Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Par­alimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Şahbuz Şəhər Stadionunda paralimpiyaçılar arasında yüngül atletika üzrə (200 metr məsafəyə qaçış) yarış keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin idmana olan maraqlarını artırmaqla paralimpiyaçılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə onların asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır.
Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək vurğulayıblar ki, məhdud fiziki imkanlı şəxslərə sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə məhdud fiziki imkanlı şəxslərin yeni idman növlərinə cəlbi muxtar respublikada daim diqqət mərkəzindədir.
Yarışda 20 paralimpiyaçı bacarığını nümayiş etdirib. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV