10-17 noyabr – beynəlxalq tələbə-gənclər həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında dünən badminton yarışı təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi muxtar respublikada bu idman növünü inkişaf etdirmək və kütləviliyə nail olmaqdır. Olimpiya sistemi üzrə təşkil olunan yarış Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilib.
Nəticəyə əsasən, Naxçıvan Dövlət Universitetinin tələbəsi Fəridə Hənifəyeva bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb. Dövlət universitetinin digər tələbələri – Röya Quliyeva, Arzu Əliyeva və Zərövşən Yusif­əliyeva isə digər pillələrdə qərarlaşıblar.

Ceyhun MƏMMƏDOV