Bu yurdun sakinləri torpağa bağlı insanlardır

Məmməd Araz ucaldığı zirvəyə bu yoldan keçib

Şahbuz şəhərindən Nursu kəndinə gedən yol boyu bu yaşayış məntəqəsini ölkəmizin hüdudlarından belə, kənarda tanıdan gözəl şairimiz Məmməd Araz haqqında düşünürdüm. Düşünürdüm ki, onun ucaldığı zirvəyə gedən yolun başlanğıcı elə indi keçdiyim bu yol olub. Sonralar bu yolla şairin neçə-neçə pərəstişkarı, ölkəmizin görkəmli şair və yazıçıları Nursuya üz tutublar.
Onu da təsdiq edərik ki, bu gün çoxlarının dilinin əzbəri olan şeirlərindən hansısa bu yollarda misralanıb. Bu yolların sığındığı və möhtəşəmlik, ucalıq rəmzi kimi baş-başa verən Toğluqaya, Səngərtəpə, Motalqaya, Çadırlıdaş dağları, bu dağların otu, gülü-çiçəyi, dumanı, leysanı, küləyi, Şahbulaq, Kazımbulaq, Qubadbulaq, Yeddibulaq, Novlu, Kəklikli çeşmələri onun ilk ilham mənbəyi olub. “Mən uca dağlara babam demişəm”, – deyən şairə ömrünün sonuna qədər bu yerlər ilham verib. Onun şeirlərindən qəlbimizə süzülən xoş duyğuların təməli elə bu mənbədən qaynaqlanıb. Bu mənbədən qaynaqlanan hansı şerini yada salsaq, şair qəlbinin vətəndaşlıq poeziyası öz qollarını şeirsevərlərə açacaq.

Kəndə yaxınlaşırıq. Uzaqdan yolun kənarında şairin böyük portreti görünür. Bir vaxtlar özünün gedib-gəldiyi yolda indi onun portreti Nursuya gəlib-gedənləri qarşılayır və yola salır. Bu duyğularla kəndə daxil oluruq. Düşüncələr ovqatımıza yüksək hisslər qatıb. Budur, Nursu kəndinin meydanı. Yolun sağında məktəb binası. İlk olaraq təhsil ocağına baş çəkirik. Pedaqoji kollektiv yeni dərs ilinə hazırlaşır. Bura üz tutmaqda məqsədimiz həm də şairlə bağlı kənd ziyalılarının xatirələrini dinləməkdir. Məktəbin ədəbiyyat müəllimi Qəzənfər Məmmədov ilk həmsöhbətimiz olur: 
– Nursunu ölkəmizdə tanıdan Məmməd Araz olub. Bu qədim yaşayış məntəqəsi ilə öyünməyə hər bir nursulunun mənəvi haqqı var. Nursu kənd tam orta məktəbində ilk təhsillərini alan alimlər Firudin Hüseynov, Adil Bağırov, Arif Ağalarov, İbrahim Kazımbəyli və başqaları bu kəndin yetirmələridir. Sözsüz ki, Nursuya böyük şöhrət qazandıran belə insanların fövqündə Məmməd Araz dayanır. Bu haqqı o, hələ sağlığında qazanıb, əbədi olaraq da bu haqqı yaşadacaq. Qəzənfər müəllim deyir ki, bu gün kənddə Məmməd Arazdan danışarkən, onun vətənpərvərlik hissləri ilə yoğrulmuş poeziyasından bəhs edərkən şairin orta məktəbdə ədəbiyyat müəllimi olmuş Bayram Məhərrəmovla görüşməmək olmaz. Üz tuturuq Bayram müəllimgilə. Yaşı 85-i ötən bu kənd ziyalısı və ağsaqqalı gəlişimizin məqsədini biləndə bir qədər doluxsunur:
– Uşaq yaşlarında elə duyğularla yaşayırdı ki, özüm də təəccüblənirdim. Güclü yaddaşı var idi. Elə məktəbdə oxuyarkən düşünürdüm ki, o, yaxşı ədəbiyyatçı ola bilər. Lakin ədəbiyyatçı olmadı. Başqa ixtisası seçdi. Bununla belə, o, sübut etdi ki, xalqın şairi olmaq, oxucu qəlbini fəth etmək üçün hansı sənətin sirlərini öyrənmək əsas deyil. Şeirlərinin hər sətri fəlsəfi məzmun daşıyır. Bir dəfə oxuduğun şerini ikinci dəfə oxuyarkən yeni çalarlar tapırsan.
Bayram müəllim deyir ki, bu gün hər bir məktəbyaşlı nursulu uşağı Məmməd Arazın şeirlərinin çoxunu əzbər bilir. Bunun özündə də bir səbəb var. Düşünərsiniz ki, bu, yəqin, yerlilik təəssübüdür. Başlıca səbəb bu deyil. Səbəb Məmməd Araz poeziyasının böyüklüyüdür, xəlqiliyidir. Odur ki, bu poeziya sənət kəhkəşanında özünə əbədi yer tutub. “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncam Məmməd Arazın şəxsiyyətinə və yaradıcılığına böyük diqqət və ehtiramın nümunəsi kimi məni də şairə dərs demiş bir müəllim kimi ürəkdən sevindirdi. Bunun ardınca “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı bu sevincimizə daha bir sevinc qatdı. Muxtar respublikada insana, sənətkara qayğının ifadəsini bir daha gördük.
Məktəbdə kimlə söhbət etdiksə, söhbətə Məmməd Arazın şeri ilə başladı. Şairə oxucu məhəbbətini sözlə ifadə edə bilmirik. Bu yerdə yadıma şairin misraları düşür:

        Salam, ay zirvələr, salam, a dağlar,
        Yenə bir qayada göyərdin məni.
        Salam, ay zirvələr, salam, a dağlar,
        Yenə bir nəğməlik kövrəldin məni.

Şair qədirbilən insanların qayğısını bir daha gördü. Bu gün-sabah Nursuda Məmməd Arazın ev-muzeyi Məmməd Arazsevərlərin istifadəsinə veriləcək.

Qədim adət-ənənələri qorunan kəndin adı və tarixi nə deyir

Kəndin ziyalılarının toplandığı təhsil ocağında Azərbaycana Məmməd Araz bəxş edən qədim yurd yerinin qədim adət-ənənələri, tarixi, “Nursu” sözünün etimologiyası ilə maraqlandıq. Öyrəndik ki, qədim yaşayış məntəqələrindən biri olan Nursuda xalqımızın milli dəyərləri bu gün də böyük mühafizəkarlıqla qorunur. Dünənə, ulu keçmişə bağlılığın, milli dəyərlərə ehtiramın ifadəsini nursuluların qonaqpərvərliyində, ağsaqqala, ağbirçəyə göstərilən diqqətdə, adət-ənənələrə yazılmamış qanun kimi riayət etməkdə görmək olar. Bu yerdə yenə təqaüdçü müəllim Bayram Məhərrəmov söhbətə qoşulur:
– Muxtar respublikanın yaşayış məntəqələrinin böyük əksəriyyətində olmuşam. Adət-ənənələrimizin qorunduğu yaşayış məntəqələri daha çox ucqar kəndlərdir. Nursuda da belədir. Onu da deyim ki, olduğum kəndlərdə çox fikir vermişəm: harada ağsaqqal öyüd-nəsihətinə qanun kimi baxılır, o yerdə adət-ənənələr də qorunur. Diyarımız uzunömürlülər diyarıdır. Yəni öyüdünə, nəsihətinə ehtiyac duyduğumuz belə insanlar çoxdur. Deməli, adət-ənənələrimizin yaşadılmasında onların nüfuzu böyük rol oynayır. Bu gün muxtar respublikamızda adət-ənənələrimizin qorunmasına dövlət səviyyəsində ciddi diqqət yetirilir. Deməli, tariximizlə yaşıd olan adət-ənənələrimiz bundan sonra da yaşayacaq. Nursuya gəldikdə gözünüz önünə 30-40 il bundan əvvəl gördüyümüz adət-ənənələrimizi gətirin. İstər toy, istər yas mərasimləri olsun, istərsə də digər adətlərimiz. Onlar bu gün də yaşadılır.
Kəndin tarixi haqqında bildirdilər ki, rayon mərkəzindən 8 kilometr şimal-şərqdə, dağətəyi ərazidə yerləşən bu kənddə son orta əsrlərə aid arxeoloji abidə aşkarlanıb. Hündür təpə üzərində yerləşən bu abidə müsəlman qəbiristanlığıdır. Müəllimlərin və yaşlı kənd sakinlərinin dediklərinə görə, qəbiristanlıqda qəbirüstü qoç fiqurları olub, lakin onların əksəriyyəti dağıdılıb. Qəbiristanlığın təxminən XV-XVI əsrlərə aid olması ehtimal edilir. Kəndin adının ilkin variantı “Nursu” şəklində olub. Çoxmənalı “nur” sözü bir neçə mənanı ifadə edir. Aydınlıq, işıq, şərəf, dağ silsiləsi, sıldırım, göl anlamlarında işlənir. “Su” sözündən ibarət olan adın ikinci tərəfi birinci tərəflə birləşərək “Sıldırm dağlarda yerləşən göl” mənasına uyğun gəlir. Bu kəndin yetirməsi, filologiya elmləri doktoru Adil Bağır­ovun qənaətinə görə, belə adlanma kəndin relyef quruluşu, ərazisində çoxlu su mənbələrinin olması faktı ilə də təsdiqlənir. Həmin su mənbələrinin bir neçəsinin adını biz yuxarıda sadalamışıq. “Nursu” adının daha dəqiq olduğu nəzərə alınaraq hazırda kənd bu adla rəsmiləşdirilib.

Nursuda bugünkü həyat

Nursu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nəbi Əmişov qədim yaşayış məntəqəsinin bu günü haqqında bizə ətraflı məlumat verdi. Bildirdi ki, 3644 hektar ərazisi olan kənddə 843 sakin yaşayır. Onlar 221 təsərrüfatda birləşiblər. 329 hektar pay və böyük həcmdə həyətyanı torpaq sahələrindən istifadə olunan Nursuda təsərrüfatın dağlıq ərazilər üçün spesifik olan sahələrinin inkişafına ciddi önəm verilir. Bu sahələrdə hər il xeyli uğurlar qazanılır. Bununla yanaşı, kənddə taxılçılıq da inkişaf etdirilir. Cari ildə torpaq mülkiyyətçiləri 68 hektar taxıl əkini sahəsindən məhsul tədarük ediblər. Hazırda gələn ilin taxılı üçün şum qaldırılması davam etdirilir. Əli Kazım­ov ömrü boyu təsərrüfatda çalışıb. Onun söhbəti:
– Çoxları elə bilir ki, dağlıq ərazilərdə yaşamaq çətindir. 30-40 il bundan qabaq belə düşünənlərə haqq qazandırmaq olardı. Çünki o vaxt yollar bərbad vəziyyətdə idi. Telefon, televizor barədə söhbət gedə bilməzdi. İşıqlar tez-tez sönürdü. Nəqliyyat yox idi. Bu gün isə vəziyyət tamamilə başqa cürdür. Elə bizim bu Nursuda mobil telefonlar da işlədilir. Kənddə antena quraşdırılıb. Qazımız, işığımız öz yerində. Yollarımız abadlaşdırılıb. Hər gün kənddən rayon mərkəzinə və Naxçıvan şəhərinə marşrut-avtobuslar işləyir. Kitabxanamız, mədəniyyət evimiz var. Kənd adamına bundan başqa nə lazımdır ki? Bir də onu deyim ki, daha torpaqlar da özümüzün şəxsi istifadəmizdədir. Kim nə istəyir, onu da əkib-becərir. Bunun üçün də dövlətimiz qayğı göstərir. Hər il kreditlər verilir, müxtəlif yardımlar olunur. Mən özüm bu yay 3 hektar sahədən taxıl götürmüşəm. Gələn il üçün əkəcəyim sahəni də şumlatmışam. Bu gün-sabah əkini başa çatdıracağam. Həyətyanı təsərrüfatımda ailəmin illik ehtiyacını ödəyəcək ərzaq məhsulları yetişdirmişəm. Onu da deyim ki, 150 arı ailəsi saxlayıram. Hər il də yüksək qazanc əldə edirəm.
Hərbçi Elman Süleymanov təqaüdə çıxdıqdan sonra Nursuda torpaq sahəsi alıb. Burada özünə fərdi ev tikdirib. Maldarlıqla məşğul olur. O da gün-güzəranından xeyli razılıq edir.
Salman Ələkbərov 150 baş xırdabuynuzlu heyvan saxlayır. Deyir ki, belə şəraitdə pis yaşamağa heç kimin haqqı yoxdur. Kim belə yaşayırsa, günah onun özündədir.
İcra nümayəndəsi deyir ki, Nursu bu gün ət, süd, süd məhsulları istehsalına görə rayon üzrə ilk yerlərdən birini tutur. 600 arı ailəsi saxlanılan kənddə bu sahə ilə məşğul olanlar hər il muxtar respublika bazarlarına yüksəkkeyfiyyətli bal məhsulu çıxarırlar. Nursuda ərsəyə gələn bu məhsulun Bakı şəhərində də alıcıları çoxdur.
Nursuda bugünkü həyat barədə qısaca olaraq bu qədər məlumatla kifayətlənirik. Çünki hər bir nursulu ailəsi təsərrüfatın bu sahələri ilə məşğul olur, bunun üçün göstərilən dövlət qayğısından səmərəli istifadə edir, gün-güzəranını yaxşılaşdırır.

Məmməd Araz yurdundan ayrılarkən
Günəş dağlar arxasına çəkilməkdə idi. Bu gözəlliyi hər gün yaşayan nursulular belə yurd yerinin şöhrətini daim yüksək tutur, qədim diyarımızın bu gününün gerçəkliklərinə sevinir, sabah bundan da xoş günlərə qovuşacağına inanırlar. Bu inam onların həyat kredosudur.

Muxtar MƏMMƏDOV