Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin müzakirəsi və cari ilin birinci yarısının yekunları ilə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə komissiyanın sədri Etibar Musayev açaraq bildirib ki, muxtar respublikada dövlət qulluğu siyasətinin həyata keçirilməsində daha yüksək nailiyyətlərə nail olmaq üçün dövlət orqanları ilə sıx əlaqə saxlanması, komissiya tərəfindən dövlət qulluqçuları ilə işin təşkilinə nəzarətin artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət edilməsi ilə bağlı daxil olan məlumatların vaxtında araşdırılması qarşıda duran vəzifələrdəndir. Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olan kadrların seçilməsində tam şəffaflığın və obyektivliyin təmin olunması, bu məqsədlə yeni proqram təminatının qısa müddətdə hazırlanıb istifadəyə verilməsinə nail olmaq üçün bütün qüvvələrin səfərbər edilməsi vacib şərtlərdəndir. Komissiya əməkdaşları ötən müddətdə olduğu kimi, bundan sonra da potensial imkanlardan səmərəli istifadə etməli, mütəxəssislərin köməyindən istifadəyə üstünlük verməlidirlər. 

Yığıncaqda komissiya əməkdaşlarından Mühasibatlıq və ümumi işlər sektorunun müdiri Arzuman Musayevin, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rafiq Nəcəfovun, İnformasiya texnologiyaları və proqram təminatı sektorunun müdiri Fatma Hüseynovanın bu ilin ilk altı ayında görülən işlərlə bağlı çıxışları olub. Çıxışlarda qeyd edilib ki, muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan 2053 nəfər dövlət qulluqçusunun reyestr sənədləri kağız formatda toplanıb və elektron bazaya işlənib. 2053 nəfər dövlət qulluqçusundan 55 nəfəri siyasi, 1660 nəfəri inzibati vəzifə tutan dövlət qulluqçularıdır. 338 nəfər isə yardımçı vəzifə tutan dövlət qulluqçularıdır. Hesabat dövrü ərzində 86 nəfərin dövlət qulluğunda xidmətinə xitam verilib. Təəssüflər olsun ki, reyestrin aparılması zamanı ortaya çıxan nöqsanlar reyestrin aparılma sürətini ləngidir. Belə ki, bir sıra dövlət orqanlarında kadrlarla bağlı verilən əmrlərdə heç bir əsas göstərilmir. İxtisas dərəcələrinin verilməsi halları qanunvericiliyin tələblərinə uyğun aparılmır. Dövlət reyestrinə daxil olmuş məlumatlarda baş vermiş dəyişikliklər barədə informasiya vaxtında komissiyaya təqdim olunmur. 2013-cü ilin sonuna kimi reyestrin aparılması ilə bağlı proqram təminatının yenilənməsi nəzərdə tutulub. Bu tədbir işin günün tələbləri səviyyəsində qurulmasına imkan yaradacaq. 
Qeyd edilib ki, ötən il avqust ayının 18-də elan olunmuş müsabiqənin test imtahanı mərhələsində 102 namizəd müvəffəqiyyət qazanıb, onlardan 90-ı müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Bunlardan 86-sı müsahibələrdə iştirak etmək hüququ qazanıb. Müsahibələr 7-11 fevral 2013-cü il tarixlərində keçirilib və bu mərhələni müvəffəqiyyətlə başa vuran 63 namizəd dövlət orqanlarında müvafiq işlə təmin olunub, 6 nəfər namizəd ehtiyat kadr bazasında qeydiyyata alınıb, 3 nəfər vəzifədən imtina edib. İki aprel 2013-cü il tarixdə komissiya tərəfindən inzibati vəzifələrin V-VII təsnifatına uyğun vakant vəzifələrin siyahısı müəyyənləşdirilib, yeni müsabiqə elan edilib. Bu müsabiqənin müsahibə mərhələsi 18-21 iyun tarixlərində keçirilib, 89 namizəddən 85 nəfəri müsahibələrdə iştirak edib, 48 nəfər müvəffəqiyyət qazanıb. Hazırda növbəti müsabiqənin elan olunması üçün dövlət orqanları ilə vakant vəzifələrin dəqiqləşdirilməsi aparılır. Bu ilin iş planına uyğun olaraq, mart-aprel aylarında dövlət qulluqçularının etik davranış qaydalarına riayət edilməsi ilə bağlı seminarların keçirilməsi aprel ayında növbəti müsabiqə elan olunması səbəbilə ilin ikinci yarısı üçün nəzərdə tutulub. 
Yığıncağa Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Etibar Musayev yekun vurub.

*   *   *

Dördüncü çağırış Naxçı- ­van Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin icrası və cari ilin ilk altı ayının yekunları ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində kollegiya iclası keçirilmişdir. İclası komitənin sədri Cəfər Muxtərov açaraq 2013-cü ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır.
Qeyd olunmuşdur ki, bəhs olunan dövrdə muxtar respublikada 96 milyon manat həcmində tikinti işləri yerinə yetirilmişdir. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən quruculuq işlərinin həcminin 1,1 faiz artması deməkdir. Ümumilikdə, ilin əvvəlindən muxtar respublika üzrə müxtəliftəyinatlı 137 obyekt istifadəyə verilmiş, 219 obyektdə isə tikinti-quraşdırma, yenidənqurma və təmir işləri davam etdirilmişdir.
Bildirilmişdir ki, muxtar respublikada yeni yaradılmış infra­struktur obyektlərindən biri də kənd və xidmət mərkəzləridir. İlin birinci yarısında 4 kənd, 3 xidmət mərkəzinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda 18 kənd mərkəzinin tikintisi, 2 kənd mərkəzi üçün binanın yenidən qurulması, 12 xidmət mərkəzinin tikintisi, 1-nin yenidənqurma işləri davam etdirilir.
Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə də bir sıra işlər görülmüş, Naxçıvan şəhərində bir neçə ictimai yaşayış binası yenidən qurularaq və ya əsaslı təmir olunaraq, yeni yaşayış sahələri tikilərək istifadəyə verilmişdir. Hazırda gücü 20,5 meqavat olan Arpaçay Su Elektrik Stansiyasında son tamamlama işləri görülür, 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının və Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Komitə sədri qazanılan uğurlarla yanaşı, işdə buraxılan nöqsanlardan bəhs edərək bildirmişdir ki, keyfiyyətsiz iş, israfçılıq, elementar tikinti mədəniyyətinə, texniki təhlükəsizlik qaydalarına əməl olunmaması bəzi tikinti təşkilatlarında özünü yenə də göstərməkdədir. Podratçı təşkilatların işinə nəzarət gücləndirilsə də, istənilən nəticəyə tam nail olunmamışdır. Qarşıdakı dövrdə bu nöqsanlara son qoyulmalıdır.
Məruzə ətrafında müzakirələrdə komitənin Kəngərli və Ordubad rayon idarələrinin rəisləri Vəzir Əli­yevin və Əkrəm Salmanovun çıxışları olmuşdur.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov çıxış edərək bəhs olunan dövrdə müşahidə edilən nöqsanların qısa müddət ərzində aradan qaldırılması, gələcəkdə tikinti-abadlıq işlərinin keyfiyyətlə aparılması, yerli inşaat materiallarından istifadəyə üstünlük verilməsi, dizayn işlərində milli ornamentlərin daha geniş tətbiqi ilə bağlı adıçəkilən sessiyada tikinti təşkilatları qarşısında qoyulan vəzifələrdən danışmışdır.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq məruzə etmişdir. Qeyd olunmuşdur ki, hər il olduğu kimi, 2013-cü ildə də tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Hazırda muxtar respublikanın müxtəlif ünvanlarında məktəb binalarının tikintisi və ya yenidən qurulması davam etdirilir.
Bildirilmişdir ki, muxtar respublikamızda “Heydər Əliyev ili” olan 2013-cü ildə ulu öndərin 90 illik yubileyi, tarixi günlər və milli bayramlarımızla əlaqədar şeir, inşa yazı, rəsm müsabiqələri, fənn olimpiadaları, hərbi idman oyunları və digər yarışlar keçirilmişdir.
Vurğulanmışdır ki, 163 şagird fənn olimpiadalarının respublika mərhələsində iştirak etmək imkanı əldə etmişdir. 18 mart 2013-cü il tarixdə keçirilən fənn olimpiadalarının respublika mərhələsində iştirak edən şagirdlərdən 50 nəfəri olimpiadaların qalibi olmuşdur ki, onlardan 6 nəfəri I, 7 nəfəri II, 6 nəfəri III, 31 nəfəri isə IV yerə layiq görülmüşdür.
Təhsil Nazirliyi sadalanan tədbirlərlə yanaşı, təhsil prosesində həyata keçirilməsi lazım olan məsələlərin həllini də daim diqqətdə saxlamışdır. Belə ki, dərs ili başa çatarkən ümumi və tam orta təhsil bazaları üzrə təhsilini başa vurmuş məzunların buraxılış imtahanlarında iştirakı təmin olunmuşdur. Ümumi orta təhsil bazası üzrə buraxılış imtahanlarında Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilə birlikdə 4351 nəfər iştirak etmişdir. Onlardan 4200 nəfəri ümumtəhsil məktəblərinin IX sinfini bitirmişdir ki, həmin şagirdlərdən də 170 nəfəri fərqlənmə şəhadətnaməsinə layiq görülmüşdür. Tam orta təhsil bazası üzrə ümumtəhsil məktəblərimizi bitirmiş 4181 və Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 214 məzunun hamısı 7 iyun 2013-cü il tarixdə keçirilmiş buraxılış imtahanlarında iştirak etmişdir. Tam orta ümumtəhsil məktəblərini bitirmiş məzunlardan 15 nəfəri qızıl, 9 nəfəri isə gümüş medala layiq görülmüşlər. Ümumtəhsil məktəblərini və Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş 4400 məzunun hamısına bitirdiyi təhsil pilləsinə uyğun təhsil sənədləri verilmişdir.
