Müxtəlif terminlərin adlandırılması zamanı, əsasən, latın və yunan mənşəli sözlərdən istifadə olunur. Qərara aldıq ki, miqrasiya prosesləri haqqında danışarkən uzun-uzadı təriflərdən və anlaşılmaz ifadələrdən deyil, aydın müəyyən olunmuş ifadələrdən istifadə edək və bəzi “dezinformator”ların hansısa xarici xüsusi xidmət orqanlarının maddi dəstəyi ilə insanları çaşdırmaq istəyinə aydınlıq gətirək. “Miqrasiya” köçmədir, yəni əhalinin bir yerdən digər bir yerə köçməsi. Əgər əhali ölkədən xaricə köçürsə, bu proses “emmiqrasiya”, xarici ölkələrdən sizin ölkənizə gəlirsə, o proses “immiqrasiya” adlanır. 

Bəzən xüsusi psixoloji təbliğatın alətinə çevrilmiş “jurnalistlər”in yaratdığı obrazdan fərqli olaraq nə miqrasiya, nə emmiqrasiya, nə də immiqrasiya qorxulu anlayış deyil. Dünyada bir yerdən digər yerə köçmə bütün xalqlarda və tarixin bütün mərhələlərində baş vermişdir.
Miqrasiyanın müxtəlif səbəbləri ola bilər: daha yaxşı iqtisadi imkanlar əldə etmək istəyi, müharibələr, təbii fəlakətlər və sair.
Keçmiş SSRİ dövründə “vahid sovet ölkə­si”nin digər ölkələrlə az qala “dəmir pərdə” ilə ayrılması miqrasiya proseslərinin, əsasən, müttəfiq respublikalar arasında baş verməsi ilə müşahidə olunmuş, əksər sahələrdə olduğu kimi, bu sahədə də məlumatlar bir çox hallarda gizlədilmişdir. Təbii sərvətlərlə zəngin ərazilərin, strateji regionların (məsələn, neft Bakısı və sovetlərin Türkiyə və İranla sərhədində yerləşən Naxçıvanda) ruslaşdırılması və ya erməniləşdirilməsinə cəhdlər göstərilmişdir. Məhz ümummilli lider Heydər Əliyevin səyi nəticəsində XX əsrin 70-ci illərində bu süni prosesin qarşısı alınmış, əhalinin milli tərkibi ciddi şəkildə dəyişikliyə məruz qalmış Bakının əvvəlki simasının və milliliyinin özünə qaytarılması üçün ölkənin rayonlarından mərkəzə doğru axın istiqamətləndirilmişdir.

SSRİ adlı imperiyanın dağılması, “dəmir sərhədlər”in parçalanması, iqtisadi böhran bir çox digər ölkələr kimi, Azərbaycana da təsirsiz ötüşməmiş, ölkəmizdən əhalinin əsas emmiqrasiyası Rusiya və Türkiyə istiqamətində olmuşdur. Rusiya istiqamətində emmiqrasiya sovet dövründə əsas istehsal və sənaye obyektlərinin burada mərkəzləşdirilməsi ilə bağlı olmuş, Azərbaycanın müxtəlif bölgələrindən bu ölkəyə emmi­qrasiya baş vermişdir. Digər tərəfdən, müstəqilliklərini elan etmiş ölkələrin hər birindən olduğu kimi, Azərbaycandan da burada nə vaxtsa məskunlaşdırılmış rusdilli əhali öz doğma vətənlərinə qayıtmışdır. 
XX əsrin 80-ci illərinin sonunda emmiqrasiya ilə yanaşı, immiqrasiya prosesi də baş vermiş, tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycan ərazisindən zorla çıxarılmış minlərlə insan Azərbaycana pənah gətirmişdir. Yuxarıda sadaladığımız analoji proseslər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası üçün də keçərli olmuşdur. Keçmiş iqtisadi əlaqələrin kəsilməsi ilə yanaşı, müharibənin çətinlikləri ilə qarşılaşan və blokada vəziyyətinə düşən muxtar respublikadan da ölkəmizin həm qərb, həm şimal, həm də cənub qonşusuna köçmələr baş vermişdir. Birmənalı şəkildə demək lazımdır ki, bu prosesdə o zaman bölgəçilik-dəstəbazlıq prinsipləri ilə yaşayan “idarəçilərin” muxtar respublikaya bəslədikləri ögey münasibət də az rol oynamamışdır.
Ölkə həyatının bütün sahələrində olduğu kimi, əhalinin miqrasiya proseslərinin normal məcraya yönəldilməsi də məhz ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. XX əsrin 90-cı illərinin ortalarından başlayaraq yürüdülən uğurlu iqtisadi siyasət, dünyanın aparıcı şirkətləri ilə imzalanmış müqavilələr ölkə iqtisadiyyatının inkişaf etməsinə, daxili əmək bazarının tənzimlənməsinə, nəinki ölkədən ağır iqtisadi durum səbəbindən miqrasiya etmiş əhalinin tədricən geriyə qayıtmasına, həmçinin xarici ölkələrin vətəndaşlarının da ölkəmizə axınına səbəb olmuşdur. Lakin bu heç də Azərbaycandan, eləcə də Naxçıvandan miqrasiya etmiş əhalinin tamamının geriyə qayıtması demək deyildi. Xarici ölkələrdə yaşadığı müddətdə özünə normal iş şəraiti tapmış, müxtəlif sahələrdə fərdi sahibkarlıq subyektlərini qurmuş, şəxsi biznesini formalaşdırmış vətəndaşlar miqrant kimi yaşamaqda davam etməkdədirlər. Bir ölkədən olan miqrantların digər bir ölkədə diaspor şəklində yaşaması, ya da hansısa məhəllələrdə məskunlaşması isə heç də geridə qalmış iqtisadi inkişafın nəticəsi hesab oluna bilməz. Bu gün də Nyu-York, Çikaqo və sair bu kimi böyük şəhərlərdə mövcud olan “Çin”, “yapon”, “rus”, “alman” məhəllələri Çinin, Yaponiyanın, Rusiyanın və yaxud Almaniyanın iqtisadi baxımdan inkişafda geri qalmasının göstəricisi deyil. Azərbaycanlıların da bu və ya digər xarici ölkələrdə məskunlaşmasını hansısa özünəməxsus “səbəb”lərlə əlaqələndirmək olmayan vicdanın “ən yüksək səviyyəsinə” sahiblənmək deməkdir. Ən azından tarixə nəzər salmaq lazımdır. XV əsrdə belə, Milanda, Venesiyada, Genuyada Azərbaycan məhəllələri, Təbrizdə isə “Milan”, “Venesiya”, “genuyalı” məhəllələri var idi. Bu isə XIV-XV əsrlərdə intibah dövrünü yaşayan İtaliyanın iqtisadi geriliyinin nəticəsi deyildi.
Təbii ki, iqtisadi inkişaf sürətləndikcə insanların bir çoxu doğma ocağına qayıtmağı üstün tutur. Yazını hazırlayarkən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən aldığımız statistik məlumatlar da dediklərimizi bir daha sübut edir. Əgər XX əsrin 90-cı illərinin əvvəllərində müxtəlif problemlər üzündən muxtar respublikadan xaricə sürətli miqrasiya var idisə, hazırda tamamilə əks proses müşahidə edilməkdədir. İndi Naxçıvan Muxtar Respublikasında bir neçə ölkənin, habelə bir neçə millətin nümayəndələri yaşayır. Adicə bir misal: Cənubi Koreya, Qazaxıstan, İran, Türkiyə, Nigeriya kimi ölkələrdən Azərbaycana beynəlxalq qaydalara uyğun olaraq, təhsil almağa gələn xarici ölkə vətəndaşlarını kim məcbur edə bilər ki, onlar təhsil almaq üçün Naxçıvanı seçsinlər? “Əlbəttə ki, heç kim” – bu, görüşdüyümüz xarici ölkələrdən olan tələbələrin və burada müxtəlif müəssisələrdə çalışan insanların birmənalı cavabıdır. Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, son illərdə Naxçıvan Muxtar Respublikasında yaşamaq və işləmək məqsədilə buraya yüzlərlə əcnəbi gəlmiş, Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həmin əcnəbilərin Naxçıvan Muxtar Respublikasında yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları leqallaşdırılmışdır. Belə ki, 2011-ci il ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 852 müraciət daxil olmuşdur ki, bu müraciətlərdən 521-i Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi, 253-ü əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün fərdi icazənin verilməsi, 78-i isə Azərbaycan Respublikası vətəndaşlığına mənsub olan, lakin xarici ölkələrdə müvafiq sənədlərlə yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
2012-ci ildə isə, ümumilikdə, 1889 müraciət daxil olmuşdur ki, həmin müraciətlərdən 1136-sı Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi, 635-i əcnəbilərin Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün fərdi icazənin verilməsi, 118-i Azərbaycan Respublikası vətəndaşlığına mənsub olan, lakin xarici ölkələrdə müvafiq sənədlərlə yaşayan şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı olmuşdur.
2012-ci il ərzində Naxçıvan Muxtar Respublikasından yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq xarici ölkələrə daimi yaşamaq üçün gedənlərin sayı cəmi 10 nəfərdir. Bu gün Naxçıvan Muxtar Respublikası üzrə müsbət miqrasiya saldosu müşahidə olunmaqdadır və son bir ildə daimi yaşayış üçün muxtar respublikaya gələn 1069 nəfər qeydiyyata alınmışdır.
Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi inkişafı, sabitliyin təmin olunması miqrasiya proseslərinə də təsirsiz ötüşməmiş, Azərbaycan XX əsrin 90-cı illərinin əvvəllərinin emmi­qrant ölkəsindən immiqrant ölkəyə çevrilmişdir.

Elnur KƏLBİZADƏ