24 Aprel 2024, Çərşənbə

Ötən əsrin 90-cı illəri Naxçıvan Muxtar Respublikasının bütün sakinləri üçün əsl sınaq, dözüm və imtahan illəri idi. Bu sınaqdan üzüağ çıxmaq üçün yurdun hər bir vətəndaşı əsl qəhrəmanlıq göstərir, bütün çətinliklərə mərdliklə sinə gərirdi.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın ötən ilin sonlarında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunan ikicildlik “Naxçıvan blokadası” kitabı qədim Naxçıvanımızın blokada şəraitində yaşadığı illər haqqında qürur nəğməsidir. Biz, yaşlı insanlar Naxçıvan Muxtar Respublikasının 1990-cı ildən bu günə qədər keçdiyi çətin və əzablı, eyni zamanda qürurverici və şərəfli illərinin şahidi olan insanlarıq. Mətanət Məmmədova məhz yeni kitabında bu dövrü çox gözəl bir şəkildə xarakterizə edib. Müəllifin gərgin zəhmətinin, uzun axtarışlarının bəhrəsi kimi oxuculara təqdim olunan kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “2021-ci il üçün elm və mədəniyyət sahələrində Naxçıvan Muxtar Respublika mükafatlarının verilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamı ilə elm sahəsi üzrə Naxçıvan Muxtar Respublika mükafatına layiq görülmüşdür.
Kitab ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanla bağlı ən böyük arzularını həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərliyinin 25 illiyinə həsr olunub. Kitabda 1990-1995-ci illərdə Naxçıvanın yaşadığı ağrı-acılar, qədim diyarımızın çətinliklərlə üz-üzə qalması statistik göstəricilərlə, o dövrün qəzetlərində dərc olunan məqalələrlə bir daha oxucuların gözü qarşısında canlanır. Həmin illərin ictimai-siyasi xarakteristikasını özündə əks etdirən bu məqalələr ötən əsrin canlı salnaməsi kimi tarix səhnəsində yaşayır. Müəllif blokada şəraitində yaşayan qədim diyarımızın bütün çətinliklərə necə böyük bir mərdliklə sinə gərdiyini, bu yurdun insanlarının hansı bir şəraitdə yaşayıb-yaratdıqlarını “Şərq qapısı” və rayonlarımızda çıxan qəzetlərdə çap olunan yazılarda bir daha oxucuya çatdırır.
“Naxçıvan blokadası” kitabının birinci cildi müəllifin “Diplom işindən sənədli əsərə” yazısı ilə başlayır. Hələ tələbə ikən Naxçıvanın blokadası ilə bağlı diplom işi yazan müəllif , sonralar bu mövzunu daha da genişləndirərək iki cilddən ibarət çox dəyərli və sanballı bir kitab halına gətirib. 14 fəsildən ibarət olan kitabın hər bir fəsli bizi ağrı-acılarımıza, əzablı illərimizə qaytarır. Bu sənədli-publisistik topluda həm də bədiilik var. Hər bir sənəd o günləri gözümüz önündə yenidən canlandırır. Doxsanıncı illərin əvvəllərində yaşadığımız ağrı-acılar o nəslin insanlarının hər birinin həyatının bir parçasıdır. O ağrı-acıları biz hamımız bir yerdə yaşamışıq. Ömrümüzün ən gözəl illərini çörək növbələrində, soyuq otaqlarda, işığa həsrət qalan gecələrdə sabaha olan ümidimizi itirmədən yaşamışıq. Ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, sanki bu torpağın insanlarına yeni güc, yeni qüvvət verib, onların hər birinin qəlbində yaşamaq ümidini alovlandırıb.
Kitabın rəyçisi, hamımızın çox gözəl tanıdığı AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli 1991-ci ildə Bakıdan Naxçıvana gələrkən tələbə Mətanət Məmmədova ilə yolyoldaşı olur. Mehriyə “Meğri” deyən gəncə Fəxrəddin müəllim tarixi həqiqətləri söyləyir. Naxçıvanın Azərbaycandan ayrı düşməsinin tarixi köklərini başa salır, tarixi gerçəklikləri olduğu kimi gənclərə izah edir. Bəlkə, elə sonralar müəllifin Naxçıvanın blokadasını diplom işi kimi götürməsində tarixçi alimin söylədiyi tarixi həqiqətləri unutmaması da böyük rol oynayıb.
Müəllif bağlanan yollarımızı, mühasirəyə düşən qatarlarımızı, hücuma məruz qalan qatar maşinistlərinin yaralanmasını təsvir edərkən 1990-cı ilin ümumi mənzərəsini gözümüz önündə canlandırır. Dəmir yolunun bağlanması ilə Naxçıvanın blokadası da başlayır. Müəllifin kitabda Naxçıvanla Leninqradın mühasirəsini müqayisə etməsi də maraqlıdır. Görkəmli rus yazıçısı Aleksandr Çakovskinin “Mühasirə” romanında Leninqradın mühasirəsini xatırladan müəllif yazır: “Ermənistanın sərhədlərimizə hücumu, 20 Yanvar hadisəsi, Sədərək döyüşləri faşistlərin əvvəla Rusiya sərhədlərinə hücumuna, göydən yağdırdıqları bombardmanlara nə qədər bənzəyirdi. Leninqrad ətrafında gedən döyüşlər, almanların blokada planları necə də Naxçıvanı xatırladırdı. Leninqradın üzləşdiyi qıtlıq, səfalət, aclıq, soyuqla ölüm-dirim savaşı, hər şey Naxçıvanla nə qədər oxşar epizodlar təşkil edirdi... Bəli, Naxçıvan blokadaya salınırdı. Həm də tam blokadaya... Naxçıvanlılar leninqradlılardan fərqli bir blokada yaşayırdılar. Bu fərq ondan ibarət idi ki, Leninqrada həm hava, həm su yolu – Ladoqa gölü vasitəsilə yol var idi. Naxçıvanın isə hər tərəfdən ümidi üzülmüşdü, tək yolu hava ilə idi”.
1990-cı ildə dəmir yolu bağlananda, qatarlar güllələrlə dəlmə-deşik olunanda, 17 nəfər ağır yaralanıb xəstəxanaya yerləşdiriləndə artıq maşinistlər yola çıxmaqdan qəti imtina etdilər. Həmin dövrdə mən Naxçıvan televiziyasında redaktor işləyirdim. Ordubad xəstəxanasında yaralı maşinistlərlə söhbət aparmağım hələ də yadımdadır. Mətanət xanım da həmin günləri xatırladır: 40 gündən sonra yollar açılsa da, sonralar həmişəlik bağlandı.
Kitabın müxtəlif fəsillərində çörək növbəsində çəkdiyimiz əzablar, çörək köşkü önündə yıxılıb beyninə qan sızan Həsən kişinin faciəsi həmin illərdə hər birimizin ağrısı idi. Saatlarla çörək növbəsində dayanan insanlar, evini qızdırmaq üçün ağlaya-ağlaya ərik ağacını kəsən Həsən əminin göz yaşlarını müəllif həmin dövrün ümumi ağrılarının timsalında çox gözəl şəkildə oxucuya çatdırır.
Kitabın ən gözəl fəsli ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanı blokadadan çıxarmaq üçün həyata keçirdiyi böyük işlərin təsvirinə həsr olunub. Ağır günlərdə ulu öndər Heydər Əliyevin Naxçıvanda olması, İran və Türkiyə ilə əlaqələr yaratması, körpülərin açılması, Naxçıvanın blokadadan çıxmasında bu dahi insanın fövqəlbəşər fəaliyyəti və xidmətləri çox böyük məhəbbətlə təsvir olunur. Xalq və rəhbər sevgisini müəllif çox səmimi bir şəkildə real təsvirlərlə oxucuya çatdırır. Ümummilli lider Heydər Əliyev həmin illəri sonralar belə xatırlayır: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.
Ulu öndər Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində işlədiyi dövrdə onunla görüşə Azərbaycanın görkəmli ziyalıları, siyasətçiləri, sadə insanları gəlirdi. O bu insanları vaxtı olmasa belə, yenə də qəbul edirdi. Ulu öndər o dövrdə soyuq otaqda, lampa işığında gecə yarısına kimi işləyirdi. Həmin illərdə görkəmli jurnalist Sirus Təbrizli ulu öndərlə görüşmək istəyir. Köməkçisi ona deyir ki, işin sonunda gəlin, yoldaş Əliyev sizi qəbul edəcək. Sirus Təbrizli saat 6-7 radələrində Ali Məclisə gedir. Köməkçi bu dəfə ona deyir ki, Sirus müəllim, siz çox tez gəlmisiniz. Heydər Əliyevin iş vaxtının sonu gecə saat 12-dən tez olmur, siz mehmanxanaya qayıdın, biz o vaxt maşın göndərərik gələrsiniz.
Həmin günləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana etdiyi son səfərlərinin birində belə xatırlayır: “Mənim yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq. Bu gün elektrik enerjisi ilə bağlı bütün problemlər həll olunub. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra Naxçıvan Muxtar Respublikası öz enerji tələbatının 100 faizini bərpa olunan enerji hesabına təmin edəcək. Bu, dünya miqyasında, bəlkə də, yeganə belə bir hal olacaqdır”.
Həqiqətən də o illər olduqca çətin idi. Sədərəkdə ağır döyüşlər gedirdi. Ərzaq çatışmırdı, insanlar istilik sarıdan həddindən artıq əziyyət çəkirdi. Mətanət xanım kitabda Sədərək döyüşlərindən danışarkən şair Vaqif Məmmədov haqqında da çox səmimi danışır. Bir ziyalı, bir şair kimi Vaqif Məmmədovun əsərlərinə, şeirlərinə müraciət edərək onun kitablarından, xüsusən də “Sədərək gündəliyi”ndən bacarıqla, məhəbbətlə söhbət açır. Vaqif Məmmədov bir tarixçi-alim kimi, bir şair kimi ermənilərin Sədərəyə etdiyi 14 qanlı hücumun tarixlərini dəqiq göstərməklə tarixçi missiyasını da çox gözəl yerinə yetirib. Məhz Mətanət xanım da Sədərək hadisələrindən söhbət açarkən bu sənədli əsərlərə müraciət edərək öz əsərini tarixi faktlarla daha da zənginləşdirir.
Kitabın ikinci cildi 12 fəsildən ibarətdir. Kitab ümummilli lider Heydər Əliyevin gözəl bir arzusu ilə başlayır: “İstəyirəm mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.
1990-cı ildən bu günə qədər 30 illik zaman içərisində Naxçıvan Muxtar Respublikasının keçdiyi şərəfli bir yolu müəllif 1995-ci ildən başlayaraq blokadanın ağırlıqlarını aradan qaldırmağı həyat amalına çevirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük quruculuq fəaliyyəti ilə bir daha geniş şəkildə oxuculara çatdırır. 60 illik ömrünün 25 ilini Naxçıvanın inkişafına, tərəqqisinə, blokadadan çıxmasına həsr edən Ali Məclisin Sədri müəllifin dediyi kimi muxtar respublikanın bütün sakinlərinin sonsuz sevgisini xarakterindəki 25 qiymətli məziyyətlə qazanıb: “Sadəlik, əqidə, sədaqətlilik, dövlətçilik, mübarizlik, vətənpərvərlik, prinsipiallıq, yorulmazlıq, dözümlülük, uzaqgörənlik, cəsarətlilik, Qurucu Rəhbər, ənənəvilik, zövqlülük, təmizlik, qonaqpərvərlik, zəhmətkeşlik, qayğıkeşlik, həssaslıq, mərhəmətlilik, etibarlılıq, məğrurluq, xilaskarlıq, əbədilik, müdriklik”.
Müəllif müstəqillik illərində muxtar respublikamızda həyata keçirilən böyük quruculuq işlərini Naxçıvan şəhərinin, rayonlarımızın, kəndlərimizin simasında daha aydın şəkildə oxuculara çatdırır. Kitabda çap olunan şəkillər həm 90-cı illərdəki sosial obyektlərin, həm də həmin tikililərin bugünkü mənzərəsini bir daha gözümüz önündə canlandırır. İşığa həsrət qalan muxtar respublikamız bu gün nur dənizində üzür. Abad yollar, gözoxşayan yaşıllıqlar, şəhər yollarından seçilməyən rahat kənd yolları, yaraşıqlı məktəblər, xəstəxanalar, kənd mərkəzləri, sosial obyektlər, yüzlərlə, minlərlə tikililər gözlərimiz önündə yaradılıb. Bu isə blokada şəraitində yaşayan Naxçıvanın keçdiyi böyük və şərəfli yolun bariz nümunəsidir. Müəllif “Şərq qapısı” qəzetində, rayon qəzetlərində çap olunan materiallara müraciət etməklə “Naxçıvan blokadası” kitabının məziyyətlərini daha da artırmışdır.
Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.
Bəli, Naxçıvanda torpaq, yurd, vətən sevgisi həmişə uca tutulub. Ali Məclis Sədrinin dediyi kimi: “Biz sehrli çubuğa malik deyilik, biz yalnız zəhmətkeş və doğma evimiz olan Naxçıvanı sevən insanlarıq”.
Jurnalist Mətanət Məmmədova da məhz “Naxçıvan blokadası” ikicildliyi ilə yurda, vətənə olan sevgisini dünənin və bu günün müqayisəsi ilə bir daha oxucusunun gözü qarşısında canlandırıb. Bu kitab blokada şəraitində yaşayan, inkişaf edən Naxçıvanımızın canlı salnaməsidir.
“Naxçıvan blokadası” kitabının Naxçıvan Muxtar Respublika mükafatına layiq görülməsi münasibətilə müəllifi bir daha təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Asim YADİGAR
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR