Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr edilmiş kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birinciliyin əsas məqsədi muxtar respublikada basketbol idman növünün inkişaf etdirilməsi, qabiliyyətli basketbolçuları üzə çıxarmaq, həmçinin yığmanın heyətini müəyyən edib Azərbaycan çempionatında iştirakı təmin etməkdir.
Dövlət Himninin səsləndirilməsindən sonra yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov keçirilən tədbirin mahiyyəti haqda məlumat verdi, basketbolçulara uğurlar arzuladı.
Birinciliyin reqlamentinə əsasən, 8 komanda iki yarımqrupda mübarizə aparır. Birinci qrupda “Naxçıvan”, Naxçıvan Özəl Universitetinin komandası, “Babək” və “Şərur”, ikinci qrupda isə “Ordubad”, “Culfa”, “Sədərək” və “Lokomotiv” komandaları qərarlaşıb. Yarışın əsasnaməsinə əsasən, qruplarda ilk yerləri tutan komandalar final görüşündə üz-üzə gələcəklər. İkinci pillənin sahibləri isə üçüncülük uğrunda meydana çıxacaqlar.
Qeyd edək ki, üçüncülük və final görüşü noyabrın 28-də keçiriləcək. Qaliblərə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

 Ceyhun MƏMMƏDOV