1990-cı ilin 22 iyulunda Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın xilaskarına çevrildi

Dahi alman filosofu Hegel yazırdı: “Sürətlə iflasa yaxınlaşan xalqların taleyi yalnız dahilər tərəfindən xilas oluna bilər”. Azərbaycan xalqı həm XX əsrin 50-60-cı illərində, həm də həmin əsrin 80-ci illərinin sonunda sürətlə iflasa doğru gedirdi. Hər iki dövrdə Azərbaycanın xilası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulu kimi, 1990-cı ilin 22 iyulu və 1993-cü ilin 15 iyunu da Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmışdır.
1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana gələn ulu öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrilmişdir. Ümummilli liderimiz özü bu barədə deyirdi: “Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum... Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Ümummilli liderimizin Vətənə – Naxçıvana qayıdışı əhali tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılanmış, bu tarixi hadisə Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı, istinad nöqtəsi olmuş, müstəqilliyimizin təməl daşları Azərbaycanın dövlətçilik laboratoriyası olan Naxçıvanda qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin dövrü belə xarakterizə etmişdir: “Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil etmişdir”.

Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ümummilli liderimiz Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilmişdir. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların böyük təkidi və istəyi nəticəsində dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdır. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev o dövrdə baş verən hadisələri belə xarakterizə etmişdir: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır. Məhz Naxçıvanda ulu öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmiş, Azərbaycanın müasir siyasi sistemi Naxçıvanda yaradılmışdır”.
Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq, 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçilmişdir. Sessiyadakı ilk çıxışında ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ulu öndərimiz Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər görmüş, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirmişdir. Ümummilli lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirmişdir. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyil. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qərara əsasən, 1991-ci il dekabr ayının 31-də həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, ulu öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etmiş, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdır. İmzalanan protokollara əsasən, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuş, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır. Eyni zamanda həmin vaxt enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ilk addımlar atılmış, Naxçıvan şəhərinin yaxınlığında İstilik Elektrik Stansiyası tikilmiş, Türkiyə və İrandan Naxçıvan Muxtar Respublikasına yüksəkgərginlikli elektrik xətləri çəkilmişdir.1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlamışdır.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olmuş, Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılmışdır.
Göründüyü kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın siyasi burulğanlar məngənəsindən çıxa bilmədiyi bir vaxtda Naxçıvanda ümummilli liderimiz tərəfindən müstəsna əhəmiyyətə malik taleyüklü addımlar atılmışdır. Ulu öndər ölkə rəhbərliyinin həyata keçirdiyi antiazərbaycan siyasəti ilə razılaşmır, öz narahatlığını və etirazını çəkinmədən, cəsarətlə bildirirdi. Bu səbəbdən də dahi şəxsiyyət daim təqiblərə, hədələrə, siyasi mübarizə metodlarına sığmayan təsir vasitələrinə məruz qalırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “QAYIDIŞ” kitabında həmin hadisələri belə şərh etmişdir: “Heydər Əliyevin Naxçıvanda yenidən siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi dağıtmaq istəyən daxili və xarici düşmənləri ciddi təşvişə salmışdı. O zamankı iqtidar Naxçıvanı iqtisadi və informasiya blokadasında saxlayır, Heydər Əliyevin əleyhinə hər cür yaramaz təbliğatı qızışdırır, yaltaq, ikiüzlü deputatların vasitəsilə onu Azərbaycan parlamentində iştirakdan və ölkədə cərəyan edən siyasi proseslərdən təcrid etməyə çalışırdı. Qarabağ probleminin həlli ilə bağlı Heydər Əliyevin irəli sürdüyü təkliflər “Qarabağ heç vaxt indiki qədər bizim olmayıb” məddahlığı ilə qarşılanır, hadisələrin düzgün qiymətləndirilməməsi ucbatından siyasi proseslər getdikcə millət, xalq üçün təhlükəli xarakter almağa başlayırdı”.
Hind siyasi xadimi Mahatma Qandi demişdir ki, “Dünyada xalqın inamını, etimadını qazanmaqdan, xalqın güvənc yeri olmaqdan böyük xoşbəxtlik yoxdur”. Xalqın güvəncinə çevrilən ümummilli liderimizə 1992-ci ilin 16 oktyabrında Azərbaycan ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Ulu öndərin bu fikirləri sonrakı dövrlərdə tam reallığa çevrilmişdir. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya hazırda öz sıralarında milli ruhlu insanları birləşdirən müstəqillik, dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrilmişdir.
Qeyd etmək lazımdır ki, ulu öndərin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inam hissini alovlandırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar görkəmli dövlət xadimi Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın inamının və sevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Goranboy rayonundan göndərilən və “Şərq qapısı” qəzetində dərc olunan teleqramlardan birində deyilir: “1991-ci il sen­tyabr ayının 14-də Goranboy rayonunda erməni quldurları ilə vuruşma zamanı milis kapitanı Süleyman Feyruz oğlu Bədəlov üç güllə yarası alaraq ermənilər tərəfindən girov götürülmüşdür. Ailəmiz Heydər Əliyevə teleqram vuraraq onun azad olunmasına köməklik göstərməsini xahiş etmişdi. ...Tele­qramdan sonra ailəmizə böyük bir şadlıq gəlmiş, Süleyman Bədəlov azad edilmişdir. İcazə verin, “Şərq qapısı” qəzeti vasitəsilə hörmətli Heydər Əlirza oğlu Əliyevə səmimi təşəkkürümüzü bildirək. ...Respublika Prezidenti bizim üç teleqramımızın heç birinə cavab vermədi. Heydər Əliyev isə ailəmizə üz vermiş fəlakətə laqeyd qalmadı. Biz bunu heç vaxt unutmarıq. Allah onu bütün bəlalardan hifz etsin”. Göründüyü kimi, ulu öndər Heydər Əliyev təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olmuş, onların problemlərinin həlli istiqamətində səy və bacarığını əsirgəməmişdir.
1990-1993-cü illərdə Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitində ulu öndər Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın, tərəqqinin Heydər Əliyev yoluna qayıdan ilk region olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın yaradılmasının 85 illiyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında ulu öndərin Naxçıvana qayıdışını muxtar respublikanın xilası günü kimi dəyərləndirərək demişdir: “Sovet İttifaqı dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu. Azərbaycana edilmiş hərbi təcavüzdən – 1990-cı ilin 20 Yanvar faciəsindən sonra Heydər Əliyev sovet rəhbərliyini kəskin şəkildə ittiham etdi və Sovet İttifaqı Kommunist Partiyasından çıxdı. Bundan sonra ona qarşı böyük təzyiqlər başlandı. ...Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.
Belə bir vaxtda dahi şəxsiyyətin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı getdikcə bir zərurətə çevrilirdi. Xalq qəti əmin idi ki, ölkəni düşdüyü ağır siyasi böhrandan çıxarmağın, torpaqları itirilmək təhlükəsindən xilas etməyin yeganə yolu ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışındadır.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında iştirak etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında ulu öndər Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmişdir. Azərbaycanın məhvə sürükləndiyi bir vaxtda xalq yeganə ümid və xilas yolunu Naxçıvandan başlanan qurtuluşda – ümummilli liderimiz Heydər Əliyevin böyük siyasətə qayıdışında tapdı. 1993-cü ilin 9 iyununda dahi siyasətçi xalqın təkidli tələbi ilə Bakıya getdi. Böyük siyasətə yenidən qayıdış yalnız bir amala – xalq və dövləti üzləşdiyi bəladan qurtarmaq məramına xidmət edirdi. Bu dövrdən etibarən ölkəmiz inkişaf və tərəqqi yoluna çıxmış, təməli qədim Naxçıvan torpağında qoyulan müstəqilliyimiz qorunub möhkəmləndirilmişdir.
Ümummilli lider Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirərək deyirdi: “Biz Azərbaycanda demokratik respublika, vətəndaş cəmiyyəti quraraq, sivilizasiyalararası cəmiyyət uğrunda mübarizə apararaq, ümumi dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan uzun illərdən sonra, ilk dəfə müstəqilliyini aldıqdan sonra bütün dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Güman edirəm ki, Azərbaycan xalqının bu barədə həm tarixi, həm müasir potensialı olduqca böyükdür. Bunların hamısından istifadə olunarsa, Azərbaycan həm tam müstəqil dövlət olacaq, həm də bizim cəmiyyətimiz tam demokratik, hüquqi, ümumbəşəri dəyərlər əsasında qurulan demokratik bir cəmiyyət olacaqdır”. Dahi siyasətçi bu ideyalarını öz əməli işi ilə reallığa çevirərək qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırmış, qanunun aliliyi təmin olunmuş, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edilmiş, müasir idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış mütərəqqi addımlar kimi tarixə düşmüşdür. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil.
Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac vermiş, muxtar respublikamızda bu siyasətin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuşdur. Son 18 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Zaman etibarilə o qədər də böyük olmayan bu müddətdə Naxçıvan Muxtar Respublikası intibah dövrünə qədəm qoymuşdur. İqtisadiyyat dinamik inkişaf yoluna çıxmış, orta aylıq əməkhaqqı bir neçə dəfə artırılmış, sosial proqramlar qəbul edilərək uğurla icra olunmuşdur. Hazırda Naxçıvanda böyük layihələr reallaşdırılır, ümummilli liderimizin adı və əməlləri Azərbaycana, qədim və müasir Naxçıvana işıq, nur saçır.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi təqdirəlayiqdir. Məhz ulu öndərin 1990-cı il iyulun 22-də Naxçıvan Muxtar Respublikasına gəlməsi və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Bu tarixdən ötən 23 il ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Xalqımız bütün varlığı ilə inanır ki, ölkədə davam etdirilən bu siyasi xətt – Heydər Əliyev yolu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır.

“Şərq qapısı”