Şahbuz Şəhər Stadionunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Şahbuz Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında yüngül atletika üzrə rayon birinciliyi keçirilib. Qızlar və oğlanların mübarizə apardığı birincilikdə məktəblilər 100, 200, 400, 800 və 1500 metr məsafədə kimin güclü olduğunu nümayiş etdiriblər.
Oğlanların mübarizəsində 100 metr məsafəyə qaçışda Məmməd Şahgəldiyev, 200 metrdə Tacirəddin Məmmədov, 400 metrdə Ümid Cəfərov, 800 metrdə Elmar Novruzlu və 1500 metrdə Elnur Musayev finiş xəttinə hamıdan tez çatıblar.
Qızların yarışında isə müvafiq olaraq Selcan Məmmədova, Zəhra Quliyeva, Leyla Cəfərova və Nigar Misirli bütün rəqiblərini qabaqlayaraq birinciliyin qalibi adını qazanıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

 Ceyhun MƏMMƏDOV