İyulun 30-da Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni texniki avadanlıqlar və avtomobil təqdim olunmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Dövlət Televiziyası və Radiosunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Son 17 il Naxçıvan teleradiosunun tarixinə yeni inkişaf mərhələsi kimi yazılmış, ötən dövrdə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni studiya avadanlıqları, videokameralar, avtomobillər, kompyuter dəstləri alınmış, komitə müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Teleradionun yaradıcı kollektivi və texniki heyət nə qədər peşəkar olsalar da, onlar daim müasir tələblərə cavab verən texnika və texnologiyalara ehtiyac duyurlar. 2004-2005-ci illərdə dövlət teleradiosunun binasında yenidənqurma işləri aparılmışdır. 2011-ci ildə isə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin inzibati binası əsaslı şəkildə yenidən qurulmuş, müasir iş və efir şəraiti yaradılmışdır. Quraşdırılan yeni televiziya avadanlıqları HD formatlı son texnologiyaya əsaslanır.

Qeyd olunmuşdur ki, televiziyanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu il də davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni texniki avadanlıqlar alınmış, tele­viziyada montaj işinin keyfiyyəti yüksəldilmiş, 5 yeni montaj avadanlığı qurulmuşdur. Bundan əlavə, Naxçıvan Dövlət Televiziyasında yeni virtual studiya da yaradılmışdır. Virtual studiya kompyuter qrafikası effektləri vasitəsilə ənənəvi çəkilişlərdə istifadə olunan dekorasiyanı əvəz edəcəkdir. Bununla yanaşı, komitəyə “Fiat” və “Naz-Lifan-320” markalı çəkiliş avtomobilləri verilmişdir. Bu gün daha bir “Naz-Lifan-320” çəkiliş avtomaşını kollektivə təqdim olunur. Təqdimatı keçirilən yeni avadanlıqlar və avtomaşın dövlət televiziyasının texniki imkanlarının daha da artırılmasına imkan verəcəkdir.
Ali Məclis Aparatının rəhbəri cari ilin avqust ayının 1-dən Naxçıvan Dövlət Teleradiosunda, eləcə də “Kanal 35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda bədii şuraların fəaliyyətə başlayacağını bildirmişdir. Qeyd olunmuşdur ki, bədii şuralar televiziya və radio verilişlərinin keyfiyyətinin yüksəldilməsi, efirdə dilimizin norma və tələblərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli və Naxçıvan Dövlət Radiosunun “Xəbərlər” redaksiyasının baş redaktoru Arif Həbibov çıxış edərək Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin maddi-texniki bazasının gücləndirilməsinə və əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğıya görə Ali Məclisin Sədri cənab Vasif Talıbova kollektiv adından dərin minnətdarlıqlarını bildirmişlər.

“Şərq qapısı”