Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələrə dair kollegiya iclası keçirilmişdir.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov məruzə edərək bildirmişdir ki, 2020-ci il təhsil sahəsində bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı, təhsilin bakalavr pilləsinə, habelə təhsillə bağlı digər imtahanlara hazırlıq kurslarının keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, “İmtahan Mərkəzi”i yaradılmışdır.

Tətbiq olunan yeniliklər tədris prosesini də əhatə etmiş, 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılmış, kabinələr yaradılaraq istifadəyə verilmiş, müəllimlərə təlimlər keçirilmişdir.
Hesabat dövründə öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1 nəfər “Tərəqqi” medalına, 6 müəllim isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına, istedadı ilə fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır.
STEAM təhsil metodunun tətbiq edilməsi ilə bağlı 6-cı və 7-ci siniflər üçün dərslik və tədris proqramları, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı, “İstedadlı şagirdlər” albom-kataloqu nəşr edilmiş, kitabların təqdimatı keçirilmişdir. Həmçinin 2020-ci ildə də “Sabahın tədqiqatçıları” layihəsi, “Tariximizi qoruyaq və yaşadaq!” aksiyası davam etdirilmiş, 400-dən artıq maddi mədəniyyət nümunəsi Mədəniyyət Nazirliyinə verilmişdir.
Təhsil naziri qeyd etmişdir ki, muxtar respublika təhsilinə göstərilən dövlət qayğısı öz bəhrəsini vermiş, uğurlu nəticələr əldə edilmiş, 2020-ci ilin məzunlarının 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Məzunlardan 275-i qəbul imtahanlarında 500-700 arası bal toplamış, onlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı, hesabat dövründə 42 şagird muxtar respublika, 24 şagird respublika fənn olimpiadalarının qalibi olmuşdur. Məzunlardan 17-si qızıl, 17-si gümüş medala, 34-ü isə fərqlənmə attestatına layiq görülmüşdür.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.

*  *  *

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 2020-ci il ərzində öz işini verilmiş tapşırıqlara, həmçinin “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na və 1 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Pandemiya dövrü olmasına baxmayaraq, nazirlik tərəfindən bir sıra vəzifələrin icrası təmin edilib, ötən dövr ərzində gənclərlə iş və idman sahəsində 293 tədbir keçirilib. Bunlardan 150-si gənclərlə iş, 143-ü isə kütləvi bədən tərbiyəsi və idman sahəsini əhatə edib.
Bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollegiya iclasında nazir Azad Cabbarov səsləndirib. Bildirilib ki, ötən ildə mütəmadi olaraq muxtar respublikanın şəhər və rayonlarında gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədilə vətənpərvərlik mövzusunda filmlər nümayiş etdirilib, onların tarixi yerlərə və muzeylərə gəzintiləri təşkil olunub, intellektual oyunlar keçirilib. Bununla yanaşı, Bakı şəhərində universitet tələbələri arasında keçirilən “Poliqon” strateji intellekt oyunu üzrə III Universiadanın final mərhələsində muxtar respublikanı təmsil edən “Diplomat” komandasının iştirakı təmin edilib, komanda III yerin sahibi olub.
Vurğulanıb ki, 2020-ci il ərzində nazirlik tərəfindən muxtar respublikada idmanın kütləviliyinin təmin edilməsi də diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublika XVIII futbol çempionatının II dövrəsi, Naxçıvan futzal liqası, futzal üzrə “Badamlı-Naxçıvan kuboku” turniri, yeniyetmə və gənclər arasında birinciliklər və yoldaşlıq görüşləri, 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş “İdman festivalı” keçirilib, idmançıların və komandaların ölkə və beynəlxalq yarışlardakı iştirakı təmin edilib. Həmçinin futzal üzrə Azərbaycan kubokunda “Nəqşicahan” və “Badamlı” komandalarının iştirakları təmin edilib, muxtar respublika şahmatçıları 13 beynəlxalq, 6 ölkə səviyyəli onlayn yarışlarda iştirak edib və ümumilikdə, 37 medal qazanıblar. 1 nəfər idmançının adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib, o, aylıq təqaüdə layiq görülüb. Bu dövr ərzində hakimlər və məşqçilər üçün toplanış və seminarlar təşkil olunub, muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrində müxtəlif idman növləri üzrə klublar yaradılıb, Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılıb, Təlim-məşq Kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisinə başlanılıb.
Məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, muxtar respublika gömrük orqanları 2020-ci il ərzində 24 milyon 956 min manat vəsait toplayaraq büdcə öhdəliyini 101,1 % yerinə yetirib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 21,4 faizini təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə 72 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1,9 faiz artıb. İxrac əməliyyatları, əsasən, Gürcüstan, İran İslam, Türkiyə, Əfqanıstan, Yəmən, Oman, İraq, Türkmənistan respublikaları, Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası ilə həyata keçirilib.
Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə və digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyət nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirildiyini vurğulayan komitə sədri qeyd edib ki, bir cinayət tərkibli fakt üzrə tranzit olaraq Almaniyaya yük aparan nəqliyyat vasitəsindən 24 kiloqram narkotik vasitə – tiryək aşkar olunub.
Vurğulanıb ki, muxtar respublikamızda “İxrac ili” olan 2020-ci ildə 4 yerli istehsal şirkətinə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ verilib. Qəbul edilmiş Dövlət proqramlarının icrası ilə əlaqədar xaricdən yerli istehsal sahələrinin və ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu önə çəkən komitə sədri bu məqsədlə 70 tondan artıq ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını qeyd edib.
İclas çıxışlarla davam edib.

