Naxçıvan şəhərindəki Gənclər Mərkəzində yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika zona birinciliyi keçirilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda 8 komanda iştirak edib. Finala vəsiqə uğrunda gərgin mübarizədən sonra “Zirvə”, “Odlar yurdu”, “Nuh yurdu” və “Şahin” komandaları ikinci mərhələyə yüksəliblər. Bu mərhələdə daha bacarıqlı oyun sərgiləyən “Zirvə” komandası ən yüksək xal toplayaraq birinci yerə layiq görülüb. Digər iki pillədə isə “Şahin” və “Nuh yurdu” komandaları qərarlaşıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, bu mərhələnin qalibi olan “Zirvə” komandası dekabr ayında “Xəmsə” milli intellektual oyunu üzrə keçiriləcək Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcək.

Ceyhun MƏMMƏDOV