Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Bakıda keçirilən əlil idmançıların stolüstü idman növləri üzrə 4-cü ümumrespublika yarışında uğurla çıxış ediblər. Nazim Süleymanov (nərd), Həbib Mustafayev (şahmat), Tural Hüseynov, Sərvər Əliyev (hər ikisi qol gücü) və Təvəkkür Cəfərovdan (dama) ibarət 5 nəfərlik idmançı heyəti ilə ölkə paytaxtına yollanan paralimpiyaçılarımızdan Təvəkkür Cəfərov uğurlu çıxışı ilə diqqəti cəlb edib. Dama yarışlarında idmançımız yalnız bir rəqibindən geri qalıb və yarışı ikinci pillədə başa vurub. Yarışın reqlamentinə əsasən, turnirdə iştirak edən idmançıların hər birinə pul mükafatı və təşəkkürnamə təqdim olunub.
Fərqlənən idmançılara isə təşkilatçılar tərəfindən xüsusi mükafatlar və diplomlar verilib.

 Ceyhun MƏMMƏDOV