Naxçıvan boksçuları cari ildə qazandıqları uğurlarla bütün diqqətləri öz üzərlərinə cəlb etməyi bacarıblar. Artıq dəri əlcək sahiblərimiz keçirilən yarışların, turnirlərin bir nömrəli favoriti halına gəliblər.
Balakən rayonunda başa çatan yeniyetmələrin respublika oyunlarında boksçularımız daha bir uğura imza atıblar. 21-28 noyabr tarixlərində Şimal zonasında təşkil olunan birincilikdə ölkənin 45 komandası və 200-dən çox boksçusu rinqdə mübarizə aparıb. Bu yarışa 10 idmançı ilə yollanan komandamız muxtar respublikaya 5 medalla qayıdıb. Belə ki, 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Cahid Qurbanov bütün rəqiblərini məğlub edərək respublika oyunlarının qalibi adını qazanıb. Digər 4 medalın əyarı isə bürünc olub. İlkin Qurbanov (34 kq), Kənan Şəfiyev (36 kq), Muxtar Fərzəliyev (38 kq) və Elçin Məmmədov (56 kq) yalnız finala gedən yolda rinqi məğlub tərk ediblər və üçüncülüklə kifayətləniblər.
Qeyd edək ki, qaliblərə diplom və hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV