılın tərkibinə qatılan Quyğac kəndindən Cəlilkəndə gəlin gəlmişəm. Torpaqlarımız alınanda Mərhəmətin hələ iki yaşı vardı. Heç yuxuma da girməzdi ki, uzun illər keçəcək, kəndimiz haqqında nağıl danışdığım balaca nəvəm böyüyüb əfsanə olacaq. Ayağı o torpaqlara dəyəcək, torpaqlarımızın azad olunmasında o da canından keçəcək. Hələ təzəcə getmişdi, hamıyla danışandan sonra mənimlə də danışdı. Dedi, nə xəbər, ay nənəm? Hazırlaşırsan? Dedim, hara, ay oğul? Dedi, alacağıq dədə-baba yurdunu. Çamadanını yığ, gətirəcəm öz elinə-obana, neçə ildir, qəribəm deyirdin. Ta qəriblik getdi. Buraları görüb cavanlaşacaqsan. Necə sevindim, ay qızım. Dedim, oradakı bütün igid oğullarımızın əlindən öpürəm.
Bir qədər duruxur, sonra: – Qızım, qoy özümə gəlim, gedəcəyəm öz dədə-baba yurduma, Mərhəmətin, digər şəhidlərimizin qoxusunu alam torpağımdan, – deyir.
Xatirə Əhmədova (şəhid anası): – Mərhəmət Vətəni hər şeydən çox sevirdi. O, şəhid olmaq arzusunu həmişə elə qürurla dilə gətirirdi ki... Filankəsin ruhu şad olsun, şəhid oldu. Vətən sağ olsun! Ailəsi elə zirvəyə görə qürur duysun. Hər şeyi ürəkdən edərdi Mərhəmət. Vətəni də cani-könüldən sevərdi. Ürəyində həmişə Vətən nisgilini daşıyırdı. Deyirdi, Qarabağı görməsəm də, ona əlçatmaz sevgim var. Düşməndən qisas alsam, bu arzuma çatacağam. Kaş aparsınlar, gedək alaq o torpaqları, – deyirdi. Döyüşə gedəndə bizə bildirmədi. Orada olanda xəbər tutduq ki, döyüş bölgəsindədir. Mərhəmət oktyabrın 30-u igidliklə döyüşərək əfsanəyə çevrildi. Şəhid ucalığını gətirdi elimizə...
Çinarə Əhmədova (şəhidin həyat yoldaşı): – Toy şəkillərinə baxırıq. “Harada tanış oldunuz?” sualıma bir qədər utancaqlıqla cavab verir: – Məktəbdən sevirdik bir-birimizi. Hələ 7-ci sinifdə oxuyurdum, mənə olan istəyini hiss edəndə. 21 yaşı olanda – hərbi xidməti başa vurduqdan sonra biz ailə qurduq. Ailə, yoldaş, uşaq qədri bilən idi. Heç vaxt xətrimə dəyməmişdi. İki oğlumuz oldu. (Uşaqları həyətdən səsləyir: – Bünyamin, İbrahim, gəlin bura). Çox can yandırırdı uşaqlara. Adlarını da özü qoymuşdu. Zəng edirdi, bəzən danışa bilirdi, bəzən də şəbəkə olmurdu. Axırıncı dəfə oktyabrın 20-si danışdıq. Mənə dedi ki, birdən bilmərsən, uşaqlara korluq verərsən ha... Pul olmasa belə, get dükana uşaqlara ürəkləri nə istəyir, nisyə yazdır, al. Tezliklə qayıdıb özüm pulunu ödəyəcəyəm. Bayrağımıza bükülüb qürurla gəldi...
Səxavət Hüseynov (döyüşçü yoldaşı): – 2019-cu ildə bütün təlimlərdə canla-başla iştirak edirdi. Çoxundan fəal, qoçaq, fədakar idi. Prezidentimizin müraciətlərində hər dəfə kəndlərimizin işğaldan azad olunma xəbərlərini eşitdikdə birinci Mərhəmət gəlirdi sevinə-sevinə: “Qardaş, bizim də nə vaxtsa, payımız olacaq bu qələbələrdə? Yoxsa elə televiziyalarda eşidəcəyik belə gözəl xəbərləri?” Elə fikri döyüşmək yanında idi. Oktyabrın ikinci ongünlüyündə, döyüşə qoşulanda Mərhəmətin sevinci yerə-göyə sığmırdı. O qədər qorxmaz idi ki, hamıdan qabaq atılırdı qaynar nöqtəyə. Ona o qədər etibar edirdim ki, yanımda olanda çox rahat olurdum. Növbəti ağır döyüşlərdən birində əməliyyat hələ sona çatmamışdı, baxdım ki, Mərhəmət ağır yaralanıb. Çəkdim dərəyə ki, xilas etmək mümkün olsun. Gödəkçəmi üzərinə örtdüm. Özüm də onu qorudum. Neçə saat yaralı vəziyyətdə qaldı. Həkim əlindən gələn tibbi yardımı etdi, lakin acı təəssüflə mənə vəziyyətinin çox ağır olduğunu bildirdi. Özümü toparlayıb Mərhəmətin yanına gəldim. Soruşdu ki, həkim sənə nə dedi? “Güclü oğlandır, yaşayacaq dedi” söyləməklə həqiqəti ondan gizlətdim. Gözləri güldü. Üzünü yudum. Çox heyif ki, səhərə yaxın Mərhəmət şəhid oldu. Balaca kəndinin böyük əfsanəsinə çevrildi. Mərhəmət Adil oğlu Əhmədov ölkə başçımız tərəfindən Vətən müharibəsi zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Şuşanın azad olunması” medalları ilə təltif olundu.
P.S. Mərhəmət, bu gün sənin kimi oğullarımızın hesabına Qarabağa həsr edilmiş yeni filmlər çəkilir. Bu kadrlarda hər birimizin uşaqlıqdan “Ögey ana” filmindən sevdiyi, vətənpərvər igid kimi böyüyən İsmayılın əsirlikdən olan görüntüləri yer almayacaq. Bu kadrlarda ermənilərin səsləndirdiyi “Şuşa, Ağdam, Laçın işğal olundu”, – deyərək çalıb-oynadığı kadrlar da olmayacaq. Bu kadrlarda Xocalıda vəhşicəsinə öldürülən xocalıların narahat ruhlarının da epizodları görünməyəcək. Bu görüntülərdə Prezidentimizin iradəsi, uzaqgörənliyi, Mərhəmət kimi şücaətli igidlərimizin qəhrəmanlıqları, Xudayarın “Vətən yaxşıdır” ifası, torpaqlarımızın azad­olunma xəbərləri öz əksini tapacaq. Bu filmin əsl ssenari müəllifləri isə Qələbə müjdəsini qızıl qanları ilə tarix səhifəmizə yazan sizlərsiniz.

 Türkan HÜSEYNLİ