Torpağın insan cəmiyyəti üçün çox böyük əhəmiyyəti vardır. Belə ki, insanlar qədim dövrlərdən başlayaraq qida əldə etmək məqsədilə kortəbii şəkildə də olsa, torpağa müəyyən təsir göstərmişlər. Sonralar torpaqda müəyyən bitkilər əkməklə bu təsir daha da artmış və güclənmişdir. Torpaqların becərilməsi nəticəsində torpağın fiziki xassəsi kökündən dəyişir.Torpaq qida məhsullarının mühüm mənbəyidir. Təbiətdə torpaqlar müxtəlif olduğu kimi, onların qida maddələri ilə təmin olunma dərəcəsi də xeyli müxtəlifdir. Bu qida maddələri də bu və ya digər torpaqlarda becərilən müxtəlif çeşidli kənd təsərrüfatı bitkiləri və heyvanlar tərəfindən mənimsənildiyindən onları üzvi, mineral və bakterial gübrələr tətbiq etməklə təkrar torpağa qaytarmaq zərurəti yaranır.

     İnsan cəmiyyəti yaranan gündən onun bütün fəaliyyəti istehsal vasitəsi olan torpaqla bağlı olmuşdur. Həm də bu bağlılıq və təsir son zamanlarda daha da artmış və güclənmişdir. İnsan cəmiyyətinin torpaq örtüyünə təsiri onların təbii mühitə təsirinin bir tərəfini təşkil edir.

    Torpağın əsas xassəsi onun münbitliyidir. Münbitlik torpaqda bitkinin normal yaşaması və məhsul yetirməsindən ötrü qida elementləri və su, onun kök sistemini,  hava və istiliklə təmin etmək qabiliyyətidir. Torpağın tərkibində su çox olduqda bataqlığa çevrilir, mineral duzlar çox olduqda şoranlaşır, əkin üçün yararsız olur.  Münbit torpaq qatı uzun illər ərzində ona müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlir. Ona görə də torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti vardır. Bütün sərvətlər tükənə bilər. Amma torpaq ən qiymətli sərvət olaraq böyük  iqtisadi əhəmiyyətini hər zaman göstərir. Torpaq ona düzgün qulluq edildikdə daha böyük gəlir verir.

    Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasının vacib şərtlərindən biri də bütün mülkiyyət növləri üzrə, o cümlədən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli və məqsədyönlü istifadə edilməsidir. Məhz bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi, torpaqların kənd təsərrüfatı  dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin bərpası və artırılması məqsədi ilə torpaqların mühafizəsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənibdir. Bu sahədə ölkəmizdə zəruri hüquqi baza yaradılmış, 30 dekabr 1999-cu ildə “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Həmin qanun dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən etmişdir.

        Bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biri də torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunmasıdır. Bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və onların mühafizəsi sahəsində əsas vəzifə icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və torpaqların münbitliyinin artırılması   sahəsində qanunvericiliyin tələblərinə əməl etməkdir. Qeyd edək ki, torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində idarəetmə sisteminə  müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri daxildir. Qeyd edilən qanunla torpaqların münbitliyinin təmin olunması sahəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri müəyyən edilmiş, bələdiyyələrin də  üzərinə mühüm vəzifələr qoyulmuşdur.

         “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həmçinin bələdiyyə  mülkiyyətində olan torpaqların da münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsasları müəyyən edilmişdir. Belə ki, həmin qanuna görə bələdiyyələr torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində proqramlar hazırlamalı və icrasına nəzarət etməli, torpaqların münbitliyinin təmin olunması sahəsində üzərlərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

      Muxtar respublikada torpaqların münbitliyinin artırılması ilə bağlı məsələlər də xüsusi ilə diqqətdə saxlanılır və bunula bağlı tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi, torpaqların əkin dövriyyəsinə qatılması muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.

      2020-ci il noyabrın 16-da Kəngərli rayonunun Böyükdüz kəndində yeni qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi tədbirində Ali Məclisin Sədri demişdir: “Su təminatı, əkinəyararlı və bərəkətli torpaqlar olan yerdə inkişaf təmin olunur və ərzaq bolluğu yaranır ”.

        Torpaqların münbitliyinin təmini istiqamətində əsas məsələlərdən biri də əkin yerlərinin mühafizəsidir. Əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi sahəsində işin gücləndirilməsi üçün Torpaq Məcəlləsinə və “Torpaqların münbitliyi haqqında” Qanuna  əkin yerlərinin yandırılmasının qadağan edilməsi  ilə bağlı yeni norma əlavə olunmuşdur. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində bu tələbin pozulması ilə bağlı fiziki və hüquqi şəxslər, habelə vəzifəli şəxslər üçün inzibati məsuliyyət müəyyən edilmişdir.

        Taxılçılıq təsərrüfatlarında biçin işləri başa çatdıqdan sonra kövşənin  (taxıl əkilmiş yer, zəmi) yandırılması kənd təsərrüfatına yararlı torpaq sahələrinin üst münbit qatının korlanmasına, əkin yerlərində torpaqların qida maddələri balansının pozulmasına, yaxınlıqda yerləşən digər sahələrdə, yaşayış məntəqələrində və meşə ərazilərində yanğın təhlükəsinin yaranmasına, mühəndis-kommunikasiya sistemlərinin sıradan çıxmasına, habelə hüquqi və fiziki şəxslərə məxsus əmlakın məhv olmasına şərait yaradır.

        Əkin yerlərinin mühafizəsinin ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından müstəsna əhəmiyyəti nəzərə alınaraq əkin yerlərinin mühafizəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələrin bələdiyyələr tərəfindən öyrənilərək tətbiq edilməsinin mühüm əhəmiyyəti vardır. Bununla əlaqədar əhali arasında torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş rejimə uyğun istufadə edilməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, habelə torpağın münbit qatının korlanmasına yol verilməməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş təbirlərin  bələdiyyələr tərəfindən vaxtaşırı həyata keçirilməsi məqsədə müvafiqdir.   

        Qanunvericilik yerli özünüidarəetmə orqanlarına torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına nəzarət etmək, öz səlahiyyətləri daxilində bələdiyyə torpaqlarının səmərəli istifadəsinə və münbitliyinin mühafizəsinə nəzarət etmək sələhiyyəti vermişdir. Bundan əlavə Tədbirlər Planında yerli özünüidarəetmə orqanlarının da üzərinə mühüm vəzifələr qoyulmuşdur. Muxtar respublikamızda fəaliyyət göstərən bələdiyyələr müəyyən edilmiş vəzifələri yerinə yetirməli, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında maarifləndirmə tədbirləri keçirilməlidir. Unutmayaq ki, min illər ərzində yaranan torpaq bizim təbii sərvətimizdir. Ərzaq məhsullarının, heyvan qidasının, sənaye üçün alınan xammalın əsas mənbəyidir. Torpağı qorumaq və onun məhsuldarlığını artırmaq hamının borcudur.

   Xəyal EYVAZOV       

                                                                          Ədliyyə Nazirliyinin Bələdiyyələrlə    

                                                                       iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti   

                                                                          icra edən I dərəcəli ədliyyə qulluqçusu