Qeyd olunmuşdur ki, 2013-cü ildə ümumtəhsil məktəblərini 4186 məzun bitirmiş və onlardan 3238 nəfəri ali məktəblərə sənəd vermişdir. Bu, məktəbi bitirənlərin 77,35 faizini təşkil edir. Məktəb kompüterlərinin internet şəbəkəsinə qoşulması və sənəd qəbulunun internet vasitəsilə həyata keçirilməsi bu prosesin gedişinə öz müsbət təsirini göstərmişdir. Əvvəlki illərin məzunları ilə birgə ali məktəblərə sənəd verənlərin sayı 5563 nəfər olmuşdur ki, bunun da 2935 nəfəri (52,76 faiz) qızlar, 2628 nəfəri (47,24 faiz) oğlanlardır. Əvvəlki illərin məzunları, builki məzunlar və Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birlikdə sənəd verənlərin sayı 5777 nəfər olmuşdur. Məzunlar arasında xüsusitəyinatlı ali hərbi təhsil müəssisələrinə sənəd verənlərin sayı 129 nəfərdir. Son illər muxtar respublikamızda hərbi təhsil sahəsinə maraq xeyli artmışdır. Belə ki, 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə 995 nəfər sənəd vermişdir.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində keçirilən kollegiya iclası da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə həsr olunmuşdu. İclası komitənin sədri Bəxtiyar İsmayılov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin qeydə alınması, təhlil edilərək ümumiləşdirilməsi istiqamətində muxtar respublikanın statistika orqanları tərəfindən 2013-cü ilin birinci yarısında müəyyən tədbirlər görülmüşdür.
Komitə kollegiyasının 10 yanvar 2013-cü il tarixdə keçirilmiş iclasında 2013-cü il üçün həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmiş, komitədə 30 dekabr 2012-ci il tarixdə təsdiq edilmiş “2013-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və yerli statistika orqanları üçün statistik işlər haqqında pro­qram”a əsasən, 2013-cü ildə yığılacaq statistik hesabatların siyahısı, onların yığılma və təqdimedilmə reqlamenti müəyyənləşdirilmişdir.
Komitənin WEB səhifəsində statistik məlumatlar, hesabat formaları, təlimatlar, metodoloji izahlar, elektron kitabxana, statistik lüğət yerləşdirilmişdir. Bu internet resursu üzrə müəssisə və təşkilatlar tərəfindən hesabatların elektron formada təqdim olunması üçün “Elektron xidmətlər” bölməsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” menüsü yaradılmışdır ki, hesabat təqdim edən müəssisə və təşkilatlar statistika orqanlarına gəlmədən hesabatlarını internet vasitəsilə elektron formada təqdim etməkdədir. Bundan əlavə, “Elektron xidmətlər” bölməsində “Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi” və “Statistik məlumatların (göstəricilərin) verilməsi” menüləri yaradılmışdır ki, bu da, öz növbəsində, istifadəçilərin daha geniş informasiya əldə etməsinə şərait yaratmışdır.
Cari ilin ötən dövrü ərzində komitə aparatının aidiyyəti şöbələri tərəfindən Naxçıvan Muxtar Respublikasının internet saytında müvafiq göstəricilər yerləşdirilmişdir. İnternet saytında aylıq makroiqtisadi göstəricilərin, təhlil materiallarının və muxtar respublikada istifadəyə verilmiş obyektlərin fotoşəkillərinin yerləşdirilməsi işləri mütəmadi olaraq aparılmaqdadır.
İş planına uyğun olaraq, ötən il ərzində uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan təsərrüfat subyektlərinin göstəricilərinin aktuallaşması prosesi görülmüş tədbirlər nəticəsində nəzərdə tutulmuş vaxtda başa çatdırılmışdır. Uçot vahidlərinin dövlət reyestrində qeydiyyatda olan bütün müəssisələrlə əlaqə yaradılmış, müvafiq göstəricilər dəqiqləşdirilmişdir. Bu dövr ərzində hesabat intizamına cəlb olunmayan hüquqi şəxs qalmamışdır.
İqtisadi fəaliyyətin bütün sahələri üzrə təhlil materialları hazırlanaraq rəhbər orqanlara təqdim olunmuş, sosial-iqtisadi və demoqrafik proseslər davamlı qaydada izlənilmişdir.
Komitədə kadr hazırlığını daha da təkmilləşdirmək məqsədilə müxtəlif vaxtlarda keçirilən treninqlərdə Ticarət, xidmət və texniki təchizat statistikası, Qiymət statistikası, Mühasibat uçotu və hesabatı və Kənd təsərrüfatı statistikası şöbələrinin əməkdaşlarının iştirakı təmin edilmişdir.
Qeyd olunanlarla yanaşı, ötən dövr ərzində işdə bir sıra nöqsanlar da mövcud olmuşdur. İlin ikinci yarısında bu nöqsanların aradan qaldırılması istiqamətində ümumi fəaliyyətin gücləndirilməsi zəruridir.
Məruzə ətrafında müzakirələrdə Şərur və Ordubad Rayon Statistika idarələrinin rəisləri Abbas Məmmədov, Vüsal Cəfərov, komitə aparatının Ümumi işlər şöbəsinin müdiri Taleh İbişov çıxış etmişlər.

Xəbərlər şöbəsi