Şərur Rayon İcra Hakimiyyətində “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının və notariat hərəkətlərinin aparılması zamanı qanunvericiliyin tələbləri” mövzusunda seminar-müşavirə keçirilib.
Şərur və Sədərək rayonlarının kənd ərazi inzibati dairəsi üzrə nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəm­ovun, Qeydiyyat və notariat şöbəsinin notariat bölməsinin baş məsləhətçisi, kiçik ədliyyə müşaviri Səyyub Kərim­ovun mövzu ilə bağlı çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, qeydiyyat və notariat sahəsində aparılan əməliyyat zamanı qanunvericiliyin tələblərinə riayət edilməsi, hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi günün tələblərindən biridir. Bundan başqa, sözügedən əməliyyatlarda nöqsanlara yol verilməməsi, xüsusilə nikahın bağlanması üçün müraciət etmiş vətəndaşların nikah qeydiyyatı zamanı şəxsən iştirakının təmin edilməsi, aparılan əməliyyatlar zamanı kargüzarlıq sahəsi ilə bağlı qanunverici­liyin tələblərinin gözlənilməsi əsas vəzifədir.
Bildirilib ki, notariat hərəkətlərinə görə qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir. Əməliyyatların qeydiyyatı zamanı qaralama, pozuntu hallarına yol verilməməlidir. Müraciət etmiş vətəndaşların şəxsiyyəti müəyyən edilməli, əməliyyat rəsmiləşdirilən zaman şəxsən iştirak təmin olunmalıdır. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi, vərəsəlik, etibarnamələrin verilməsi və digər müqavilələr də daxil olmaqla əməliyyat zamanı qanunvericiliyin tələblərinə riayət olunması diqqət mərkəzində saxlanılmalıdır.
Sonda seminar-müşavirə iştirakçılarının sualları cavablandırılmış, müxtəlif sahələr üzrə fikir mübadiləsi aparılmışdır.

Səbuhi HÜSEYNOV