Naxçıvan şahmatçılarının dünya arenalarında uğurlu çıxışları davam etməkdədir. Bu dəfə zəka sahibimiz Pərviz Qasımov Gürcüstanın Batumi şəhərində bütün diqqətləri öz üzərinə cəlb etməyi bacarıb. Naxçıvan şahmat məktəbinin yetirməsi olan zəka sahibi 24-cü Avropa çempionatında 14 yaşlı şahmatçılar arasında bürünc medal qazanıb. Həmyaşıdları arasında qitənin ən güclü 3 şahmatçısından biri adını qazanan Pərviz Qasımov bu uğuru sayəsində reytinq xalını 211-ə çatdırıb.
Hazırda aktivində 2160 reytinq xalı olan Pərviz üçün cari ili uğurlu hesab etmək olar. Belə ki, o, iyul ayında keçirilən respublika şahmat olimpiadasının qalibi olmaqla yanaşı, həm də Naxçıvanda keçirilən “Naxçıvan Open-2014”-ün də qalibidir. Beynəlxalq arenada isə Pərviz Qasımov iyun ayında Yunanıstanın Kaval şəhərində keçirilən məktəblilər arasında Avropa çempionatında ikinci, avqust ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən beynəlxalq turnirdə isə üçüncü olub.

 Ceyhun MƏMMƏDOV