Topaz Premyer-Liqasının VI turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası səfərdə “Xəzər-Lənkəran”la qarşılaşacaq. Lənkəran Şəhər Mərkəzi Stadionunda sabah oynanılacaq oyunun artıq hakimlər briqadası məlumdur. Belə ki, oyun baş hakim Ramil Diniyevə həvalə olunub. Fit sahibinə 90 dəqiqə ərzində Elşən Acalov və Cavanşir Yusifov köməklik edəcək. Meydana dördüncü hakim kimi isə Mahir Məmmədov çıxacaq.
Artıq “Araz-Naxçıvan” Lənkərana yola düşüb. Komandamız bu gün axşam saatlarında oyunun keçiriləcəyi arenada son məşqinə çıxacaq. Baş məşqçi Əsgər Abdullayevi bu dəfə narahat edən məqam 4 futbolçunun zədəli olmasıdır. Tərlan Xəlilov və Hüseyn Axundovun cərgəsinə son məşqdə zədələnən Elgiz Kərəmli ilə Azər Məmmədov da qoşulub. Bu futbolçuların oynayıb-oynamayacağı oyun günü bəlli olacaq. Həmçinin komandanın yeni transferi Saşa Yunisoğlunun bu görüşdə meydana çıxacağı artıq dəqiqləşib.
“Xəzər-Lənkəran” komandasına gəlincə, “ağ-yaşıllar” komandamızla oyuna iki itki ilə hazırlaşıb. Belə ki, ötən tur “Neftçi” ilə matçda qırmızı vərəqə alan Tieqo de Xesus matçı buraxmalı olacaq. Ötən gün isə məşq prosesi zamanı Lənkəran təmsilçisinin futbolçusu Qabriel Fernando ciddi zədə alıb və əməliy­yat olunub.
Qeyd edək ki, “Xəzər-Lənkəran”-“Araz-Naxçıvan” matçı sentyabrın 20-si saat 1900-da Lənkəran şəhərində keçiriləcək.

 Ceyhun MƏMMƏDOV