“Naxçıvanskilər nəslinin dördüncü generalı general-adyutant Hüseyn xan Naxçıvanskinin adı hərb tariximizin ən uca zirvələrindən birində dayanır. Hüseyn xan Naxçıvanski cəsur sərkərdə, sədaqətli general kimi gələcək nəsillərə örnək ola biləcək bir şəxsiyyətdir”. AMEA Naxçıvan Bölməsi ilə Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi “Görkəmli sərkərdə: tam süvari generalı Hüseyn xan Naxçıvanski” adlı elmi konfrans iştirakçıları bu qənaətdədirlər.
AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev nitqində hərb tariximizin bu qüdrətli simasının həyat və fəaliyyətinin öyrənilməsinə göstərilən dövlət qayğısından bəhs edib və bu işin əsas ideya müəllifinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov olduğuna diqqət çəkib. Akademik qeyd edib ki, general-adyutant Hüseyn xan Naxçıvanski İmperator Rusiyasının taxt-taca şərəf, inam və ləyaqətlə xidmət edən sonuncu cəngavərlərindəndir. Süvari alayında 20 illik xidməti zamanı kornetdən polkovnik rütbəsinə qədər yol keçib, Port-Artur müharibəsində 2-ci Dağıstan süvari alayının komandanı olub. Müharibədən sonra rus ordusunun qocaman və şöhrətli alaylarına, Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik edib. Birinci Dünya müharibəsinin ilk günlərindən Hüseyn xan diviziya və süvari korpusların komandiri vəzifələrində döyüşən ordunun ön sıralarında olub. Hüseyn xan Naxçıvanski Rusiya ordusunun sayca az olan o generallarından olub ki, 1917-ci il inqilabını tanımayıb və son ana qədər içdiyi anda və Rusiya imperatorunun taxt-tacına sadiq qalıb.

Hüseyn xan Naxçıvanskinin həyatının müxtəlif dövrləri haqqında geniş məlumatların verildiyi konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Tam süvari generalı Hüseyn xan Naxçıvanskinin həyatı və hərbi fəaliyyəti”, elmi işçi İlhami Əliyev “Hüseyn xan Naxçıvanskinin paj korpusunda təhsili və süvari qvardiyasında hərbi xidməti”, kiçik elmi işçi Elnur Kəlbizadə “İkinci Dağıstan alayının komandiri Hüseyn xan Naxçıvanski Port-Artur döyüşlərində”, Naxçıvan Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru İlqar Kəngərli “Hüseyn xan Naxçıvanskinin leyb-qvardiya süvari alayının komandiri kimi fəaliyyəti”, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Hüseyn xan Naxçıvan­skinin Birinci Dünya müharibəsindəki sərkərdəlik məharəti” mövzularında məruzələr ediblər. 
Elmi konfransda general-adyutant Hüseyn xan Naxçıvanskinin həyat yolundan bəhs edən slayd nümayiş etdirilib, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.

Xəbərlər şöbəsi