Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirilmişdir. İclasda dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və bu ilin ilk 6 ayının nəticələri müzakirə olunmuşdur.  

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının prokuroru, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev çıxış edərək bildirmişdir ki, 2013-cü ilin birinci yarısında prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə həyata keçirilən quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, cinayətkarlığa, hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, dövlət müstəqilliyimizin, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Hesabat dövründə həyata keçirilmiş zəruri profilaktik tədbirlər nəticəsində yetkinlik yaşına çatmayanlar, narkomanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən cinayət hadisələrinin törədilməsi, peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi ilə bağlı muxtar respublika ərazisində cinayət hadisəsi qeydə alınmamışdır.

Keçmiş illərdə baş verib qapalı qalmış cinayət hadisələrinin açılması sahəsində hesabat dövründə müəyyən işlər görülmüşdür. Belə ki, daxili işlər orqanları ilə əlaqəli şəkildə həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdə baş verib qapalı qalmış 2 cinayət hadisəsinin açılması təmin edilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə prokurorluğun fəaliyyətində aşkarlıq və qanunvericiliyin izahı ilə bağlı 668 halda təbliğat işi aparılmışdır ki, onların 36-sı prokuror məruzələrinə, 476-sı məruzə, mühazirə, söhbət və digər şifahi təbliğat formalarına aiddir. Həmin çıxışların 220-si vətəndaşların konstitusion hüquq və azadlıqları, 63-ü cinayətkarlıqla mübarizə, 89-u hərbi vətənpərvərlik, 96-sı ətraf mühitin mühafizəsi, 101-i alkoqolizm və narkomanlıqla mübarizə haqqında, 99-u iqtisadi fəaliyyət sahəsində qanun pozuntuları ilə mübarizə haqqında olmuş, yetkinlik yaşına çatmayanlar və gənclər qarşısında isə 48 halda auditoriya çıxışları edilmişdir.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri demişdir: “Muxtar respublikanın bütün müəssisə və təşkilatları “Heydər Əliyev ili”ni yüksək nailiyyətlərlə başa vurmaq üçün kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər”. Bu fikirlər prokurorluq işçilərindən işlərini yüksək səviyyədə qurmağı tələb edir. Bu yüksək tələblərə əməli işimizlə cavab vermək üçün bütün qüvvələrimizi səfərbər etmişik və hesabat dövründə prokurorluq işçiləri tərəfindən səlahiyyət hədləri daxilində müəyyən işlər görülmüşdür.
Sonra şəhər və rayon prokurorlarının hesabatları dinlənilmişdir.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmiş, qarşıda duran vəzifələrdən danışmışdır.

*   *   *

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin cari ilin ilk 6 ayının yekunlarına dair kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq bu ilin ilk 6 ayında həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada yeni avtomat telefon stansiyalarının istifadəyə verilməsi və mövcud stansiyaların nömrə tutumlarının artırılması, CDMA simsiz rabitənin genişləndirilməsi nəticəsində 665 ədəd məftilli, 333 ədəd məftilsiz olmaqla, ümumilikdə 998 ədəd yeni telefon nömrəsi istismara verilmişdir. Hər 100 ailəyə düşən sabit telefonların sayı 67-yə çatdırılmışdır.
Naxçıvan şəhərinin Tumbul kəndində 512, Şahbuz rayonunun Badamlı qəsəbəsində 128, Şərur rayonunun Həmzəli kəndində 128, Qorçulu kəndində 176, Babək rayonunun Şəkərabad kəndində 576, Ordubad rayonunun Çənnəb kəndində isə 192 nömrə tutumlu avtomat telefon stansiyaları qurulmuş, Çənnəb kəndində poçt bölməsi yeni binaya köçürülmüş, Şahbuz rayonunun Ağbulaq kəndində isə yeni poçt bölməsi yaradılmışdır. Tikintisinə mart ayında başlanılmış Ordubad-Sədərək fiber-optik kabel magistralında 26 kilometr, Kəngərli rayonunun Qarabağlar, Çalxanqala, Təzəkənd yaşayış məntəqələri arasında isə 15,842 kilometr uzunluğunda fiber-optik kabel çəkilməklə, ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 760 kilometrə çatdırılmışdır.
19 dekabr 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə verilən tapşırıqların icra vəziyyətindən danışan nazir qeyd etmişdir ki, 34 dövlət orqanının göstərəcəyi elektron xidmətlərin reqlamentləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yenidən hazır­lanaraq təsdiq edilmiş, reyestr kodları verilmiş və həmin orqanların internet saytlarında yerləşdirilmişdir.
Bildirilmişdir ki, muxtar respublikanın yaşayış ərazilərinin 81 faizində genişzolaqlı internet xidmətləri göstərilir. Cari ilin fevral ayından başlayaraq internet kanalının sürəti 1Gb/san-dək artırılmış, Naxçıvan şəhərinin müxtəlif ünvanlarında 6 elektron kiosk qurulmuşdur. Aprel ayının 1-dən etibarən isə muxtar respublikada internet xidmətlərinin tarifləri orta hesabla 30 faiz aşağı salınmışdır.
2013-cü ilin may ayının 10-dan etibarən muxtar respublikada mobil cihazların qeydiyyatına başlanılmış, qeydiyyatın yüksək səviyyədə təşkil edilməsi üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin Naxçıvan şəhərinin Atatürk küçəsi 1 ünvanında yerləşən müştərilərə xidmət zalında müvafiq şərait yaradılmışdır. İyul ayının 1-nə kimi 3000 ədəd İMEİ kodu qeydiyyatdan keçirilmişdir.
Bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ünvanına 72101 kiloqram çəkidə bağlama daxil olmuş, 10195 kiloqram çəkidə bağlama göndərilmişdir. Ümumilikdə, muxtar respublikaya 99237 kiloqram çəkidə poçt göndərişi və bağlamalar daxil olmuşdur.
Sonra nazirliyin Telekommunikasiya şöbəsinin rəisi Vidadi Naibovun, Poçt-rabitə şöbəsinin rəisi İlqar Sadıqovun, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Fərid Hacıyevin, Şahbuz Rayon Rabitə İdarəsinin rəisi Fazil Umudovun, Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzinin rəisi Rəşad Həsənovun, rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılovun çıxışları olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.

*   *   *

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2013-cü ilin ilk 6 ayının yekunlarına həsr edilmiş kollegiya iclasını komitənin sədri Malik Rzayev açmışdır.
Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən ticarət obyektlərindən 118128,4 manat dəyərində standartın tələblərinə uyğun olmayan, yararlılıq müddəti bitmiş məhsul aşkar edilərək satışının qarşısı alınmışdır. Bunlardan 5346,4 manat dəyərində məhsul aidiyyəti orqanın iştirakı ilə, 2400 manat dəyərində məhsul komitənin əməkdaşları tərəfindən məhv edilmiş, 144 manat dəyərində məhsul satışdan çıxarılmış, 80 manat dəyərində məhsullar yem məqsədilə təsərrüfatlara verilmişdir. Süni ət məhsullarının muxtar respublikaya idxalının və satışının qarşısının alınması ilə bağlı aparılan araşdırmalar zamanı 21 adda süni qida məhsulları aşkar edilmişdir ki, bunlardan 8 adda süni məhsulların siyahısı muxtar respublikaya idxalının qarşısının alınması üçün nümunələri ilə birlikdə aidiyyəti orqana göndərilmişdir.
Məruzəçi bildirmişdir ki, idxal olunan 9 kiloqram (45 manat dəyərində) “Halal” adı ilə markalanmış saxta əmtəə nişanı altında ət məhsullarının satışına qadağa qoyulmuşdur. Kənd təsərrüfatı məhsullarından 67 halda, bostanlardan götürülmüş 26 halda torpağın laboratoriya sınaqları, yol kənarlarında satılan məhsullarda 45 halda nitratın miqdarı yoxlanılmışdır.
Tikinti sektorunda əməyin təşkili və təhlükəsizlik qaydalarına riayət olunması, yanacaq ehtiyatının yaradılması ilə bağlı 6 tikinti materialları satışı obyektində dövlət nəzarəti həyata keçirilmiş, 4 beton məmulatları istehsalı müəssisəsi və 27 beton-divar daşı istehsalı sexində istehsal olunan 54 halda beton məmulatlarının laboratoriya sınaqları aparılmışdır.
Qeyd olunan dövrdə “2011-2013-cü illər üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının stimullaşdırılmasına dair” Tədbirlər Planına əsasən, 23 avadanlıq sertifikatlaşdırılmışdır.
Komitə sədri qeyd etmişdir ki, keyfiyyətli un istehsalı üçün dəyirmanlarda texnoloji proseslərə nəzarət olunması və laboratoriya analizlərinin aparılması məqsədilə 2 un dəyirmanının sınaq laboratoriyası təkmilləşdirilərək akkreditasiya olunmuş, 11 dəyirmanda istehsal olunan 20 halda un məhsulunun laboratoriya analizləri aparılmışdır. 3130 ədəd uyğunluq sertifikatı, 57 müəssisədə istehsal olunan sabit keyfiyyətli 114 adda məhsula AZS Milli Uyğunluq Nişanı ilə nişanlamaq hüququ verilmişdir.
Bəhs edilən dövrdə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi sahəsində 134 iddia sənədi daxil olmuş, fərqləndirici əmtəə (xidmət) nişanlarının tətbiqilə əlaqədar 53 təsərrüfat subyektində özünəməxsus nişanların vurulması təmin olunmuşdur. 3127 ədəd uyğunluq, 3 ədəd tipin təsdiqi haqqında sertifikat, 25 ədəd akkreditasiya attestatı, əmtəə nişanının mühafizəsi haqqında qüvvədəolma müddəti 10 il olan 70 ədəd şəhadətnamə və ixtiranın mühafizəsi haqqında qüvvədəolma müddəti 20 il olan 2 ədəd patent dövlət reyestrində qeydiyyata alınmışdır.
Malik Rzayev qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində əldə edilmiş nailiyyətlərlə bərabər, buraxılmış nöqsanlardan da bəhs etmiş və bu problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqların yerinə yetirilməsinin zəruriliyindən danışmışdır.
Sonra komitə əməkdaşlarının çıxışları olmuşdur.

Xəbərlər şöbəsi