Ulu öndər Heydər ƏLİYEV: Əsası “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız Azərbaycan xalqının mənəvi mədəniyyəti tarixinə şərəfli səhifələr yazmış, milli mənliyimizin formalaşmasında, mənəvi dəyərlərin qorunub saxlanılmasında misilsiz rol oynamışdır.

1875-ci il iyulun 22-də böyük maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri ilə ilk milli qəzetimiz olan “Əkinçi” işıq üzü görmüşdür. Xalqa söz və qələmlə xidmət göstərməyin mükəmməl nümunəsini yaradan, ictimai-mədəni tariximizdə silinməz izlər qoyan “Əkinçi” insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı mətbu nümunəsi kimi tariximizdə qalmışdır. Sonrakı dövrdə “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” kimi nəşrlər də azərbaycanlıları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı mətbu nümunələri kimi tariximizdə qalmışlar. Məhz bu hesaba milli ziyalılarımızın böyük bir nəsli yetişərək formalaşmış, milli mətbuatımız ölkə­mizin ictimai və mədəni həyatında mühüm rol oynamışdır.
Ölkəmizdə mətbuat uzun müddət ağır senzura şəraitində fəaliyyət göstərmişdir. İstər Sovet hakimiyyətinin hökm sürdüyü illərdə, istərsə də 1991-ci ildə müstəqilliyimizin ikinci dəfə əldə olunmasının ardından mətbuat sahəsindəki vəziyyət də ürəkaçan deyildi. Ölkədəki qeyri-sabit vəziyyət mətbuatın da inkişafına maneələr törədir, yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. Azərbaycanda mətbuatın azad şəkildə fəaliyyət göstərməsi və yeni inkişaf mərhələsinə qədəm qoyması isə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmiş, Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur. 1998-ci il avqustun 6-da ümummilli lider tərəfindən imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq, Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin fəaliyyəti dayandırılmış, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda mətbuat üzərində senzura ləğv edilmişdi. 
1999-cu il dekabrın 7-də “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu mətbuatın hüquqi bazasının zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə olmuşdur. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sonrakı dövrdə də davam etdirilmiş, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkəti, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. 2002-ci ildə “Jurnalistlərin dostu” adına layiq görülərkən ulu öndərimiz kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirərək demişdir: “Hər bir kütləvi informasiya vasitəsi milli dövlət qurucu­luğu prosesində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və bəşəri dəyərlərin bərqərar edilməsində, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsində səmərəli surətdə iştirak etməli, həyatın güzgüsü kimi həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən kütləvi informasiya vasitələrinin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Müxtəlif vaxtlarda imzalanan “Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar, eləcə də 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncam ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı sahəsində yeni imkanlar açmışdır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir. Eyni zamanda ölkə Prezidentinin 4 iyun 2012-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabinin 170 illik yubileyi ölkə miqyasında qeyd olunmuşdur.
Mətbuatın hərtərəfli dövlət qayğısı ilə əhatə olunması prinsipi muxtar respublikamızda da ardıcıl şəkildə həyata keçirilir. Son 17 ildə bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya vasitələrini də əhatə edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuata hərtərəfli qayğısı yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olub. Ali Məclis Sədrinin 2000-ci il 29 mart tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı regionda kütləvi informasiya vasitələrinin gələcək inkişafı istiqamətində yeni üfüqlər açmışdır. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliyi təmin edilib. Artıq 10 ildən çoxdur ki, “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. Ali Məclis Sədrinin 2010-cu il 16 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq, 2010-cu il iyul ayının 22-də “Şərq qapısı” qəzeti redaksiyasının, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yeni binası və mətbəə istifadəyə verilmiş, müasir iş şəraiti yaradılmışdır. Bu gün muxtar respublikamızda qəzetlər müasir çap avadanlıqlarının hesabına yüksək poliqrafik keyfiyyətlə, rəngli şəkildə nəşr olunurlar.
Ali Məclis Sədrinin 2011-ci il 21 iyul tarixli Sərəncamı ilə “Şərq qapısı” qəzeti əməkdaşlarının əməkhaqları orta hesabla 50 faizədək artırılmış, redaksiya yeni xidməti avtomobillərlə təmin olunmuşdur. 2011-ci ilin noyabr ayının 9-da “Şərq qapısı” qəzetinin 90 illik yubileyi geniş qeyd olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə “Şərq qapısı” qəzetinin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin kollektivləri ilə görüşmüş, qəzetə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı, “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi əməkdaşlarına bir aylıq əməkhaqqı məbləğində pul mükafatı, bir əməkdaşa isə ikiotaqlı mənzil hədiyyə edilmişdir.
Muxtar respublikada digər kütləvi informasiya vasitələrinin inkişafı da diqqət mərkəzində saxlanılır. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal teleradio avadanlıqları quraşdırılmış, güclü maddi-texniki baza yaradılmışdır. “Kanal 35” tele­viziyası, “Naxçıvanın səsi” radiosu da lazımi şəraitlə təmin edilmiş, muxtar respublikada Televiziya və Radio Şurası, Mətbuat Şurası fəaliyyətə başlamışdır.
Yaradıcılıq qabiliyyəti hər bir insanın özünüifadə imkanıdır. Yalnız istedad, bacarıq və bilik insanın yaradıcılıq imkanlarının üzə çıxmasına şərait yaradır. Bu cəhətdən yanaşdıqda jurnalistika çətin, eyni zamanda həddən artıq məsuliyyət tələb edən sənətdir. Ona görə də muxtar respublikada jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Dövlət Universitetində Universitet televiziyası və “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Universitet televiziyası və radiosu tələbə-jurnalistlərin ilkin peşə vərdişlərinə yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ali Məclisin Sədri kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının güclənməsinə daim qayğı göstərməklə bərabər, həm də bu sahədə çalışanlara yüksək mənəvi dəstək verir. 2010-cu il yanvarın 14-də “Mətbuatın Dostu” fəxri adının diplomunun təqdimetmə mərasimində Ali Məclisin Sədri kütləvi informasiya vasitələrinin qarşıdakı dövrdə də uğurlu fəaliyyət göstərməsi, muxtar respublikanın güzgüsünə çevrilməsi üçün öz səyini əsirgəməyəcəyini, mətbuat və kütləvi informasiya vasitələrinin daim dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

Göstərilən qayğının müqabilində yeni dövrün quruculuq və inkişaf tarixini yazmaq, milli maraqları daim uca tutmaq, cəmiyyət həyatına dərindən nüfuz etmək, qədim tariximizi, milli dəyərlərimizi yaşatmaq, maarifçilik işi aparmaq jurnalistlərin əsas fəaliyyət istiqaməti olmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mətbuat dövrün güzgüsüdür. Gələcək nəsillər tariximizi öyrənmək üçün indiki qəzetlərə müraciət edəcəklər. Odur ki, tariximiz öz əksini düzgün tapmalıdır. Hər bir kütləvi informasiya vasitəsinin işçisi bilməlidir ki, o, bu günün gələcək nəsillərə daşıyıcısıdır. Ona görə də hər günün tarixi yazılmalı, gedən proseslər düzgün işıqlandırılmalıdır. Qloballaşan dünyada hər bir xalq, hər bir millət öz keçmişini qoruyub gələcək nəsillərə verməlidir”.

“Şərq qapısı”