Naxçıvan şəhərində yerləşən “N” hərbi hissədə payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazı­ram” çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin təşkil etdiyi yarışda 13 tam orta məktəbin komandası iştirak edib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirib ki, bu cür yarışların keçirilməsi gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı Əli Kazımov çıxış edərək Naxçıvanda gənclərin bütün sahələrdə inkişafına göstərilən dövlət qayğısından danışıb, tədbir iştirakçılarına uğurlar diləyərək keçirilən yarış haqqında məlumat veriblər.
Poliatlon dördnövçülük proqramına uyğun olaraq, yarış 100 metr məsafəyə qaçış, 3000 metr kross, qumbaraatma və turnikdədartınma növləri üzrə keçirilib. Nəticəyə gəlincə, 16 nömrəli tam orta məktəbin komandası yarışın qalibi adını qazanıb. Birinciliyi 15 nömrəli tam orta məktəbin komandası ikinci, 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillələrdə başa vurublar.
Sonda yer tutan komandalara təşkilatçıların kubok və diplomları təqdim edilib.

 Ceyhun MƏMMƏDOV