Boks üzrə böyüklər arasında keçirilən Azərbaycan Respublikası çempionatının qalibi və universiteti təmsil edən digər iştirakçılarla Naxçıvan Dövlət Universitetində görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. Qeyd olunub ki, muxtar respublikada idmanın müxtəlif növlərinin inkişafı məqsədilə yaradılan maddi-texniki baza, gənclərin fiziki hazırlığı, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları istiqamətində görülən işlər regionda idmanın daha geniş vüsət alması ilə nəticələnib. “Azərbaycan ali məktəblərinin reytinqinin müəyyən edilməsi” layihəsi üzrə müsabiqədə 2014-cü ilin nəticələrinə görə, ölkə üzrə birinci olan Naxçıvan Dövlət Universiteti idman sahəsində də bir çox tarixi uğurlar əldə edib. Rektor tələbə boksçuları təbrik edərək vurğulayıb ki, bu nəticə idmançı tələbələrə stimul verəcək, onları daha böyük qələbələrə ruhlandıracaq.

Universitetin müəllimi, boks üzrə idman ustası, çempion Tayfur Əliyevin məşqçisi Valeh Əlixanov çempionat haqqında məlumat verərək bildirib ki, ilk dəfə böyüklər arasında boks üzrə yarışda iştirak edən 17 yaşlı tələbə Tayfur Əliyev 4 döyüşü tam üstünlüklə başa vurub, yarışlardan birini isə rəqibini nokauta salmaqla bitirib. Tələbə boksçu finalda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin idman klubunun boksçusu, uzun illər seçmə komandamızın kapitanı olmuş Rəhim Nəcəfovu məğlub edib. Tayfur Əliyev çempionatda ən yüksək texnikalı boksçu üçün təsis olunmuş “Qızıl əlcək” mükafatının da qalibi olub. Fərəhləndirici haldır ki, çempion tələbə 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etmək hüququ qazanıb.
Fiziki tərbiyə və idman oyunları kafedrasının dosenti, Tələbə İdman Klubunun sədri Məmmədəli Rəhimov universitetin idman uğurları barədə danışıb.
Boks üzrə Azərbaycan çempionu Tayfur Əliyev qələbə sevincini bölüşüb, yarışların gərgin və inadlı mübarizə şəraitində keçdiyini bildirib.
Tayfur Əliyev və onun məşqçisi Valeh Əlixanov pul mükafatı və hədiyyələrlə təltif edilib, çempionatın iştirakçısı olan digər tələbələrə hədiyyələr təqdim olunub.

Mehriban SULTAN