Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Tərəqqi və yüksəlişin başlanğıc günü” mövzusunda 172-ci məşğələsi keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk dəfə gəlməsinin 44-cü ildönümü münasibəti ilə keçirilən məşğələni giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açmışdır. Vurğulanmışdır ki, 44 il əvvəl – 1969-cu il iyul ayının 14-də görkəmli dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə seçilməsi ilə Azərbaycanda inkişaf və tərəqqinin əsası qoyulmuşdur. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, sosial-iqtisadi, hərbi, siyasi tərəqqisində misilsiz xidmətləri olduğunu deyən rektor bildirmişdir ki, müdrik rəhbərin ideyaları və siyasi xətti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, ziyalı gənclik bu siyasəti qətiyyətlə dəstəkləyir.

Universitetin Ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Kəngərli mövzu ilə bağlı məruzə etmişdir. Məruzədə bildirilmişdir ki, ötən əsrin 70-80-ci illərində – totalitar sovet rejimi dövründə Azərbaycanda milli şüurun və müstəqil dövlətçilik ideyalarının formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz həmin milli şüurun və dövlətçilik ideyalarının fonunda bir müddət sonra xalqımız ikinci dəfə azadlığa qovuşdu. 
“Hələ sovetlər dövründə milli tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin yaşadılması, milli intellekt bazasının yaradılmasında dahi rəhbərin müstəsna xidmətləri olmuşdur”, – deyən məruzəçi müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövrünü müstəqilliyin xilas edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, Azərbaycanın dövlət quruculuğunun dönməzliyinin təmin edilməsi və möhkəmləndirilməsi kimi mərhələlərlə xarakterizə edərək dahi şəxsiyyətin demokratik və hüquqi dövlət quruculuğu, uğurlu daxili və xarici siyasətin müəyyənləşdirilməsi, milli ideologiyanın yaşadılması və təbliği istiqamətində gördüyü işlərdən bəhs etmişdir.
Məruzədən sonra mövzu ilə bağlı diskussiya olmuşdur.

Xəbərlər şöbəsi