Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qızlardan ibarət voleybol komandaları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş birincilik keçirilib. Yarışda 14 komanda mübarizə aparıb. Gərgin mübarizədən sonra Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. 6 və 13 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerləri bölüşüblər. Qalib komandalara diplomlar verilib.

Sərbəst güləş üzrə yarış

      Şərur rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. Yarışda 12 çəki dərəcəsində 50-dən çox güləşçi mübarizə aparıb. Yarışın yekun nəticəsinə görə, müvafiq çəkilərdə Rəcəb Əsədli, Məhəmmədəli Rəsulov, Kənan Əsədli, Hüseyn Qurbanov, Yusif Əhmədli, Xəzər Əlizadə, İsmayıl Əliyev, Məhəmməd Mahmudov, Kamran Hüseynov, Səfər Bayraməliyev, Vüqar Hüseynov və Əmrah Əhmədov birinciliyin qalibləri olublar. Qalib idmançılara diplomlar verilib.

Şahmat turniri

      Ordubad rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib. Otuz şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Birincilikdə 6-8 yaş qrupunda mübarizə aparan şahmatçılar arasında Zərrin Məmmədli birinci, Hüseyn Seyidov ikinci, Mahmud Qədimov üçüncü yerləri tutublar. 9-10 yaş qrupunda olan idmançıların yarışında isə Ümüd Qədimov, Mehdi Məmmədzadə, Fəxriyyə Allahverdiyeva müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. Yer tutan idmançılara diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Güləşçimiz bürünc medal qazanıb

   Dekabr ayının 7-dən 9-dək Balakən rayonunda yunan-Roma güləşi üzrə 1999 və 2000-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında Uşaq-Gənclər İdman Məktəblərinin V Respublika Oyunlarının final mərhələsi keçirilib. Yarışda muxtar respublikamızın bir idmançısı mükafata layiq yer tutub. İslam Hümbətov adına Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan Şükür Nadirov yarışda 42 kiloqram çəkidə mübarizə apararaq üçüncü yerə layiq görülüb. Fəxri yeri tutan idmançımıza bürünc medal və diplom verilib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

 mətbuat xidməti