Yığıncağı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov açaraq muxtar respublikada avtonəqliyyat xidmətinin təşkili və sərnişindaşımanın səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Bildirilib ki, ictimai nəqliyyat vasitəsi sürücüləri avtobus nəqliyyatı ilə sərnişindaşımalar sahəsində pərakəndəlik və nizamsızlıq hallarına, sərnişinlərin hüquqlarının qorunma­masına, daşıma təhlükəsizliyinin təmin olunma­masına və yol hərəkəti qaydalarının pozulmasına yol verməməlidirlər. Bir sözlə, sərnişinlərə aşağı səviyyəli xidmətin göstərilməsi, daşıyıcıların səriştəsiz fəaliyyət göstərməsi yolverilməzdir.

Sərnişindaşımalarına tələb olunan xüsusi razılığın (lisenziyanın) verilmə şərtləri, lisenziyanın fəaliyyətinin ləğv edilməsi və ya dayandırılması haqqında da danışan şöbə müdiri deyib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarına görə xüsusi razılıq (lisenziya) qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nəqliyyat nazirlikləri tərəfindən 5 il müddətinə verilir. Reyd komissiyası tərəfindən keçirilən reydlər zamanı qeyri-qanuni sərnişin və yük daşınması ilə məşğul olan səxslər aşkarlanaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi razılıq (lisenziya) alınmasına cəlb edilib, intizama tabe olmayanlar isə nazirliyin müfəttişləri və Dövlət Yol Polisi əməkdaşları tərəfindən inzibati qaydada cəzalandırılıblar. Bundan başqa, lisenziyası olan, ancaq vergidən yayınan hüquqi və fiziki şəxslər də aşkarlanıb. Bu şəxslər haqqında tədbir görülməsi üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə məktubla müraciət edilib. 
Qeyd olunub ki, bu ilin ilk altı ayı ərzində 6 min 974 sərnişin və yükdaşıyan avtomobil nəqliyyatı vasitələrinə fərqlənmə nişanı, 68 ədəd xüsusi fərqlənmə verilib. Bunun nəticəsində ötən altı ay ərzində 123730,42 manat sadələşdirilmiş nəqliyyat vergisi nəqliyyat vasitələrinin sahibləri tərəfindən büdcəyə ödənilib. Nazirlik tərəfindən yaradılan texniki müayinə komissiyası bu ilin altı ayı ərzində 2847 nəqliyyat vasitəsini texniki müayinədən keçirib, onlardan 939-u taksi, 1908-i isə digər avtonəqliyyat vasitələri olub. Texniki müayinələrdən daxil olan 24622,8 manat vəsait Nəqliyyat Nazirliyinin xüsusi hesabına köçürülüb.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şəbəsinin müdiri Elxan Novruzov müfəttişliyin və sürücülərin vəzifələri haqqında yğıncaq iştirakçılarına məlumat verib.
Sonda sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitəsi sahiblərinin sualları cavablandırılıb.

Səbuhi HÜSEYNOV