Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2013-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə dаir kollegiya iclası keçirilmişdir. İclasda nazir Hafiz Yaqubov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının daxili sularında, Araz çayı və dəryaçasının muxtar respublika hüdudlarına aid olan hissəsində suyun ekoloji vəziyyətinin nəzarətdə saxlanılması məqsədilə ekoloji monitorinqlər aparılmışdır. Belə ki, cari ilin birinci yarısında muxtar respublikanın daxili sularında (çaylar, göllər, bulaqlar, çeşmələr və sututarlarda) 34 monitorinq-yoxlama keçirilmiş, 85 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 655 laboratoriya analiz-təhlillər aparılmışdır.
Hidrometeoroloji xidmət plan-proqramlara uyğun olaraq, muxtar respublikanın quru ərazisində, daxili sularda, o cümlədən Araz çayı və dəryaçasının muxtar respublikaya aid olan hissəsində kompleks müşahidələr (hidroloji, meteoroloji, aqrometeoroloji, aeroloji) aparmış, gündəlik məlumatlar, aylıq proqnozlar hazırlanmışdır. Təhlükəli hidrometeoroloji hadisələr, kəskin hava dəyişmələri (daşqınlar, sellər) haqqında xəbərdarlıqlar hazırlanaraq aidiyyəti dövlət orqanlarına məlumatlar verilmişdir.

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi, həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış ağacların, tinglərin yetişdirilməsi sahəsində nəzərdə tutulan tədbirlər qoruq, milli park və yasaqlıq ərazilərində uğurla icra edilmişdir.
Bu məqsədlə Şahbuz Dövlət Təbiət Qoruğu ərazisində 1,5 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 1,7 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazilərində 0,5 hektar, “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazisində 0,4 hektar sahədə meyvə bağları salınmış, 16,7 hektar əvvəllər əkilmiş meyvə bağlarında və meşə massivlərində toxumla bərpa işləri görülmüşdür.
2013-cü ilin yaz-əkin mövsümündə muxtar respublika ərazisində, magistral yolların kənarlarında, çay vadilərində, sututarların, su kanallarının kənarlarında, meşə fondu torpaqlarda 230 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa tədbirləri həyata keçirilmiş, 280 min ədəd ting (meşə və meyvə tingi, həmişəyaşıl ağaclar, gül və bəzək kolları) əkilmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, orta dağlıq və dağlıq əraziləri əhatə edən və xüsusi mühafizə olunan təbiət ərazilərində, ümumilikdə, muxtar respublika ərazisində 100 hektardan çox sahədə yeni meyvə bağları salınmışdır.
Muxtar respublika ərazisində həyata keçirilən yaşıllaşdırma tədbirlərində tingə olan tələbatın təmin edilməsi, əkin keyfiyyətinin yüksəldilməsi məqsədilə regionun torpaq və iqlim xüsusiyyətlərinə uyğunlaşdırılmış ting ehtiyatının yaradılması üçün tədbirlər icra edilmişdir. Nazirliyin tingyetişdirmə sahələrində 350 min ədəddən çox meşə və meyvə tingləri, həmişəyaşıl ağaclar yetişdirilmiş, 3 min 700 kiloqramdan çox müxtəlif növ toxum tədarük edilmişdir. Dağlıq və orta dağlıq ərazilərdə meyvə bağlarının salınması üçün bu ərazilərin təbii iqlim şəraitinə uyğunlaşdırılmış meyvə tinglərinin yetişdirilməsi məqsədilə Şahbuz Dövlət Təbiət Qoruğu, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazilərində 2 hektar tingçilik sahələri yaradılmışdır. Muxtar respublika ərazisində tut ağacı bağçılıq təsərrüfatının inkişafı istiqamətində 1,5 hektar sahədə tut ting­lərinin yetişdirilməsi üçün əkin işləri aparılmışdır.
Muxtar respublika ərazisində sudan səmərəli istifadə olunması, torpaqların münbitliyinin qorunması, şoranlaşma və eroziyaya qarşı mübarizə aparılması, relyefi müxtəlif olan ərazilərdə düzgün suvarma tədbirlərinin icra edilməsi məqsədilə 2007-ci ildən damcı üsulu ilə suvarma sisteminə üstünlük verilir. Birinci yarım ildə 6 hektar yeni salınmış yaşıllıq sahələrində damcı üsulu ilə suvarma sistemi tətbiq olunmuşdur.
Kollegiya iclasında işdə buraxılan nöqsanlara da toxunulmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli idarə və müəssisələri rəhbərlərinin çıxışları olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

Xəbərlər şöbəsi