Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi turnirdə 8 komanda qüvvəsini sınayıb. Olimpiya sistemi üzrə keçirilən birincilikdə Şərur, Sədərək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Babək və Naxçıvan komandaları mübarizə aparıblar. Gərgin idman şəraitində keçən turnirdə finala Culfa və Naxçıvan futzalçıları vəsiqə qazanıblar.
Birinciliyin reqlamentinə əsasən, üçüncülük uğrunda oyun keçirilməyib və yarımfinala kimi yüksələn, lakin həlledici görüşə vəsiqə qazanmaq üçün meydana çıxaraq məğlub olan Sədərək və Ordubad komandaları birinciliyi üçüncü pillədə başa vurublar. Final görüşü isə gözlənildiyindən də gərgin keçib. Culfa rayonu və Naxçıvan şəhəri komandalarının matçında azarkeşlər yalnız bir qolun şahidi olublar. Belə ki, ilk hissədə naxçıvanlı futzalçıların yeganə qolu oyunun taleyini həll edib – 0:1. Bununla onlar Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin qalibi adını qazanıblar.
Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov təqdim ediblər.

Ceyhun MƏMMƏDOV