*  *  *

 

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 186 milyon 706 min manatlıq inşaat işləri yerinə yetirilib ki, bunun da 176 milyon 402 min manatını və ya 94,5 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib. Hesabat ilində Ordubad rayonunun Vənənd kəndində 432 yerlik tam orta və uşaq musiqi məktəbləri, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Culfa rayonunun Camaldın kəndində 252, Babək rayonunun Nəcəfəlidizə kəndində 78, Şərur rayonunun Qarabürc kəndində 120 şagird yerlik tam orta məktəb binalarının, Culfa Rayon Təhsil Şöbəsinin və məktəbdənkənar təhsil müəssisələrinin binası istifadəyə verilib. Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, uşaq bağçasının tikintisi, Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi üçün binanın, Şərur rayonunun Şəhriyar kəndində tam orta məktəb və uşaq musiqi məktəbi binalarının, Ordubad şəhərində və Nüsnüs kəndində məktəb binalarının yenidən qurulması davam etdirilib.
Qeyd olunub ki, 2020-ci ildə Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının tikintisi davam etdirilib.
Diqqətə çatdırılıb ki, 2020-ci ildə Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin və 1 yaşayış binasının tikintisi, 9 yaşayış binasının yenidən qurulması, Ordubad rayonunda 1 yaşayış binasının tikintisi, Babək şəhərində bazar kompleksinin tikintisi, Şərur rayonunda 1, Culfa rayonunda 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində 1 yaşayış binasının tikintisi, 5 yaşayış binasının, tələbə yataqxanasının yenidən qurulması, Şərur və Şahbuz rayonlarının hər birində 1 yaşayış binasının tikintisi, Şərur və Culfa rayonlarının hər birində 1 yaşayış binasının yenidən qurulması davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, ötən il ərzində muxtar respublikada 43 kilometrə yaxın yeni asfalt yol salınıb, 4 körpü tikilib və ya əsaslı təmir olunub. Hesabat ilində Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə gedən avtomobil yolunun, Culfa Rayon Rabitə Evi, Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin binası və Təhsil Şöbəsinin ətrafının, Şahtaxtı kənd Şərq hamamına gedən avtomobil yolunun, Babək rayonundakı bazar binası ətrafının, Dövlət Baytarlıq Xidməti binası ətrafının asfaltlanması, Naxçıvan şəhərində yerləşən “N” hərbi hissədə işlər davam etdirilib.
Sonra çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi