Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə təşkil olunan növbəti turnir Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 21-ci ildönümünə həsr olunub. Komitənin idman zalında təşkil olunan yarışda sistemə daxil olan gömrük orqanlarından 17 tennisçi qüvvəsini sınayıb.
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnirin iştirakçıları iki yarımqrupda mübarizə aparıblar. Üç gün davam edən oyunlarda nizam- intizamı qorumaq Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarına həvalə olunub.
Yarımqruplarda mübarizə gərgin alınıb. Birinci tur olimpiya sistemi üzrə keçirilib. Yarışın qaydalarına görə, öz yarımqrupunda ilk iki pillədə qərarlaşan idmançılar həlledici mərhələyə vəsiqəni təmin ediblər.
Turnirin final mərhələsi dairəvi sistem üzrə keçirilib. Həlledici qarşılaşmada Vüqar Qurbanova (komitə) əsas mükafatın bir addımlığında “dur” deyən İsgəndər Hüseynov (“Naxçıvanterminalkompleks” Birliyi) aktivinə altıncı xalı yazdırmaqla qələbəni təmin edib. Üçüncülük isə Ənvər Zeynalova (Sədərək Gömrük İdarəsi) nəsib olub.
Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti