Yaxın günlərdə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət boks komandası Avropa çempionatına yollanacaq. Sevindirici haldır ki, qitə birinciliyinə yollanacaq dəri əlcək sahiblərindən ibarət millimizin heyətində iki Naxçıvan boksçusu da yer alacaq. Belə ki, Bakıda təlim-məşq toplanışında olan Tayfur Əliyev və Sərxan Əliyev Avropa çempionatına yollanmaq üçün sparinq döyüşləri keçiriblər. 56 kiloqram çəki dərəcəsində Tayfur Əliyev bütün rəqiblərinə qalib gələrək Azərbaycanı Avropa çempionatında təmsil etmək hüququ qazanıb. O, 17-23 oktyabr tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək gənclər arasında Avropa çempionatında mübarizə aparacaq.
Eləcə də 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev qardaşının uğurunu təkrarlayıb və qitə birinciliyinə vəsiqə qazanıb. Sərxan 27 oktyabr-3 noyabr tarixlərində Rusiyanın Anapa şəhərində təşkil olunacaq yeniyetmələrin qitə birinciliyində rinqə çıxacaq.
İki boksçumuzla yanaşı, daha bir dəri əlcək sahibimiz də millimizin düşərgəsindədir. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Orucov Azərbaycan yığmasının heyətində Türkiyəyə yollanıb.

Ceyhun MƏMMƏDOV