Dünən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında cari ilin birinci yarısının yekunlarına həsr olunan yığıncaq keçirilmişdir.
Yığıncaqda Müvəkkil (Ombudsman) Ülkər Bayramova məruzə ilə çıxış edərək dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və görülən işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, 2013-cü ilin birinci yarısında insan hüquqlarının müdafiəsi və pozulmuş hüquqların bərpası daim diqqət mərkəzində saxlanılmışdır. Müvəkkilə ünvanlanmış hər bir müraciətə həssaslıqla yanaşılmış, müvafiq araşdırmalar aparılmış, aid qurumlara sorğular ünvanlanmış, bununla yanaşı, şifahi qəbul zamanı ərizəçilərə çoxsaylı hüquqi məsləhətlər verilmişdir.
Vurğulanmışdır ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə ölkə başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın Naxçıvan Muxtar Respublikasında icra vəziyyəti 2013-cü ilin birinci yarısında da diqqət mərkəzində saxlanılmış, 12 mart 2013-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında Milli Fəaliyyət Proqramının Naxçıvan Muxtar Respublikasında icra vəziyyəti ilə bağlı müvafiq dövlət qurumlarının iştirakı ilə konfrans keçirilmişdir.

2013-cü ilin birinci yarısında həyata keçirilən mühüm tədbirlərdən biri də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və insan hüquqları” mövzusunda yazı müsabiqəsi olmuşdur. 
Müvəkkil qeyd etmişdir ki, cari ilin birinci yarısında təsisat tərəfindən müxtəlif sosial qruplara ünvanlanmış 51 tədbir keçirilmiş, insan hüquqları sahəsində əlamətdar gün olan 18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü muxtar respublikanın müvafiq qurumları ilə birgə qeyd edilmiş, bu məqsədlə konfrans keçirilmişdir.
Beynəlxalq təcrübə mübadiləsi sahəsindəki əlaqələrin inkişaf etdirilməsi və yeni əlaqələrin yaradılmasına ciddi önəm verilmiş, 2013-cü ilin birinci yarısında beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə bir sıra görüşlər keçirilmişdir.
2013-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Ədliyyə, Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliklərində olan 25 müəssisədə plan üzrə 47, plandan kənar 5 olmaqla, 52 başçəkmə həyata keçirilmişdir.
Bildirilmişdir ki, “İnformasiya əldə etmək” haqqında Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə Müvəkkil informasiya sahibi olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının müəyyən edilməsi, maarifləndirici tədbirlərin həyata keçirilməsi, habelə maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində işlərini davam etdirmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Yığıncağa Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.

*   *   *

“Müstəqil Azərbaycan Respublikası dünya əhəmiyyətli nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyi üçün ölkəmizin ərazisindən çoxsaylı tranzit miqrantların gediş-gəlişi qaçılmazdır. Əsas məsələ həmin miqrantların qanunsuz olaraq ölkə ərazisində məskunlaşmalarının və qanunsuz miqrantların ölkə ərazisindən tranzit keçidi kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublika Dövlət Miqrasiya Xidmətinin bu sahədəki səmərəli və məqsədyönlü fəaliyyətini təmin edib, iş üsullarını və vasitələrini daha da təkmilləşdirib. Cari ilin ilk altı ayında qurum qeyri-qanuni miqrasiyaya qarşı effektiv tədbirlər həyata keçirib”. Bu fikirlər Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən müşavirədə səsləndirilib.
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrin icrasının və cari ilin birinci yarısının nəticələrinin müzakirə edildiyi müşavirədə məruzə edən xidmət rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov bildirib ki, hesabat dövrü ərzində Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 4734 müraciət daxil olub. Daxil olan müraciətlərdən 675-i Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, 272-si Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd – fərdi icazənin verilməsi və icazə müddətinin uzadılması, 77-si Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 3710-u isə ölkə ərazisində 3 gündən artıq yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı olub. Hesabat dövründə muxtar respublika ərazisində qanunsuz yaşayan və qanunsuz əmək fəaliyyəti, eyni zamanda küçə ticarəti ilə məşğul olan 168 əcnəbi aşkarlanıb. Aşkarlanan əcnəbilərdən 20 nəfəri barəsində Azərbaycan Respublikası İnziba­­ti Xətalar Məcəlləsinin müvafiq mad­dələrinə əsasən, cərimə inzibati tənbeh növü tətbiq edilib, 29 nəfəri Azərbaycan Respublikası ərazisində qanunsuz yaşadığına görə inzibati qaydada ölkə hüdudlarından çıxarılıb, 119 əcnəbinin isə 48 saat ərzində ölkə hüdudlarından kənara çıxarılması təmin edilib. Bəhs olunan dövrdə dövlət büdcəsinə 231 min 660 manat məbləğində pul vəsaiti köçürülüb.
Sonra məruzə ətrafında şöbə rəislərindən kiçik miqrasiya xidməti müşaviri Əfqan Əliyevin, II dərəcəli miqrasiya xidməti qulluqçusu Şahin Nəbiyevin, III dərəcəli miqrasiya xidməti qulluqçusu Aysel Əliyevanın, katibliyin rəisi, II dərəcəli miqrasiya xidməti qulluqçusu Amid Zülfüqarovun, katibliyin xidmətə qəbul üzrə baş inspektoru, I dərəcəli miqrasiya xidməti qulluqçusu Rahib Kərimovun, Təşkilat-nəzarət şöbəsinin inspektoru Zakir Məmmədovun çıxışları olub.
Müşavirəyə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya xidmətinin rəisi, baş miqrasiya xidməti müşaviri Fazil Ələkbərov yekun vurub.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasını komitənin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmməd­ov açmışdır.
Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli “2013-cü ilin birinci yarısında muxtar respublika gömrük orqanları tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarımili ərzində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən böyük qurucu­luq işləri gömrük xidmətini də əhatə etmişdir. “Naxçıvanterminalkompleks” Birliyi və Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi üçün inzibati binaların tikintisi bu ilin 6 ayı ərzində davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi 2013-cü ilin birinci yarımilini büdcənin formalaşdırılması, daxili bazarın qorunması, gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində gördüyü işlər sahəsində uğurla başa vurmuşdur. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi 2013-cü ilin birinci yarısında illik müəyyən olunmuş 4 milyon manat proqnoza qarşı 4 milyon 674 min 230 manat vəsait toplayaraq proqnoz-tapşırığa 116,9 faiz əməl etmişdir. Toplanmış bu vəsait Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 15,1 faizini təşkil etmişdir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının 2013-cü ilin 6 ayı ərzində 43 ölkə ilə aparılmış ticarət əməliyyatlarının həcmi 230 milyon 400 min 300 ABŞ dolları olmuşdur. Bu müddət ərzində 159 milyon 43 min 800 ABŞ dolları dəyərində mal ixrac, 71 milyon 356 min 500 ABŞ dolları dəyərində mal idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 87 milyon 687 min 300 ABŞ dolları təşkil etmişdir.
İclasda komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru Zaur Bağırovun, “Naxçıvanterminalkompleks” Birliyinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Nurəli Tağıyevin çıxışları olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək gömrük orqanlarının qarşısında duran vəzifələrdən danışmışdır.

*   *   *

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələr və cari ilin birinci yarımilində görülən işlər Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında da müzakirə edilib. Kollegiya iclasını Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq məruzə edib.
Məruzəçi bildirib ki, Hüquqi Aktların Dövlət Reyestrinə cari ilin birinci yarısında 61 hüquqi akt daxil edilib. Daxil edilən hüquqi aktların 36-sı normativ hüquqi aktlar, digər 25-i isə qeyri-normativ hüquqi aktlardır. Hesabat dövrü icra xidmətinin bölmə və qruplarının icraatına 684 icra işi daxil olub, bunlardan 256 icra işinin icrası başa çatdırılıb, 327 icra işi icraya yönəldilib, 51 icra işi geri qaytarılıb. Bundan başqa, 35 icra işi ərazi aidiyyəti üzrə göndərilib, 9 icra işinin icraatı dayandırılıb, 6 icra işi üzrə isə axtarış qərarı verilib.
Bildirilib ki, Qeydiyyat və notariat şöbəsi tərəfindən 2013-cü ilin birinci yarısında 6 qeyri-kommersiya hüquqi şəxs qeydiyyata alınıb, 1 təkrar şəhadətnamə, 6 reyestrdən çıxarış verilib. Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələrin verilməsi və sənədlərin leqallaşdırılması ilə bağlı 4870 manat rüsum dövlət büdcəsinə ödənilib. Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı 338 müraciət daxil olub, onlardan 282-si qeydiyyata alınıb, 56 müraciət isə qanunvericiliyin tələblərinə uyğun olmadığından qeydiyyata alınmasından imtina edilib. Bu ilin ilk altı ayında muxtar respublikanın şəhər və rayon dövlət notariat kontorları tərəfindən 22 min 884 müxtəlif məzmunlu notariat əməliyyatları aparılıb, 176 min 244 manat dövlət rüsumu ödənilib. Qeydiyyat şöbələri tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin səviyyəsinin artırılması diqqət mərkəzində saxlanılıb. Hesabat dövründə rayon (şəhər) Qeydiyyat şöbələri tərəfindən 6 min 333 əməliyyat aparılıb, dövlət büdcəsinə 10 min 198 manat dövlət rüsumu ödənilib. Bu dövrdə bələdiyyələrdən nazirliyə 900 bələdiyyə aktı daxil olub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanlari ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edib.

*   *   *

“İqtisadi inkişafın sürətləndirilməsində bank xidmətləri mühüm əhəmiyyət kəsb edir. İqtisadi fəaliyyət subyektlərinin işinin genişləndirilməsi və mütərəqqi ödəniş formalarının stimullaşdırılması hazırda bank sistemi qarşısında duran əsas vəzifələrdəndir”. Bu fikirlər iyulun 29-da Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilmiş 2013-cü ilin ilk 6 ayının yekunlarına həsr olunmuş iclasda səsləndirilmişdir. İclasda Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov məruzə ilə çıxış edərək 23 iyul 2013-cü il tarixdə keçirilmiş dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikanın bank və bank olmayan kredit təşkilatları qarşısında da ciddi vəzifələr qoyulduğunu qeyd etmişdir. Bildirilmişdir ki, iqtisadi aktivliyin maliyyə resursları ilə təmin olunması istiqamətində muxtar respublikada geniş imkanlar yaradılmışdır. Sənaye, tikinti, kənd təsərrüfatı və real sektora aid digər sahələrdə əldə olunan yüksəliş və əhali gəlirlərinin artması yeni sahələrə kredit qoyuluşuna və əhali əmanətlərinin artmasına da öz təsirini göstərməkdədir. Qeyd olunmuşdur ki, 1 iyul 2013-cü il tarixə bank və bank olmayan kredit təşkilatları tərəfindən muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşları, ümumilikdə, 88,6 milyon manat həcmində olmuşdur ki, bunun da 21,3 milyon manatını qısamüddətli, 67,3 milyon manatını uzunmüddətli kreditlər təşkil edir.
Muxtar respublikada kənd təsərrüfatının kifayət qədər maliyyə resursları ilə təmin olunmasına baxmayaraq, verilən kreditlərin təyinatına uyğun istifadə olunmaması, vaxtı keçmiş borcların yığılıb qalması əsas problemlərdən biri kimi iclasda qeyd olunmuş, verilmiş kreditlərin vaxtlı-vaxtında monitorinq­lərinin aparılması, kiçikhəcmli kreditlər verilən müştərilərin fəaliyyətinin düzgün istiqamətə yönəldilməsi kimi məsələlərin aktuallığı vurğulanmışdır.
Nağdsız hesablaşmalara keçidin sürətləndirilməsi, əhalinin və iqtisadi fəaliyyət subyektlərinin elektron ödəniş formalarından istifadəsinin təşviq olunması qarşıda duran əsas məsələlərdən biri kimi iclas iştirakçılarının diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu məsələnin həlli istiqamətində 1 iyul 2013-cü il tarixə muxtar respublikada 187 POS-terminalın quraşdırılması başa çatdırılmışdır. Hazırda muxtar respublikada ödəniş kartlarının sayı 173 min 378 ədədə çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 min 169 ədəd çoxdur.
Səbuhi Məmmədov demişdir ki, hesabat dövründə bankların kassa mədaxili 144,4 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,8 milyon manat çox olmuşdur. Buna qarşılıq həmin dövrdə bankların kassa məxarici 334,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 milyon manat çox deməkdir. Bu dövrdə muxtar respublika üzrə bankların emissiya göstəricisi 56,8 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz azdır. Bunlardan əlavə, 2013-cü ilin ilk 6 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatlarının ödənilməsi məqsədilə 268,3 milyon manat nağd pul dövriyyəyə buraxılmışdır.
Sonra məruzə ətrafında muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatlarının rəhbərlərinin çıxışları olmuşdur.
İclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev çıxış etmişdir.
İclasa Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov yekun vurmuşdur.

Xəbərlər şöbəsi