Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə muxtar respublika gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Regiondakı narkoşəraitin mürəkkəbliyi nəzərə alınaraq, muxtar respublika ərazisindən “ötürücü məntəqə” kimi istifadə olunmasına imkan verilmir, narkomanlığa qarşı təsirli və təxirəsalınmaz tədbirlər görülür.
Bu günlərdə gömrük əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş daha bir cəhdin qarşısı alınıb. Faktla bağlı araşdırma zamanı məlum olub ki, Azərbaycan Respublikası vətəndaşı, 1960-cı il təvəllüdlü, Cəlilabad rayon sakini Niftəliyev Natiq Yadulla oğlu narkotika əldə etməkdən ötrü Biləsuvar gömrük sərhəd-buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasına getmək qərarına gəlib. O, ifadəsində bildirib ki, yaşadığı kənddə əkdiyi buğdanın satışından əldə etdiyi 310 manat məbləğində pulu götürərək alış-veriş məqsədilə evdən çıxıb. Ələddin adlı İran vətəndaşı ilə bu ölkənin Biləsuvar şəhərindəki bir çayxanada görüş təyin edib. Apardığı pul miqdarında əldə etdiyi narkotik vasitəni gömrük nəzarətindən yayındırmaqdan ötrü bir hissəsini İranın Aslandüz şəhərində bədən üzvünə – düz bağırsağına yerləşdirib. Səhəri gün taksi ilə İranın Poldəşt şəhərinə çatıb, çayxanaların birində çay içdikdən sonra içində narkotika olan digər bükümləri də eyni üsulla özündə gizlədərək Şahtaxtı gömrük sərhədburaxılış məntəqəsinə gəlib. Gömrük məntəqəsini keçərkən şübhəli şəxs qismində saxlanılan vətəndaş Niftəliyev Natiq Yadulla oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə gətirilib. Üzərində şəxsi yoxlama aparılıb. Bədən daxilindən ümumi çəkisi 389 qram olan iki növdə narkotik vasitə – heroin və həşiş aşkarlanaraq götürülüb.
Dindirmə zamanı vətəndaş Niftəliyev Natiq Yadulla oğlunun bədən üzvündə gizlətdiyi narkotik vasitəni aldığı şəxslə görüşməmişdən qabaq çayxanada əvvəlcədən tanıdığı bir başqa İran vətəndaşı ilə də görüşüb cinayət əlaqəsinə girdiyi ortaya çıxıb. Ələkbər adlı həmin şəxs vətəndaş Niftəliyev Natiq Yadulla oğlunu Naxçıvana gedəcəyi təqdirdə narkotika ilə təmin edəcəyinə vəd verib və Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş narkotik vasitələrin yerini deyib. Lakin özünün dediyinə görə, guya o, buna inanmayıb və bədən üzvündə gizlətdiyi narkotik vasitələri əvvəlcədən sövdələşdiyi şəxsdən, yəni Ələddindən alaraq geri qayıdıb.

Saxlanılan şəxsin iştirakı ilə hava limanı ərazisinə baxış zamanı nişan verilən yerdən ümumi çəkisi 315 qram olan iki növdə narkotik vasitə – tiryək və həşiş aşkarlanaraq götürülüb. 
Vətəndaş Niftəliyev Natiq Yadulla oğlu cinayət əlaqəsində olduğu şəxslərlə bundan bir il öncə İrana müalicə üçün gedərkən tanış olduğunu, müalicəsi vaxtı ona etdikləri xeyirxahlıqlara görə onlarla yaxınlıq etdiyini deyib.
Vətəndaş Niftəliyev Natiq Yadulla oğlu Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsində saxlanılmasaydı, o, Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində gizlədilmiş həmin narkotik vasitələri də götürüb bu və ya başqa şəkildə hava yolu ilə Bakıya aparmağı planlaşdırırdı.
Verilmiş kriminalist-tədqiqat rəyinə görə, hər iki halda aşkarlanmış narkotik vasitələrin ümumi çəkisi 687 qramdan çoxdur. Aşkarlanaraq götürülmüş narkotik vasitələrin 525 qramı həşiş, 136 qramı tiryək, 26 qramı isə heroindir.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb. Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxsi üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi dövlətimizi və xalqımızı əmin edir ki, gömrük orqanları bundan sonra da ölkəmizin, o cümlədən muxtar respublikamızın iqtisadi mənafeyinə və təhlükəsizliyinə zidd əməllərə qarşı mübarizəsini davam etdirəcək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəhdlərin qarşısının alınması və insan sağlamlığının qorunması üçün əzmlə çalışacaqdır.

Naxçıvan Muxtar Respublikası

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti