Naxçıvan Şəhər Məhkəməsinin akt zalında “İnsan hüquqları sistemində istehlakçı hüquqları” mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayram­ova açaraq bildir­mişdir ki, ümummilli lider Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamına əsasən, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro­qramı” təsdiq edilmişdir. İnsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 18 iyun 2007-ci ildə “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, hər il iyun ayının 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Ülkər Bayramova qeyd etmişdir ki, ümummilli liderin rəhbərliyi altında həyata keçirilən demokratik, hüquqi, sosial, iqtisadi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm uğurların əldə edilməsinə imkan yaratmışdır. Ulu öndərimizin müəllifi olduğu 12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Naxçıvan Muxtar Respublikasında istehlakçı hüquqlarının müdafiəsi üzrə həyata keçirilən tədbirlər” mövzusunda çıxış etmişdir. Bildirilmişdir ki, istehlakçıların hüquqlarının qorunması üçün 1995-ci ildə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bundan başqa, “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlarda da istehlakçıların hüquqlarını müdafiə edən normalar nəzərdə tutulmuşdur. Ölkəmizdə bu sahədə aparılan islahatlar muxtar respublikamızda da uğurla davam etdirilməkdədir. Ötən müddət ərzində muxtar respublikada istehlakçıların hüquqlarının müdafiəsini təmin edən qurumların fəaliyyəti təkmilləşdirilmiş, həmin orqanların maddi-texniki bazası gücləndirilmişdir. Bu da istehlakçıların hüquqlarının daha səmərəli müdafiəsini təmin edir.
Vurğulanmışdır ki, günümüzdə istehsalda baş vermiş inkişaf istehlakçıya təqdim olunan məhsul növünü və çeşidini artırmışdır. Artıq bazarda arzuladığımız məhsulu arzuladığımız qiymətə tapmaq imkanımız var. Bu, istehlakçıya sərbəst seçim imkanı verir. İstehlakçıların hüquqlarının müdafiəsi dedikdə onların hüquqlarının mövcud qanunvericilik bazasına əsasən qorunması nəzərdə tutulur. İstehlakçıların ən başlıca hüquqlarından olan əsas tələbatlarının ödənilməsi hüququ onların qidalanma, su, elektrik, nəqliyyat, istirahət xidmətlərindən istifadə hüququdur. Hüquqları pozulan istehlakçı alınan malın keyfiyyətsiz, qüsurlu olması zamanı malın geri qaytarılması, yenisi ilə dəyişdirilməsi, ilkin vəziyyətin bərpa olunması və ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradovun “İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi”, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin böyük prokuroru Qalib İsmayılovun “İstehlakçıların hüquqlarının pozulmasına dair məsuliyyət”, Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Namiq Əhmədov­un “İstehlakçıların hüquqlarının qorunması sahəsində dövlət nəzarətinin həyata keçirilməsi” mövzularında məruzələri dinlənilmiş, məruzələr ətrafında çıxışlar olmuşdur.

Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti