Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində paralimpiyaçılar arasında armrestlinq üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkil etdikləri yarış başlanmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin məsləhətçisi Aydın Mirzəyev və Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.
Birincilikdə 20 idmançı iştirak edib. Əvvəlcə 70 kiloqramadək çəki dərəcəsində olan paralimpiyaçılar öz qüvvələrini nümayiş etdiriblər. Bu çəkiyədək yarışanlar arasında Babək rayon idmançısı Telman Şirinov birinciliyin qalibi olub. Kəngərli və Ordubad rayonlarının idmançıları Elşən Babayev ilə Zamin Hacıyev isə ikinci və üçüncü yerləri tutublar.
70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparan idmançılar arasında Kəngərli rayon təmsilçisi Əzobil Rüstəmov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Babək və Culfa rayonlarının paralimpiyaçıları Fərasət Məmmədovla Firudin Həsənov ikinci və üçüncü yerləri bölüşüblər.
Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Par­alimpiya Federasiyasının qiymətli hədiyyələri verilib. Yer tutmayan idmançılara da həvəsləndirici mükafatlar təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti