Ulu öndər Heydər ƏLİYEV: Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.

Ölkənin ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində daxili işlər orqanlarının mühüm xidmətləri vardır. Fəaliyyəti dövründə Azərbaycan polisi daim öz peşəkarlıq səviyyəsini yüksəldərək çətin və şərəfli yol keçmiş, tarixin sınaqlarından ləyaqətlə çıxaraq mütəşəkkil və mübariz bir quruma çevrilmişdir. İctimai-siyasi quruluşdan və şəraitdən asılı olmayaraq, ölkəmizin bütün inkişaf mərhələlərində polis istər daxili cinayətkarlara, istərsə də əhalinin əmin-amanlığı üçün təhlükə törədən digər qüvvələrə qarşı əzmlə mübarizə aparmış, əsl fədakarlıq və peşəkarlıq nümunələri göstərmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra daxili işlər orqanlarının şəxsi heyətinin üzərinə daha böyük məsuliyyət düşmüşdür. Azərbaycan polisi bir tərəfdən milli müdafiə funksiyalarını yerinə yetirərək ərazi bütövlüyümüz uğrunda erməni qəsbkarlarına qarşı ağır döyüşlərdə iştirak etmiş, digər tərəfdən isə dövlətçiliyimiz əleyhinə yönəldilmiş cinayətkar qəsdlərin aradan qaldırılmasında mühüm xidmətlər göstərmişdir.
Azərbaycanda bu sahənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər polis əməkdaşları qarşısında mühüm vəzifələr müəyyənləşdirərək demişdir: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır”.

Müstəqillik illərində ümummilli liderimizin rəhbərliyi ilə daxili işlər orqanlarının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkar­lığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkəmizdə sabitlik bərqərar edilmiş, cinayətkarlığın artan dinamikasının qarşısı alınmış, kriminogen durum tam nəzarətə götürülmüş, mütəşəkkil cinayətkarlığın, sabitlik üçün təhlükə doğuran zərərli meyillərin və qanunsuz silahlı birləşmələrin qarşısı alınmışdır. Dahi şəxsiyyətin 1994-cü il avqustun 9-da imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman mütəşəkkil cina­yətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu sahədə gələcək uğurların əsasını qoymuşdur. Bundan sonra ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrin icrasına başlanılmışdır. Bu sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi sonrakı dövrdə də davam etdirilmiş, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə qəbul edilmişdir.
Bu gün Prezident İlham Əliyev tərəfindən daxili işlər orqanlarına hərtərəfli diqqət və qayğı göstərilir, ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Dövlət başçısının təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Pro­qramı” müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyətə malik olmuşdur. Dövlət Proqramına uyğun olaraq, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə “102”, “Təhlükəsiz şəhər” və “Qaynar xətt” xidmətləri yaradılmışdır. Daxili işlər orqanlarının ölkə­mizin müstəqilliyinin qorunması, insanların təhlükəsizliyinin təmin olunmasındakı rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: “Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludur. Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır”.
Naxçıvan Muxtar Respublikasında da daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Bu gün fəxrlə demək olar ki, Naxçıvan polisi yüksək peşəkarlığa malikdir. Muxtar respublikanın daxili işlər orqanlarında qarşıya qoyulan məqsədlərə nail olmaq, vətəndaşlarımızın etimadını qazanmaq üçün yeni iş metodları tətbiq edilir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələr möhkəmləndirilir. Şəxsi heyətin peşə hazırlığı, milli dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir.
Muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və tərəqqi, aparılan çoxşaxəli quruculuq işləri digər sahələrlə yanaşı, polis orqanlarını da əhatə etmişdir. 1995-ci ildən ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla bütün ərazi, xətt polis orqanlarının inzibati binaları yenidən qurulmuş, ən müasir xidməti avtomobillər verilmişdir. Əməkdaşların sosial-məişət problemlərinin həlli də dövlət qayğısından kənarda qalmamışdır.
Polis insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini qoruyur. Son 17 ildə muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəm­ləndirilməsinin, onlara yüksək səviyyədə xidməti şəraitin yaradılmasının və profilaktik tədbirlərə üstünlük verilməsinin nəticəsidir ki, cinayətkarlıq halları minimuma endirilmişdir. Naxçıvan polisinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar yüksək qiymətləndirilmiş, onlarla əməkdaş orden və medallara, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin polis orqanlarına göstərdiyi yüksək diqqət və qayğı əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəlməsinə, qanunçuluğun və daxili təhlükəsizliyin möhkəmlənməsinə, asayişin mühafizəsi sahəsində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə səbəb olmuşdur. Naxçıvan polisi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğruldacaq, dövlətçiliyin qorunması, asayişin təmin edilməsində qüvvə və bacarığını əsirgəməyəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Daxili İşlər Nazirliyinin mətbuat xidməti