Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində MMA qaydasız döyüş növü üzrə şəhər birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilikdə 60-dan çox idmançı mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov yarış barədə məlumat verib.
İki gün davam edən Naxçıvan şəhər birinciliyinin əsas məqsədi MMA idman növünü gənclər arasında təbliğ etmək və federasiya tərkibində fəaliyyət göstərən klubların işini təkmilləşdirmək olub. Yarışın ilk günündə idmançılar finala vəsiqə qazanmaq üçün mübarizə aparıblar. Birinciliyin reqlamentinə əsasən, idmançılar 8 çəki dərəcəsində rinqə çıxıblar. 55, 60, 65, 68, 72, 75, 85 və 96 kiloqram çəkilərdə finala vəsiqə qazanan idmançıların döyüşü isə bir gün sonra baş tutub.

Final qarşılaşmalarında da tamaşaçılar mükəmməl döyüşlərə şahidlik ediblər. Belə ki, 55 kiloqram çəki dərəcəsində daha öncə muxtar respublika çempionu olmuş Polad Cəlilov Tofiq Əsgərzadəni məğlub edərək qalib adını qazanıb. Orxan Ağaverdiyev isə bu uğura 60 kiloqramda imza atıb. Daha gərgin və maraqlı döyüşü azarkeşlər 72 kiloqramda izləyiblər. Belə ki, boks üzrə muxtar respublika çempionları – Cəmaləddin Tağıyev və Elvin Kazım­ovun rinqdə döyüşü alqışlarla qarşılanıb. Bu görüşdə Elvin qalib gələrək öz çəkisində hamıdan güclü olduğunu sübut edib. Ən ağır çəkidə mübarizə aparan Anar Qasım­ov və Nail Hüseynovun döyüşü isə prinsipiallığı ilə fərqlənib. Tamaşaçıların ayaq üstə alqışladıqları bu döyüşün qalibi Anar Qasımov olub. Digər çəkilərdə isə müvafiq olaraq, Aslan Allahverdiyev (65 kq), Seymur Süleymanov (68 kq), Fuad Nəsirov (75 kq) və Səyyad Məmmədov (85 kq) birinciliyin qalibi adını qazanıblar.
Birinciliyin sonunda qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV