Tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi xalqımızın ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə seçilmiş, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamış Azərbaycan qadınları öz dərin zəkaları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.

          Reallıqdır ki, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyev XXI əsr, üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi: “...Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Biz fəxr edirik ki, bu gün ölkəmizin qarşısında duran problemlərin həllində yaxından iştirak edən Azərbaycan qadını artıq demokratik cəmiyyətin bərabərhüquqlu, fəal üzvü kimi çıxış edir”.

          Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət qadın siyasəti uğurla reallaşdırılır, onların müxtəlif sahələrdə uğurlu fəaliyyətinə hərtərəfli, eyni zamanda geniş imkanlar yaradılır.

          Muxtar respublikanın digər dövlət orqanlarında olduğu kimi, insan və vətəndaş hüquq və azadlıqlarına hər zaman hörmətlə yanaşan, fəaliyyətində humanizm və qanunçuluq prinsiplərini rəhbər tutan, habelə həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi əcnəbilərin hüquqi təminatçısına çevrilən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində də qadın əməkdaşların sayının artması göstərilən yüksək etimaddan xəbər verir.

          Əminliklə deyə bilərik ki, Dövlət Miqrasiya Xidmətinin inkişafında peşəkarlığı və şəxsi keyfiyyətləri ilə seçilən nümunəvi kadrlar sırasında qadınların rolu və yeri xüsusidir. Bu gün muxtar respublikada miqrasiya siyasətinin uğurla həyata keçirilməsində qadın əməkdaşların fədakar əməyi və zəhməti vardır. Xidmətin təcrübəli və məsuliyyətli əməkdaşlardan biri olan Şəhanə Seyidova artıq 10 ildir ki, xidməti vəzifələrini uğurla yerinə yetirir.

          Şəhanə Seyidova bildirir ki, bu gün muxtar respublikamızın mövcud potensial imkanları, yeni iş yerlərinin, sosial obyektlərin açılması, mühüm əhəmiyyətə malik Dövlət proqramlarının vaxtında və dəqiq icrası, o cümlədən dayanıqlı inkişafın tam təmin olunması sayəsində diyarımız miqrantlar üçün yaşamaq, təhsil almaq və işləməyin əlverişli olduğu bir məkana çevrilib. “Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir ki, əcnəbilərin muxtar respublikaya müxtəlif məqsədlərlə səfər etmək niyyəti hər ötən il daha da artır” deyən Şəhanə Seyidova vurğulayır ki, bu gün Dövlət Miqrasiya Xidmətində ölkə vətəndaşlarına, habelə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə nümunəvi və peşəkar xidmətlərin göstərilməsi üçün bütün zəruri imkanlar yaradılıb. Muxtar respublika rəhbərinin Dövlət Miqrasiya Xidmətinə ali diqqət və davamlı qayğısı nümunəvi şəraitişimizi daha yaxşı qurmağa ruhlandırır. Xidmətin yeni inzibati binasının müasir infrastuktura və möhkəm maddi-texniki bazaya qovuşdurulması da məhz bu sahəyə qayğının növbəti göstəricisi və nümunəsidir. Xidmətdə çalışan hər bir əməkdaş da öz növbəsində səy göstərir ki, göstərilən qayğıya, yüksək etimada öz əməli işi ilə cavab versin.

          Sevindirici haldır ki, Xidmət əməkdaşlarının fərdi qulluq keyfiyyətlərinin və fəaliyyətinin nəticələrinin obyektiv qiymətləndirilməsi hər zaman diqqətdə saxlanılır. Qadın əməkdaşların ötən dövrlər ərzində nümunəvi xidməti fəaliyyətlərinə görə təltif olunmaları da bunun əyani nümunəsidir.

          “Dövlət Miqrasiya Xidmətinin fəaliyyət sahələrindən asılı olmayaraq dövlətimizə xidmət etmək şərəfli və qürurludur” deyən Əntiqə Həsənova Xidmətə müraciət edənlərin məmnuniyyəti və rahatlığı baxımından bütün zəruri imkanların yaradıldığını, fəaliyyətlərini beynəlxalq təcrübəyə əsaslanaraq günün tələbləri səviyyəsində qurduqlarını qeyd edir.

          Əntiqə Həsənova bildirir ki, işimizin məsuliyyətini və öz vəzifə borcumuzu hər zaman yaxşı dərk edirik. “Ölkəmizin, muxtar respublikamızın milli təhlükəsizliyini təmin etmək, miqrasiya proseslərinə nəzarəti gücləndirmək və bu sahədə şəffaflıq yaratmaq, eyni zamanda qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirmək ən başlıca vəzifələrimizdəndir. Çalışırıq ki, xidməti fəaliyyətimizdə hər zaman humanizm və qanunçuluq prinsiplərini, vətəndaşlarla dialoqda etik davranış qaydalarını rəhbər tutaraq ölkə vətəndaşlarına, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha çevik və operativ xidmətlər göstərərək”.

          Günümüzün reallığıdır ki, Naxçıvan Muxtar Respublikasında müxtəlif sahələrdə həyata keçirilən islahatlar gənclərin dövlət quruculuğunda və idarəçiliyində təmsilçiliyinə şübhəsiz ki, geniş imkanlar yaradıb. Bir çox sahələrdə olduğu kimi, Dövlət Miqrasiya Xidmətində də gənclərin işlə təminatı daim diqqət mərkəzində saxlanılaraq, kadr seçiminə böyük tələbkarlıqla yanaşılır və bu məqsədlə kadrların müsabiqə yolu ilə, aşkarlıq şəraitində obyektiv və tam şəffaf prosedurlarla işə qəbulu həyata keçirilir.

          Ötən dövr ərzində miqrasiya orqanlarına qəbulla bağlı keçirilən müsabiqədə daimi qulluğa qəbul edilən gənc əməkdaşlardan biri də Təhminə Məmmədovadır. Xidmətin gənc əməkdaşı Təhminə Məmmədova deyir ki,2018-ci ildə miqrasiya orqanlarına qəbulla bağlı keçirilən müsabiqədə Xidmətə yeni qəbul edilən əməkdaşların mütləq əksəriyyətini məhz gənclər təşkil edib. “Tam əminliklə deyə bilərəm ki, test və müsahibə mərhələlərində obyektivlik və şəffaflıq rəhbər tutularaq namizədlərin istər qanunvericilik, istərsə də xarici dil bilikləri sahəsində bilik və bacarıqları yoxlanılmış, fərqlənən namizədlər daimi qulluğa qəbul edilmişdir. Bu, bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən gənclər siyasəti bu gün muxtar respublikamızda uğurla reallaşdırılmaqdadır”.

          “Bu gün Xidmətdə çalışan hər bir gənc əməkdaş yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır” deyən Təhminə Məmmədova göstərilən yüksək etimada və qayğıya görə Dövlət Miqrasiya Xidmətinin gənc əməkdaşları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

          Bəli, bu gün bir daha əmin oluruq ki, Naxçıvan Muxtar Respublikasında dövlət-qadın siyasəti uğurla reallaşdırılır, cəmiyyətimizdə böyük nüfuz sahibi olan qadınlar həyatın bütün sahələrinə inteqrasiya olunurlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dediyi kimi: “Azərbaycan qadınının ictimai həyatımızdakı mövqeyi dilimizə, Vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuşdur və gələcəkdə də olacaqdır”.

 

Arif BAYRAMOV

Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi