Naxçıvanın tarixinin, bəlkə də, ən ağır, ən çətin dövrləridir o illər. Nəhəng imperiyaların parçalanması ərəfəsində quduzlaşan düşmənlərlə üz-üzə qalmış, ana Vətəndən – Azərbaycandan ayrı düşmüş Naxçıvan XX əsrin 18-20-ci illərində mətanətlə döyüşmüşdür. Naxçıvanlılar mətanətlə döyüşmüşlər – həm döyüş meydanında, həm də siyasət, diplomatiya meydanında. Bu döyüş adi bir döyüş, bu mübarizə adi bir mübarizə olmamışdır. Bu mübarizə təkcə Naxçıvan uğrunda, Azərbaycan uğrunda deyil, həm də türkçülük uğrunda, İslam uğrunda idi. Bu mübarizənin tərəfdarları özlərini elə “Mücahidin” adlandırmışdılar. 1915-ci ildə Naxçıvan və Culfada yaradılan “Mücahidin” adlı milli partiyanın dörd  lideri – Mirheydərzadə, İ.Camalbəyov,   K. Səfərbəyov  və R.Səfərbəyov o zaman düşmən qüvvələrə, xüsusilə erməni quldur dəstələrinə qarşı mübarizədə önəmli rol oynamışlar. Partiyanın liderlərindən biri olmuş İsmayıl Camalbəyov siyasət – diplomatiya meydanında Naxçıvan uğrunda mübarizə aparmışdır.  

Gələcəkdə adını Azərbaycanın diplomatiya tarixinə yazdıracaq İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində anadan olmuş, məktəb təhsilini də burada almışdır. 1918-ci ilin fevra­lın­­da Zaqafqaziya Komissarlığını (1917-ci il noyabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsini əvəz etmiş Zaqafqaziya hökuməti) Zaqafqaziya seyminin (qanunvericilik orqanı) əvəz etdiyi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından etibarlı müdafiəsini təşkil etmək üçün İ.Camalbəyov mübarizənin ön sıralarında olmuş, erməni quldurlarına qarşı xalq dəstələrinin təşkil edilməsində ciddi rol oynamışdır. Tezliklə liderlik qabiliyyəti ilə bölgədə böyük nüfuz qazanmış İsmayıl bəy Camalbəyov 1915-ci ildə yaradılan “Mücahidin” partiyasının liderlərindən birinə çevrilir. XX əsrin 20-ci illərində isə o, Naxçıvanın Makuda ilk konsulu kimi diplomatik fəaliyyət göstərmişdir.

S.Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən” kitabında yazır ki, 20-ci illərdə Naxçıvan SSR-in hüquq və səlahiyyətləri daha geniş olmuş, qonşu İran və Türkiyə dövlətləri, Zaqafqaziya respublikaları ilə diplomatik və iqtisadi əlaqələr konsulluq və nümayəndə­liklər vasitəsilə həyata keçirilmişdir. Naxçıvanın Maku, Xoy və Təbriz şəhərlərində konsulluqları, Türkiyənin Qars şəhərindəki RSFSR Konsulluğu yanında Naxçıvan müvəkkilliyi yaradılmışdı. Türkiyənin Naxçıvanda hərbi nümayəndəliyi 1924-cü ilin iyulunadək, İranın Naxçıvandakı Konsulluğu isə 1938-ci il noyabrın 17-dək fəaliyyət göstərmişdir. Makuda İsmayıl bəy Camalbəyov, Təbrizdə Qasım bəy Camalbəyov Naxçıvan SSR-in ilk konsulları olmuşlar. Naxçıvan SSR-in Bakı, Tiflis və İrəvan şəhərlərində də nümayəndəlikləri yaradılmışdı. Əziz Şərif 1922-ci ilin yanvarında Gürcüstan SSR-də Naxçıvanın nümayəndəsi təyin edilmişdi.
Qeyd etmək lazımdır ki, hələ Sovet hakimiyyətinin qurulmasından əvvəl ən çətin dövrlərdə Naxçıvanın Maku ilə sıx əlaqələri olmuşdur. 1918-ci ilin yazında – Bakının daşnakların və eserlərin əlində olduğu bir dövrdə Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xan Naxçıvanski o zaman türklərin tabeliyində olan Maku xanlığına getmiş, burada Maku xanının vasitəsilə türk komandanlığı ilə əlaqə yaratmış və Naxçıvana türk hərbi dəstələri yeridilməsi barədə danışıqlar aparmışdı. 1921-ci il yanvarın 19-da Vəlibəyovun Anadoluda Kazım Qarabəkir paşaya təqdim etdiyi məktubdan isə görünür ki, o zaman Naxçıvanın müstəqilliyini tanıyan dövlət və siyasi qurumlar içərisində Maku xanlığının da adı var.
Məktubda yazılırdı: “Naxçıvanın müstəqilliyini Ermənistan, Ukrayna, Dağıstan Sovet respublikaları, Maku xanı və Təbriz şəhərinin hakimi tanımışlar”.
1921-ci ilin yanvarında Şahtaxtıda yerləşən XI Qızıl Ordunun 106-cı polkunun zabitləri arasında qiyamın baş verməsi, fövqəladə komissarlığın və türk qoşunu rəhbərliyinin bütün tədbirlərinə baxmayaraq, 1921-ci il yanvarın 10-dan 11-nə keçən gecə təxminən 300 nəfər qızıl əsgər və zabitin Şahtaxtı körpüsündən İrana – Maku ərazisinə keçməsi Maku xanlığı ilə Naxçıvan arasında əlaqələri pisləşdirmişdi. Əsgər və zabitlərin İranda olan denikinçilərə qoşulub soyğunçuluq və quldurluqla məşğul olmalarından narazı qalan Maku xanı Murtuzaqulu xan Naxçıvanla əlaqəni kəsmişdir. Məhz belə bir dövrdə İsmayıl bəyin əlaqələrin bərpasında xidmətləri olmuşdur.
Makuda konsul kimi fəaliyyət göstərdiyi dövrdə Azərbaycanın mənafeyi naminə, Naxçıvanın mənafeyi naminə mübarizə aparmış İsmayıl bəy, bəlkə də, elə bu səbəbdən XX əsrin 30-cu illərində bolşevik cildinə girmiş erməni cəlladlarının əlindən yaxa qurtara bilməmiş, 1938-ci ildə repressiyaya uğramışdır. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əks­inqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş, qərar bir gün sonra, yanvar ayının 6-da icra olunmuşdur.
İsmayıl Camalbəyovun həyat yoldaşı Güllü xanım Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 4 iyul 1934-cü il tarixli qərarına əsasən, 1937-ci il dekabr ayının 31-də həbs edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Elnur KƏLBİZADƏ